|
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbiri keçirilibNaxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbiri keçirilib. Ahlibeyt.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və Təşkilat Komitəsinin üzvləri ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildirib, Heydər Əliyev Muzeyinə baxıblar. Sonra Ulu Öndərin abidəsi önündə xatirə şəkli çəkdirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbirində iştirak ediblər. Tədbir “Qurani-Kərim”in tilavəti ilə başlayıb. Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək deyib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə, bütövlükdə mədəniyyətimizə göstərdiyi qayğı və müəyyənləşdirdiyi siyasi xətt bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Qeyd olunub ki, “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan - 2018” loqotipi hazırlanıb və nümayiş olunub. Həmçinin üzərində loqotip əks olunmuş 100 min zərf, 100 min poçt markası, markalardan ibarət 200 buklet, 500 döş nişanı və suvenirlər, “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018”in rəsmi internet səhifəsi hazırlanıb. Naxçıvanın müasir görüntülərini, təbiətini, tarix-mədəniyyət abidələrini əks etdirən fotoşəkillər seçilərək aidiyyəti üzrə təqdim edilib və ISESCO-nun saytına yerləşdirilib. Tədbirlər Planına əsasən Naxçıvandakı türk-islam mədəniyyəti abidələrindən Möminə xatın, Yusif Küseyr oğlu, Gülüstan türbələrinin və Qarabağlar Türbə Kompleksinin ISESCO-nun siyahısına daxil edilməsi ilə bağlı müvafiq sənədlər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. . “İslamda müdrik kəlamlar”, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri”, “Naxçıvan buzxanaları”, “Naxçıvan hamamları”, “Naxçıvan türbələri” kitabları, “Naxçıvan türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda keçirilmiş beynəlxalq konfransın materialları, eləcə də məşhur naxçıvanlı mütəfəkkir Nemətullah Naxçıvaninin “Qurani-Kərim”in təfsirinə həsr olunmuş çoxcildliliyinin birinci cildi tərcümə edilərək nəşr olunub. Ötən müddətdə “Naxçıvan: türk-islam mədəniyyəti abidələri”, “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan” televiziya filmləri, “Naxçıvan-2018. İslam mədəniyyəti” video-çarxı hazırlanıb. 2018-ci il fevralın 21-də ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı kimi” mövzusunda interaktiv dərs keçirilib. 2018-ci ildə Şərur rayonunun Yengicə kəndindəki Şərq hamamında, Nehrəm imamzadəsində, Naxçıvan şəhər imamzadəsində və Kəngərli rayonundakı Qarabağlar Türbə Kompleksində əsaslı bərpa işləri aparılıb. 2018-ci il iyun ayının 20-də “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılışı olub. Açılış tədbirindən sonra muxtar respublikada bir sıra tədbirlər keçirilib.“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” tədbirləri çox mühüm ictimai-mədəni hadisə kimi qədim diyarımızın tarixində əbədi qalacaqdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Azərbaycan müstəqillik qazandıqdan sonra Naxçıvan Muxtar Respublikasında İslam dəyərlərinə yeni yanaşmanın – elmi baxışın əsası qoyulmuş, türk-islam mədəniyyəti abidələri tədqiq olunmuş, Naxçıvan İslam mədəniyyətinin əsas inkişaf mərkəzi kimi bir daha öz təsdiqini tapmışdır”. İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbirində iştirakından məmnunluğunu bildirib, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin minnətdarlığını Ali Məclisin Sədrinə çatdırıb. Qeyd olunub ki, 5 min illik tarixə malik olan Naxçıvan Qafqazın ən qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən biridir. İslam dünyasında mühüm coğrafi və strateji mövqeyə malik olan Naxçıvan şəhəri İslam alimləri tərəfindən yüksək qiymətləndirilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev deyib: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” 2016-cı il 2 iyun tarixli Sərəncamı dövlət başçısının bu tarixi hadisəyə verdiyi böyük önəmin və Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətinin təzahürüdür. Sonra “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanışı münasibətilə konsert olub. Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova xalq mahnıları və muğamlarımızı məharətlə və böyük ustalıqla ifa ediblər. “Şərur” Xalq Yallı Ansamblının ifasında təqdim olunan “Köçəri” və “Tənzərə” yallıları da alqışlarla qarşılanıb. Konsertdən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş səhnə arxasına keçərək ifaçılarla görüşüblər. İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri deyib: İfa olunan mahnılar, muğamlar və yallılar Azərbaycan xalqının özünəməxsusluğunu, tarixini və zəngin mədəni irsə malik olduğunu göstərir. Bunlar sadəcə musiqi və rəqs deyil, həm də bir xalqın qədim tarixinin yaşadılmasıdır. Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev deyib: Bugünkü konsertdə təqdim olunan bütün yaradıcılıq nümunələri UNESCO-nun siyahısına daxil edilib. Muğam ifaçılığı, tar, kamança və yallı bir daha təsdiq etdi ki, Azərbaycan xalqının yaratdığı incəsənət nümunələri bütün bəşəriyyətə məxsusdur. Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov göstərilən diqqətə və yaradıcılıqlarına verilən yüksək qiymətə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib. Sonra ifaçılarla və “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbirinin iştirakçıları ilə xatirə şəkilləri çəkdirilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Dekabr, 2018 11:07 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2024 17 Noyabr - Milli Dirçəliş Günü8 Noyabr, 2024 8 Noyabr - Azərbaycanda Zəfər Gününü qeyd edilir1 Noyabr, 2023 Noyabr ayı üçün gündəlik namazların azan cədvəli2 Oktyabr, 2023 Prezident İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik27 Sentyabr, 2023 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |