إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

M.Qurbanlı: Cəmiyyətin həyatında dinin böyük rolu var

Cəmiyyətin həyatında dinin böyük rolu var. O, insanların həyatının ayrılmaz parçasıdır. Belə olan halda insanlar müxtəlif mənbələrdən dini biliklər əldə etməyə çalışır. Bunun mənfi tərəfi isə yaranmış fürsətdən radikal meyilli qrupların məharətlə istifadə etməsi və bilgisiz insanları öz təsir dairələrinə salmağa səy göstərməsidir.

Ahlibeyt.az-ın İslam.az-a istinadən məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

“Azərbaycanlı yeniyetmə və gənclərin ilkin dini bilikləri internet resurslarından, cəmiyyətdəki təsadüfi şəxslərdən və ya dinlə bağlı lazımi qədər məlumata malik olmayan valideynlərindən alması məqsədəuyğun hesab edilmir”, - deyən komitə sədrinin sözlərinə görə, bu sadalanan “mənbələr” yetərli dini biliklərə və ortaq dini düşüncəyə malik olmadıqları üçün gənclərin dini dünyagörüşünün formalaşması işi onlara etibar edilə bilməz:

“Odur ki, vətəndaşlarımıza hələ yeniyetmə dövründə eyni mənbədən, fərqli izahlara yol açılmadan ilkin dini biliklər verilməlidir.

Yalnız bu halda yeniyetmələrin sonradan yad təsirlərə məruz qalması ehtimalı məhdudlaşacaq, İslam və digər dinləri əxlaq və mənəviyyat nöqteyi-nəzərindən əxz etmiş gənclərimizi radikal, məzhəbçi ruhda yenidən tərbiyə etmək, demək olar ki, mümkünsüz olacaq”.

Komitə sədri deyib ki, hazırda bizim məktəblərdə tədris olunan “Həyat bilgisi” fənni tələbi tam ödəyə bilmir.

“Əksər ölkələrdə, o cümlədən, qonşu Gürcüstan və Rusiyada bu prosesə artıq başlanıb. Hazırda Rusiyanın ümumtəhsil məktəblərində “Dini mədəniyyətlərin və dünyəvi etikanın əsasları” adlı fənn tədris olunur.

Dövlət Komitəsi bu sahədə mövcud reallığı nəzərə alaraq, ümumtəhsil məktəblərində dinlərlə bağlı tədris ediləcək mövzuları hazırlayaraq müvafiq qurumlara təqdim edib”, - deyə, M.Qurbanlı əlavə edib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Avqust, 2018  12:56 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!