إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

M.Qurbanlı: “İmam Hüseyn şəhadəti öz müstəqilliyi, öz azadlğı uğrunda mübarizə aparan əsgərə, xalqa da bir nümunədir”

Bu günün özündə də bizim məscidlərdə çox qabaqcıl düşüncəyə malik, müasir dünyamızda gedən prosesləri mükəmməl bilən, elmlə dinin qarşılıqlı əlaqəsini gözəl anlayan, tolerant və multikultural dəyərləri, Azərbaycançılıq ideologiyasını mənimsəyən imamlarımız var.Onların  xütbələrinə qulaq asdıqda həmin şəxslərin nə qədər dərin biliyə malik olduğunu görə bilirik.

Ahlibeyt.az-ın məlumatına görə,bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Oxu.az-a geniş müsahibəsi zamanı bildirib.

- Mübariz müəllim, Azərbaycanda tarixən dini tolerantlıq mühiti hökm sürsə də, müstəqillik illərində zaman-zaman bu mühitə müdaxilə cəhdləri olub, dini zəmində qarşıdurma yaratmaq niyyətləri özünü göstərib. Son zamanlar da bunun şahidi olduq. Bu baxımdan, ölkənin dini mühitini necə qiymətləndirirsiniz, Azərbaycanda dini durumla bağlı bizim bilmədiyimiz ciddi təhlükə varmı?

- Hər bir ölkənin, xalqın bu və ya digər hadisələrə münasibətini, bu və ya digər məsələlərlə bağlı durumunu söyləmək üçün azacıq da olsa, onun tarixinə ekskurs etməyə ehtiyac var. Xüsusilə, din məsələsi ortada olduqda biz mütləq bir tarixi ekskurs etməliyik, çünki məşhur bir deyim var: haradan gəldiyinizi, harada olduğunuzu və haraya getdiyinizi dəqiq biləcəksinizsə, mütləq uğur qazanacaqsınız. Bu deyimi həm fərdlərə, həm də millətlərə şamil etmək olar. Haradan gəlirik, haradayıq və haraya gedirik: bu, çox vacib məsələdir. Azərbaycanın, Azərbaycan xalqının haradan gəldiyinə baxsaq, ilk növbədə yaşadığımız coğrafiyaya nəzər yetirməliyik. Əvvəla, bütün xalqlar, o cümlədən biz də din sahəsində müəyyən mərhələlərdən keçmişik və keçilən mərhələlərin coğrafi baxımdan fərqliliyi var. Məsələn, Avstraliyada yaşayan insanların  keçdiyi mərhələləri bizim keçdiyimiz mərhələlərlə eyniləşdirə bilmərik, biz, sadəcə, ətrafımızdakı xalqlar və ölkələrlə müqayisəli şəkildə buna yanaşa bilərik. Azərbaycan ərazisində zamanında Zərdüştilik, Xristianlıq və sonra İslam geniş şəkildə yayılaraq təşəkkül tapıb. İslamın yayılmasına qədər müxtəlif dinlərin bizim ərazimizdə mövcud olmasının tarixi baxımdan təsdiqini görürük. Tarix sübut edir ki, bu ərazidə Zərdüştilik olub, Qafqaz Albaniyasında Xristianlıq olub, Şimal bölgələrinin daxil olduğu Xəzər xaqanlığında yenə üç din - Xristianlıq, Yəhudilik və İslam dini mövcud olub və bunlar izsiz qalmayıb. Biz İslamı qəbul etdikdən sonra bu dinin burada tam bərqərar olması özü bir mərhələ təşkil edib, İslam bu ərazidə olan dövlətlərin siyasətində həlledici rola malik olub.
Tutaq ki, Səfəvilər dövründə, Şirvanşahlar dönəmində və ya bu ərazidə olan başqa dövlətlərin zamanında, yaxud azərbaycanlıların böyük əksəriyyətinin məskunlaşdığı İran ərazisində, Türkiyədə İslam dini təşəkkül tapıb, oturuşub. Ancaq bizim ərazidə İslam tam təşəkkül tapıb, dövlət, ictimai münasibətlər səviyyəsində öz yerini tutduqdan sonra belə, İslamdan əvvəlki dinlərdən adət-ənənələrimizə, dünyagörüşümüzə, genetik yaddaşımıza hopmuş olan bu və ya digər hadisələr, dəyərlər yaşamaqda davam edib. Azərbaycan siyasi baxımdan müxtəlif mərhələləri keçib, bunun özü də ölkədəki ictimai, siyasi, iqtisadi vəziyyətə, o cümlədən, mənəvi dəyərlərə, dinlə bağlı məsələlərə bu və ya digər formada öz təsirini saxlayıb. Bu, inkarolunmaz faktdır. Orta çağda bizə mənsub olan dövlətlərin idarəçiliyində iştirak etmişik, tam fərqli modellərlə idarə olunan dövlət qurumlarında mövcud olmuşuq. Həmçinin, Şimali Azərbaycan olaraq Çar Rusiyasının tərkibində olmuşuq, xristian dininin daşıyıcısı olan bir dövlətin tərkibində uzun müddət yaşamışıq və xristianlıqla İslamın qonşu, yanaşı yaşadığı şərait bizdə mövcud olub. Sonra Cümhuriyyət dövrü gəlir və iki illik dövlətimizin dinlə bağlı siyasəti müəyyən izlər qoyub.
Kommunist rejimi dövründə dinə münasibət, ateist siyasət, vahid kommunist ideologiyasının dini inkar etməsi, təbii ki, ictimai-siyasi və dövlət-din münasibətlərinə, o cümlədən, insanların dinə münasibətinə öz təsirini göstərib. Dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşımızda duran əsas vəzifələrdən biri dövlət-din münasibətlərini formalaşdırmaq, hansı modeli seçəcəyimizi müəyyən etmək olub. Bu modeli ümummilli lider Heydər Əliyev öncə müəllifi olduğu Konstitusiyamızda təsbit edib ki, bu model Azərbaycanda dünyəviliyi ön plana çıxarır və Azərbaycan unitar bir dövlətdir. Dünyəvi dövlətin əsas xarakterik xüsusiyyəti də odur ki, din dövlət tərəfindən himayə edilir, lakin din dövlətin siyasətinə müdaxilə etmir, dövlət də dinin daxili işlərinə, dini ayinlərin icrası ilə bağlı məsələlərə, onun verəcəyi fitvalara qarışmır. Sadə şəkildə desək, qeyd edilənlər bu anlamı verir. Bu baxımdan, Azərbaycan modeli İslam dünyasında ən nümunəvi və inkişafa mane olmayan, hər hansı bir formada xurafat elementlərinin yayılmasına imkan verməyən bir modeldir.

- Hesab edirsiniz ki, xurafat elementləri İslam dünyasının, müsəlman dövlətlərinin həyatında böyük əngəllər, manelər yaradıb və bu gün də belədir?

- Təbii ki, İslam dünyasında inkişafa xurafat xeyli dərəcədə mane olub və olur. Yəni, xurafat elementlərinin İslam ölkələrində din adı altında təbliğ, təşviq olunması və ya fitvalar şəklində zühur etməsi inkişafa böyük əngəl olub. Təəssüf ki, bəzən bu hallara rast gəlinməkdədir. İndiki şəraitdə İslam dünyası İslam Əməkdaşlıq Təşkilatında (İƏT) birləşən ölkələrdir, burada 57 ölkə təmsil olunur, Azərbaycan da bu təşkilatda iştirakçıdır və həmin İslam ölkələrinin 28-nin  Konstitusiyasında dövlətin hansı dinə, hətta bəzilərində hansı məzhəbə məxsus olduğu təsbit olunub. Amma Azərbaycan Konstitusiyasında ölkəmizin dini mənsubiyyəti konstitusion formada öz əksini tapmayıb. Hesab edirəm ki, bu, çox doğru yanaşmadır. Çünki Azərbaycan həm çoxmillətli, çoxkonfessiyalı, həm də çoxdilli, çoxmədəniyyətli bir ölkədir və belə bir ölkədə xüsusiləşmiş hansısa bir dinə üstünlük verilməsi məntiqli olmazdı. Bu siyasət özünü doğruldub və bu gün toplum olaraq Azərbaycanda xurafat elementləri başqa müsəlman ölkələrlə müqayisədə özünü az büruzə verir.
Azərbaycan cəmiyyəti dinimizə, İslami dəyərlərimizə daim sayğı ilə yanaşıb, bu gün də belədir, lakin bununla belə, dini ayinlər, dinin vacib saydığı bu və ya digər məsələlərdə Azərbaycan toplumu ardıcıl olaraq bu işlərdə iştirak etmir.

- Məsələn?

- Aşağı-yuxarı faizlərlə götürsək, 7-8 faiz civarında Azərbaycan vətəndaşı dini ayinlərin icrasında iştirak edir. Bu, həm İslama, həm xristianlığa, həm də yəhudiliyə aiddir. Nə yəhudilikdə yüzdəyüz, yaxud yüzün əllisi, qırxı, nə də xristianlıqda yüzdəyüz və ya onun yarısı səviyyəsindədir. Onlarda da cəmiyyət üzvlərinin böyük olmayan kəsimi dini ayinlərin vacib olan hissəsində iştirak edir. Məsələn, İslamın vacib olan şərtləri üzrə bir sorğu aparsaq, Azərbaycan vətəndaşlarının heç də hamısın burada iştirak etmədiyini görərik. Bu, o demək deyil ki, kimsə müsəlman deyil. İnsanın dini seçimi onun vicdan azadlığına bağlıdır və o, öz seçimini öz kökünə, tarixinə, adət-ənənələrinə bağlı olaraq edir. Lakin  onun dinlə bağlı bu və ya digər vacib olan ayinlərdə  iştirak edib-etməməsi onu həmin dindən uzaqlaşdırmır. Bu baxımdan, bu gün Azərbaycanda dövlət-din modeli özünü doğruldan bir modeldir və ölkəmizdə dini baxımdan sabit bir vəziyyət mövcuddur. Bu gün Azərbaycan dövlət müstəqilliyini birbaşa təhdid edən riskləri, demək olar ki, aradan qaldırıb. Azərbaycan üçün iqtisadi, xarici təhlükə, xarici təcavüz baxımından müstəqilliyimizə təhdid yarada bilən risklər yoxdur, həmçinin milli-mənəvi dəyərlərimizi təhdid edərək, onu assimilyasiyaya uğradıb, aradan qaldıra biləcək hər hansı bir ciddi təhlükə yoxdur. 

- Təhdidlərin olmaması nə qədər inandırıcıdır?

- Düzdür, təhdidlər ola bilər, bunlar istisna olunmur, amma təhlükəli səviyyədə deyil. O cümlədən, dini baxımdan da hansısa qrupların ölkədə ictimai-siyasi sabitliyi pozaraq, Azərbaycan dövləti və cəmiyyəti üçün böyük risklər yaradacaq səviyyədə təhdidlər yoxdur və bunlar mümkün deyil. Yəni, Konstitusiyamızdakı dünyəvilik və dövlət-din modeli praktikada özünü doğruldub, təhdidlərin önlənməsi və ya təhlükəli səviyyədə olmaması da məhz bunlarla bağlıdır. Azərbaycanda din sahəsinə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) nəzarət edir, bu yöndə dövlət siyasəti isə bizim Komitə tərəfindən həyata keçirilir. Bütövlükdə isə ölkənin ümumi siyasətini müəyyən edən dövlət başçısı səviyyəsində bu sahəyə diqqət var, dinin yeri qətiləşdirilib və bu gün Azərbaycanda din adı altında ölkəmiz üçün hər hansı bir təhlükə törətmək və ya din pərdəsi altında gizlənərək, milli dövlətçiliyimizi,  müstəqilliyimizi təhdid etmək imkanları yox dərəcəsindədir.

- Bununla belə, cəmiyyətin müəyyən, azlıq təşkil etməyən kəsimində belə bir fikir hakimdir ki, sovet dövründə insanlar dini baxımdan daha ayıq-sayıq, daha bilgili, cəhalət, xurafat elementlərindən daha çox uzaq idilər, nəinki indi. Yəni, son illər dinə kor-koranə münasibər bəsləyənlərin, cəhalətə, xurafata yuvarlananların sayı çoxluq təşkil etməkdədir. Məsələn, bir çox bölgələrdə dini təhsilə həvəs göstərənlərin sayı dünyəvi təhsilə maraq göstərənlərin sayını üstələməkdədir. Xüsusilə, qızların dünyəvi təhsildən yayındırılaraq, dini təhsilə, əslində, dinlə əlaqəsi olmayan xurafata, cahiliyyəyə cəlb edilməsi cəhdləri özünü aşkar büruzə verməkdədir. Bu baxımdan, dünyəvi dövlət quruluşumuz təhdid, təhlükə qarşısında deyilmi və bu hansısa məqamda özünü daha aşkar, daha riskli şəkildə ortaya qoymazmı?

- Bu fikirlərlə razı deyiləm. Çünki sovet dövründə din məişət səviyyəsinə endirilmişdi. O dövrdə İslam dini insanları yalnız dəfn etmək mərasimləri ilə məhdudlaşırdı, dini anlayış burada sona yetirdi. Sovet dövründə cəmi 17 məscid fəaliyyət göstərirdi və onların fəaliyyəti sovetlərə təbliğat vasitəsi üçün lazım idi. 
Keçmiş SSRİ qapalı dövlət, qapalı sistem idi, onun vətəndaşlarının xarici ölkələrə sərbəst gediş-gəlişi faktiki mümkün deyildi. Sovet vətəndaşlarının, bəlkə də, cəmi bir faizi xarici ölkələrə gedib, gəlmişdilər. Yəni, belə bir qapalı sistemdə insanların dini bilgiləri də çox aşağı səviyyədə idi. O dövrlərdə bütün dinlər üzrə mərasimlər insanların cənazə mərasimlərinin və bir də çox məşhur bayramların, dini ayinlərin icrası ilə məhdudlaşırdı, ondan o tərəfə getmək mümkün deyildi. İndi isə müstəqil Azərbaycan açıq dövlətdir, sərhədlərimiz açıqdır. Həmçinin, ətrafımızdakı ölkələrə diqqət yetirək. İran İslam Respublikasında 80 milyondan artıq insan yaşayır. Qardaş, dost Türkiyədə əhali 80 milyona yaxınlaşmaq həddindədir və bizə qonşu olan elə bu iki ölkənin əhalisinin sayı 160-165 milyona çatır. Bizim vətəndaşların ən çox gedib-gəldiyi ölkələr İran, Türkiyə və Rusiyadır. Bu gediş-gəliş, təbii ki, müxtəlif məsələlərə olduğu kimi, dini məsələlərə də təsirsiz qalmır. 
Odur ki, insanların dinlə bağlı bilgilərinin artması, dini ayinlərə qatılma faizinin yüksəlməsi, 7-8 faiz civarında təşkil etməsi (sovetlər dövründə, bu, sıfırın altında idi) qorxulu, təhlükəli bir tendensiya deyil. Əgər sovetlər dövründə Məkkəyə, Həcc ziyarətinə gedənləri tək-tük, barmaqla saymaq olurdusa, bu il təkcə 1400 müsəlman Həcc ziyarətinə yola düşüb. Həmçinin, o dövrdə oruc tutan, namaz qılan və digər ayinləri yerinə yetirən insanların sayı da çox deyildi. Çünki bunun üçün şərait mövcud deyildi. Bunu icra etdirməyə qadir olan din xadimləri yox idi. Amma indi din xadimlərinin sayının artımı özünü göstərməkdədir. Məscidlərin sayı 17-dən 2500-ə çatıb. İnsanların azad şəkildə kilsəyə, sinaqoqa, məscidə getməsi üçün hər cür şərait mövcuddur. Xurafat elementlərinə, cahiliyyəyə gəlincə, əgər bu elementlər falçıların yanına getməklə ölçülürsə, sovet dövründə falçıların yanına gedənlərin sayı indikindən qat-qat çox idi. Sovetlər dövründə dini bilgisizlik dinlə bağlı cəhalət, xurafat elementlərini daha qabarıq şəkildə büruzə verirdi, nəinki bu gün...

- Hər halda təəssüf doğran məqam odur ki, hələ də dünyəvi ölkəmizdə belə elementlər, onların daşıyıcıları mövcud olmaqdadır...

- Əlbəttə, bu günün özündə xurafat və cəhalət elementləri müəyyən hallarda özünü göstərir, amma bu, təhlükə, təşviş doğuracaq bir səviyyədə deyil. Məsələn, İmam Hüseyn əzadarlığında müxtəlif qançıxarma, zəncirvurma, baş yarma və sair kimi hallar hələ də mövcuddur və bunlar, əslində, dinimizdə qəbul edilməyən hallardır. QMİ də bununla bağlı fitva verib, yəni, bunun əvəzində qanvermə aksiyaları təşkil edib. Bu gün Türkiyədə, İranda da bu praktikanı tətbiq etməyə başlayıblar. Ona görə dini ayinlər üzrə imkanların artması dini toplumun və onun içərisində isə xurafat elementlərinin artımını qabarıq göstərir. 
Eyni zamanda, sovet dövründə KİV indiki qədər operativ deyildi. İndi dünyanın hansı guşəsində nə baş verirsə, dərhal onu izləyə, o haqda geniş məlumat ala bilirik. Məsələn, bir yoldaş bir gün mənə dedi ki, elə bil zəlzələlər, daşqınlar əvvəllər az idi, mən isə cavab verdim ki, elə əvvəllər də indiki kimi idi, sadəcə,  əvvəllər məlumat az idi. Həmin hadisələr o zamanlar da mövcud idi, biz, sadəcə, gec xəbər tuturduq və ya tutmurduq. İndi isə dünyada elm, yüksək texnologiyalar dövrüdür və dünyanın istənilən yerində baş verən hadisəni anında bilmək, izləmək olur. Sovet dövründə məlumatların gizlədilməsi halları da vardı. Yəni, o dövrdə baş verən daşqınların, təbii fəlakətlərin çoxu insanlardan gizlədilirdi. Əslində, sizin sual geniş izahat, təhlil tələb edir, geniş təhlillər aparılmadan bunlara cavab vermək doğru olmaz. Amma bizim də müəyyən qədər təhlillərimiz, məscidlərdə apardığımız monitorinqlərin nəticələri var. Bunun hesabına müəyyən nəticələr əldə edə bilirik. Məsələn, sovet dövründə məscidlərə namaz qalmağa gələn insanların sayı ilə indikilərin arasında böyük fərq var. Buna görə də bəzən cəmiyyətdə zahirən belə bir görüntü yaranır ki, sanki dindarlığın səviyyəsi artıb və sair.
Əvvəla, dinə meyillilikdən  qorxmaq lazım deyil. İnsanların dini bilgisinin artması, dini ayinləri icra etməsi hər hansı bir halda xurafat elementi deyil. İnsanların namaz qılması, oruc tutması, ziyarətə getməsində təhlükəli bir hal yoxdur. Qorxulu odur ki, kimlərsə dini siyasiləşdirmək, kimlərsə din adı altında öz mənhus məqsədlərinə çatmaq istəyir. Kimlərsə din adı altında gəncləri yoldan çıxarıb, onları zombiləşdirir və onlardan istifadə edərək, müxtəlif təxribatları, müəyyən faicələri törədir. Yaxın Şərq ölkələrindəki hadisələr bunu bir daha göz önünə gətirir və bir daha buna qiymət verir ki, bu cür hallar nəyin nəticəsində olub. Bunlar dinin siyasiləşdirilməsinin, din adı altında gizlənən qrupların öz məqsədlərinə çatmasının, terror əməlləri törətməsinin nəticəsidir. Odur ki, Azərbaycanda din üzrə məsələlərdə cəhalət və xurafatın artması məsələsi yox, sadəcə, din üzrə imkanların, ayinlərdə iştirak edənlərin sayının artması var. Amma bütövlükdə dini maarifləndirmə işinin həm bizim Komitə tərəfindən, həm digər qurumlar, o cümlədən, QMİ tərəfindən aparılması bizi bu cür geriləmələrdən qoruyur, qoruyacaq və qorumalıdır. 
Bizdə İlahiyyat İnstitutu təsis olunub, bu il növbəti qəbul keçirilib və əminəm ki, bu elm ocağının hazırladığı kadrlar növbəti mərhələlərdə məscidlərdə çalışanda bu məsələləri daha gözəl izah edəcəklər.
Bu günün özündə də bizim məscidlərdə çox qabaqcıl düşüncəyə malik, müasir dünyamızda gedən prosesləri mükəmməl bilən, elmlə dinin qarşılıqlı əlaqəsini gözəl anlayan, tolerant və multikultural dəyərləri, Azərbaycançılıq ideologiyasını mənimsəyən imamlarımız var. Onların  xütbələrinə qulaq asdıqda həmin şəxslərin nə qədər dərin biliyə malik olduğunu görə bilirik. Amma bəzi çatışmazlıqlar hələ də qalır və bir çox məsələlər var ki, biz onları yerinə yetirməliyik.

- Qarşıdan Məhərrəm ayı, Aşura gəlir. Bildiyiniz kimi, bəzən bu mərasimlərdən öz məqsədləri, maraqları üçün istifadə etməyə, ölkədəki dini mühiti, bütövlükdə cəmiyyəti gərginləşdirməyə cəhd edən qüvvələr olur. Bu il bu məsələdə vəziyyət necədir, hansısa xoşagəlməz hallar baş verə bilərmi, bu barədə sizə hansısa siqnallar daxil olubmu?

- Bilirsiniz, vaxtilə Azərbaycan ərazisində Məhərrəmlik mərasimləri teatrlaşdırılmış səhnələr formasında həyata keçirilib. Hətta Kərbəla çölünə oxşar səhnələr qurularaq, orada məxsusi olaraq, Kərbəla hadisələrinin elementlərini təkrar etmək səviyyəsində mərasimlər keçirilib və bu mərasimlər günlərlə davam edib. Sovetlərdən əvvəl də, sovet dönəmində də bu cür mərasimlərə cəhdlər olub. Hətta sovet dönəminin ideoloji baxımdan ən kəskin dövründə dinə təzyiqlər göstərildiyi, ateizmin tüğyan etdiyi vaxtlarda belə, bu cür cəhdlər olub. “Əli və Nino” romanında Əlinin Bakıda Məhərrəm ayında səhnələşdirilmiş tədbirdə iştirakı təsvir olunur, hətta Nino Əliyə deyir ki, səni gördüm, sən orada mərasimə qatılmışıdın, qabaqda dayanmışdın, Kərbəla hadisəsinin hansısa iştirakçısı rolunu oynayırdın və sairə. Əlbəttə, bu, bir teatr deyildi, buna şərti teatrlaşdırılmış səhnələr deyirik, şəbeh formasında olan məsələlərdir. Məsələn, Kərbəla düzündə baş vermiş hadisəni bir növ təkrar etmək, uşaqları susuz saxlamaq kimi səhnələr icra olunurdu. Hətta heç kim Yezid olmaq istəmirdi. Azərbaycan müsəlman dünyasının bir parçasıdır, Azərbaycanda İslamın oturuşmuş məzhəbləri formalaşıb, heç kim bunları inkar edə bilməz. Azərbaycanın bir özəlliyi də odur ki, ölkəmizdə məzhəblərarası ziddiyyət başqa müsəlman ölkələri ilə müqayisədə çox aşağı səviyyədə olub və heç vaxt üst qata çıxmayıb, heç vaxt qarşıdurma səviyyəsinə qalxmayıb.
Biz “Vəhdət” adlı film sifariş vermişik, bu yaxınlarda onu geniş ictimaiyyətə təqdim edəcəyik. Həmin “Vəhdət” filmində də tarixə ekskursiya olunur. Azərbaycanda əhli-sünnə, əhli-şiənin necə birgə tolerant mühitdə yaşadığını, “Vəhdət”də olduğunu göstərir. Eyni zamanda, bizdə “Vəhdət” namazları qılınır, Heydər məscidindən başlayaraq, digər məscidlərdə bu namazlar icra olunur. Azərbaycanın özəlliklərindən biri də odur ki, biz bu məzhəblərin bir-birinə qarşı olmasını müşahidə etməmişik. Azərbaycanda əhli-sünnənin əksəriyyət təşkil etdiyi bölgələrdə belə, İmam Hüseyn əzadarlığı həyata keçirilib. Əhli-şiələrin yaşadığı bölgələrlə bərabər onlar da bu əzadarlıqda iştirak ediblər, edirlər. 
Bununla belə, İmam Hüseynin şəhadəti bu gün tək İslam aləmində deyil, dünyada qəbul olunmuş bir şəhadətdir. Yəni, öz əqidəsi, öz amalları uğrunda mübarizə aparan bir şəxsin şəhadəti nümunə olaraq qeyd edilir, təqdir olunur. İmam Hüseyn şəhadəti öz müstəqilliyi, öz azadlğı uğrunda  mübarizə  aparan əsgərə, xalqa da bir nümunədir. Ona görə İmam Hüseyn şəhadəti haqqında məscidlərdə danışılanda, moizələr söylənəndə bizim imamlarımız mütləq orada bu şəhadətin zirvəsini qeyd etməklə bərabər, vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizi də yad edir, onların bu cür şəhadətə qovuşduğunu bildirirlər. Yəni, artıq dövr dəyişdikcə, fərqli yanaşmalar yaranır. İndi şəbeh çıxarmaq, Kərbəla hadisələrinə həsr olunmuş səhnələr göstərmək, bunlar artıq zamanın gerisində qalıb. Bəli, müasir dövrümüzdə İmam Hüseyn əzadarlığı qeyd olunur, yəni, şiələrin olduğu ölkələrdə bunlar müxtəlif şəkildə qeyd edilir və bu, onların öz daxili işidir. Amma əsas odur ki, İmam Hüseyn şəhadəti yad edilir. Bunu yad etmək üçün isə indi heç də Kərbəla hadisələrini hansısa şəbeh formasında təkrar etməyə ehtiyac yoxdur. Onu yad edərkən, İmam Hüseyn şəhadətini, onun qəhrəmanlığını göstərib, ondan ibrət dərsi, nümunə götürmək olar və lazımdır. Yoxsa, baş yarmaq, qan çıxarmaq, zəncir vurmaq düzgün deyil. Bunlar xurafat elementləridir və çox əlamətdar haldır ki, artıq bəzi tək-tük faktları nəzərə almasaq, son illər Azərbaycanda belə hallara yol verənlər yoxdur.

- Bu yöndə statistika varmı, statistika nəyi göstərir?

- Komitədə ötən ilin məlumatları var və demək olar ki, heç bir məsciddə qançıxarma, baş yarmaq, zəncirvurma halları (cüzi istisnalarla) qeydə alınmayıb. Bəli, müəyyən dərəcədə sinə döymə, ağı demə məqamları var ki, onlar da artıq fərqli çalar almaqdadır. Yəni, insanlar artıq könüllü şəkildə anlayır ki, belə hərəkətlərin dinə heç bir aidiyyəti yoxdur. Artıq Məhərrəm ayında, Aşurada qanvermə aksiyalarında iştirak edən vətəndaşlarımızın, inanclı insanlarımızın sayı artmaqdadır. Bununla yanaşı, bəzən hələ də belə hallara rast gəlinir ki, xanımlarımız məscidlərə gələrkən özləri ilə azyaşlı uşaqları da gətirirlər. Əslində, onların oraya gətirilməsinə ehtiyac yoxdur, çünki orada çox zaman sıxlıq, qələbəlik olur, yəni, ora uşaqların yeri deyil. Və yaxud da, görürsən ki, azyaşlı uşaqların başını bağlayırlar, dini paltarlar geyindirirlər, onların fotolarını yayırlar. Axı, bunlara nə ehtiyac var? Bunları reklam etməklə nə demək istəyirlər? İslam yeganə dindir ki, orada Allahla bəndəsi arasında vasitəçiyə ehtiyac qalmır, Allahla bəndəsi özü birbaşa təmas qura bilir. Belə olan halda, İslamdan, onun buyurduqlarından kənara çıxmaq nəyə lazımdır? Hər bir kəsin inancı, namaz qılması, oruc tutması, dini ayinləri icra etməsi onun öz şəxsi seçimidir. Kimsə kiməsə yön verə bilməz. Onu reklam etməyə, qabartmağa nə ehtiyac var? Bəzən bunları anlamaq olmur. Amma hesab edirəm ki, bunlar da zaman-zaman öz yoluna, axarına düşəcək. 
Eyni zamanda, kimlərsə artıq İmam Hüseyn əzadarlğı ilə bağlı mərasimlərdən öz niyyətlərini həyata keçirmək üçün istifadə edə bilməyəcəklər. Artıq, bu, mümkün deyil. Bu baxımdan, hər zaman olduğu kimi, bu il də Məhərəm ayı, İmam Hüseyn əzadarlığı çox sakit bir şəkildə baş tutacaq, hansısa təhlükəli məqam yaşanmayacaq. Buna elə ilk növbədə inanclı insanlarımız özü yol verməyəcək.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Avqust, 2018  10:46 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!