|
12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılışı olub - VİDEO12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib. Ahlibeyt.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, tədbirdə təhsil naziri Ceyhun Bayramov, ali məktəblərin rektorları, orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri iştirak ediblər. C.Bayramov bildirib ki, “Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirilən sərgiyə dünyanın 12 ölkəsindən 135 iştirakçı qatılıb. Təhsil Nazirliyinin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatların ayrı-ayrı pavilyonlarda əksini tapdığını vurğulayan nazir sərginin ziyarətçilər üçün faydalı olacağını deyib. O həmçinin vurğulayıb ki, 4 il bundan əvvəl ölkədə məktəbəhazırlıq səviyyəsi 25 faiz idi: "Ötən tədris ilində bu göstərici 65 faizə, bu il isə 75 faizə çatıb. Bundan başqa, ötən il yaşayış məntəqələrində fəaliyyətə başlayan 50 icma əsaslı təhsil növündə olan 3-5 yaş arası uşaqların sayı 1000 nəfər idisə, bu il xarici təşkilatların dəstəyi ilə 100 yaşayış məntəqəsində 2000 nəfər uşaq təhsil ala biləcək". C.Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı təsdiqləməsindən ötən 5 il ərzində təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə mühüm dövlət sənədləri qəbul edilib və layihələr həyata keçirilib: "Son dövrlərdə ali təhsilin əhatəlilik səviyyəsi əhəmiyyətli şəkildə artıb. Belə ki, 2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, əvvəlki illərlə müqayisədə rekord sayda - 41 min abituriyent tələbə adını qazanıb, 500 və daha artıq bal toplayan məzunlar arasında 2090 nəfər müəllimlik ixtisasını seçib". “Caspian Event Organisers” şirkətinin region üzrə direktoru Edvard Stroun artıq ənənəvi olaraq hər il keçirilən sərginin maraqla qarşılandığını, ziyarətçilərə təhsil müəssisəsi seçməkdə geniş imkan yaratdığını deyib. Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Qeyd edək ki, ötən illərlə müqayisədə Təhsil Nazirliyi sərgidə geniş pavilyonda təmsil olunur. Sərgi gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media təqdimatlar və ayrı-ayrı mövzulara dair mühazirələr daxildir. Sərginin baş sponsoru "Kapital Bank”dır. Sərgi Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir, təşkilatçı qismində isə "Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir. Üç gün davam edəcək 12-ci Beynəlxalq Təhsil Sərgisinə giriş yuxarı sinif şagirdləri, valideynlər, müəllim və tələbələrə açıq olacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Oktyabr, 2018 16:03 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |