|
2010-ci ilə qədər ölkədə zorakılıq boşanmaya səbəb olan əsas faktor kimi göstərilmirdiƏvvəllər ailələrdə məişət zorakılığı hallarının olması boşanmaya səbəb olmurdu. Ahlibeyt.az-ın vediyi xəbərə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov Trend-ə açıqlamasında bildirib. Komitə rəsmisinin sözlərinə görə, Azərbaycanda internetin insanların həyatına, onların tənha qalmasına, eləcə də boşanmasına təsiri güclənəcək. Bütün ölkələrdə boşanmaların sayının çoxaldığını söyləyən E.Səfərov əlavə edib ki, BMT-nin statistik məlumatlarına əsasən, ABŞ, Fransa, Böyük Britaniya, Rusiya və Almaniyada bağlanan nikahların 35-45 faizi, Bolqarıstan, Türkiyə, Yunanıstan və Macarıstanda isə 25-28 faizi boşanma ilə nəticələnir. Son dövrlərdə Azərbaycanda boşanma faizinin cüzi olsa belə, hər il artdığını deyən komitə rəsmisi bildirib ki, hazırda ölkədə məişət zorakılığı boşanmanın ən birinci səbəbi hesab edilir. Lakin E. Səfərov hesab edir ki, əvvəllər ailələrdə məişət zorakılığı hallarının olması boşanmaya səbəb olmurdu: "Bu gün isə yanaşma dəyişib. Müasir cəmiyyətdə gedən qloballaşma prosesi boşanmaya da öz təsirini göstərib. Boşanmaların səbəblərinə baxaq: Bu gün Azərbaycanda boşanmalara maliyyə problemləri təsir edir? Xeyr! 1990-cı illərdə maliyyə vəziyyəti dəfələrlə çətin idi. Bu gün ailələrdə zorakılıq törədilirmi? Bəli, törədilr. Ancaq 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində bu zorakılıq halları daha çox olurdu. Bu gün isə gənclərin zorakılığa dözümlülüyü yoxdur. İstər fiziki, istərsə də psixoloji olsun, gənc ailələr zorakılıqla razılaşmırlar. Digər tərəfdən, 2010-ci ilə qədər ölkədə zorakılıq boşanmaya səbəb olan əsas faktor kimi göstərilmirdi. 2012-ci ildən isə məişət zorakılığı ailədə boşanmaya səbəb olan əsas faktor kimi göstərilir". E.Səfərovun sözlərinə görə, problemlərdən biri nikaha daxil olan gənclərin və onların ailələrinin bir-birini yaxşı tanımamasıdır. Digər tərəfdən, ailəli gənclər problemlərinin olduğunu bilsələr də, onun həlli üçün heç bir tədbir görmürlər: "Bu gün ailənin hər hansı problemi olanda gənclər onun həlli yolunu ya evi tərk edib getməkdə, ya da boşanmaqda görürlər. Amma həmin problemin həllinə dair tərəflər arasında razılaşma olmur. Buna yanaşma tərzi dəyişib, gənclərdə özünə qapanma var. Çünki gənclər internet cəmiyyətinin içində formalaşaraq qapalı olublar. Digər dövlətlərin təcrübəsinə baxdıqda görmək olur ki, internet cəmiyyəti tənhalığa gətirib çıxarır. Ona görə Azərbaycanda da internet cəmiyyətinin insanların həyatına, insanların tənha qalmasına, eləcə də boşanmasına təsiri güclənəcək. Bu gün Böyük Britaniyada əhalinin 28 faizi tənhalıqdan müxtəlif problemlər yaşayır. Belə problem digər dövlətlərdə də var. Ona görə də Azərbaycanda bu kimi halların qarşısını almaq üçün ailə dəyərlərini qoruyaraq, gender prinsiplərinə əməl edərək cəmiyyətdə qadınlar üçün bərabər imkanlar yaradılmalıdır. Cəmiyyətdə qadınlar üçün bərabər imkanlar yaradıldıqda – ona təhsilini davam etdirmək, məşğulluğa cəlb edilmək imkanı verdikdə və s. işlər gördükdə müsbət nəticələr əldə ediləcək. Bu səbəbdən həm gender təminatı, həm də məişət zorakılığı ilə bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir". E.Səfərov əlavə edib ki, bu problemlərin həlli üçün internet resursların müsbət təsirindən bəhrələnmək, sosial şəbəkələrdə maarifləndirmə işini gücləndirmək, faydalı portalların saylarını artırmaq lazımdır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Yanvar, 2019 10:53 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |