إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycan İlahiyyat İnstitutu yeni layihəyə start verib

Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış ilahiyyat üzrə ixtisaslaşmış ali təhsil müəssisəsidir.

İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir.

Bu məqsədlə İnstitut fəaliyyətə başladığı gündən etibarən müxtəlif seminarlar, dəyirmi masalar keçirir.

Azərbaycanda fəaliyyət göstərən hökumət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın qurulması Azərbaycan İlahiyyat İnstitutunun qarşısına qoyduğu prioritet istiqamətlərindən biridir. Bu məqsədlə İnstitut Heydər Əliyev İrsini Araşdırma Mərkəzi(aliyevheritage.org) ilə birgə Ümummilli Liderimiz Heydər Əliyevin 95 illiyinə həsr olunan layihəyə start verib.

Layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “1905.az” internet portalının bazasında keçiriləcək. Bununla bağlı “Heydər Əliyev və multikultural dəyərlər”, “Heydər Əliyev və dövlət-din münasibətləri”,“Heydər Əliyev və milli-mənəvi dəyərlərin qorunması”, “Dini radikalizmin səbəbləri və doğurduğu nəticələr”, “Milli kimliyimizin formalaşmasında dini dəyərlərin rolu”,“Tolerantlığın Azərbaycan modeli” və s. mövzulardasilsilə diskussiyaların aparılması nəzərdə tutulub.

Diskusiyalarda ölkəmizin tanınmış ilahiyyatçılarının, fəlsəfəçilərinin və jurnalistlərinin iştirakı nəzərdə tutulub. İlk diskussiyamız 5 sentyabr 2018 - ci il tarixdə“Azərbaycanda dini təhsil: reallıqlar və perspektivlər” mövzusunda keçiriləcək.

Diskussiya Heydər Əliyev İrsini Araşdırma Mərkəzində olacaq.Layihə başa çatdıqdan sonra diskussiyaların stenoqramı əsasında kitabın nəşr edilməsi planlaşdırılıb.

Mənbə: Salamnews.org


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Avqust, 2018  15:59 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!