|
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı səfiri ilə görüşübQafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə yanvarın 9-da Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyri qəbul edib. Ahlibeyt.az-ın QMİ mətbuat xidmətinə istinadən məlumatına görə, ölkəmizə yeni təyin olunmuş səfiri səmimi salamlayan Şeyxülislam A. Paşazadə ona fəaliyyətində uğurlar diləyib.Səfirin görüşmək təşəbbüsündən məmnunluğunu bildirən QMİ sədri Azərbaycan və Səudiyyə Ərəbistanı arasında mövcud qardaşlıq münasibətlərinin xalqlarımız və dövlətlərimiz üçün böyük dəyər kəsb etdiyini bildirib. Şeyxülislam A. Paşazadə xüsusi vurğuladı ki, dövlətlərimiz arasında siyasi, iqtisadi əlaqələrin inkişafı, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinin Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənməsi xalqlarımız arasında mənəvi sahədə qarşılıqlı anlaşma və ehtiramı artıran amillərdəndir: " İşğal olunmuş Azərbaycan torpaqlarında məscidlə, qəbirstanlıqların dağıdılması, islami irsimizə qarşı həyata keçirilmiş vandalizm aktlarına qarşı münasibətdə Səudiyyə Ərəbistanının beynəlxalq müstəvidə nümayiş etdirdiyi islami həmrəylik təqdirəlayiqdir. A.Paşazadə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə, habelə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə bərabər Səudiyyə Ərəbistanına, müqəddəs Məkkə və Mədinə şəhərlərinə səfərləri xatırladı, həmin səfərlər zamanı Azərbaycanlı ali qonaqlara göstərilmiş özəl diqqət və xüsusi münasibəti məmnunluqla yada salıb və müqəddəs Kəbə Evi daxilinə, Mədinədə Peyğəmbər məscidinin mübarək məqamlarına Azərbaycanın dövlət rəhbərlərinin daxil olma imkanının yaradılmasını olduqca böyük əhəmiyyət kəsb edən qardaşlıq münasibətinin təzahürü kimi dəyərləndirib. Səmimi qəbula görə QMİ sədrinə minnətdarlığını bildirən səfir Haməd bin Abdullah bin Səud bin Xudeyri Azərbaycan və Səudiyyə Ərəbistanı arasında münasibətlərin hər iki dövlət üçün böyük önəm daşıdığını bildirərək, bu əlaqələrin bütün istiqamətlər üzrə inkişafı üçün səfir olaraq əlindən gələni əsirgəməyəcəyini bildirib. O, Azərbaycanın haqq işinin Səudiyyə Ərəbistanı Krallığı tərəfindən dəstəklənməsini qardaşlıq borcu, şərəf məsələsi hesab etdiklərini xüsusi vurğuladı. Səudiyyəli səfir Azərbaycanın stabil inkişaf edən ölkə kimi görməkdən məmnunluğunu qeyd etdi və digər ölkələrlə müqayisədə Azərbaycanda müşahidə etdiyi etnik və dini sabitliyin mövcudluğunu xüsusi dəyərləndirib.Səfir qeyd edib ki, bu sabitliyin əldə olunmasında müdrik dövlət siyasətinin və dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsinin düzgün fəaliyyətinin xüsusi rolu vardır. Bu baxımdan, səfir Haməd bin Abdullah bin Səud bin Xudeyri Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin QMİ ilə əlaqələrini daha yüksək səviyyəyə qaldırmaq niyyətində olduğunu bildirib. Şeyxülislam A. Paşazadə, öz növbəsində, bu istiqamətdə əlaqələrin genişlənməsinin xalqlarımız, dövlətlərimizin mənafeyinə xidmət edəcəyini, ümumən islami maraqların nəfinə olacağına əminlik ifadə edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Yanvar, 2019 11:20 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |