|
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilmiş müsabiqənin nəticələri açıqlanıbİqtisadiyyat Nazirliyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı KİV nümayəndələri arasında keçirdiyi müsabiqənin nəticələri açıqlanıb. Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, nazirlik rəsmilərinin və KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb. Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov vurğulayıb ki, bu il yaranmasının 100-cü ildönümünü qeyd olunan və müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 yaşasa da, milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün zəmin yaradıb: "AXC dövründə milli ordu quruculuğu, maarif və mədəniyyət, xaricdə təhsil sahələrində, eləcə də ölkənin sosial-iqtisadi inkişafı və xarici iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətində mühüm işlər görülüb. Belə ki, o dövrdə neft sənayesi ağır vəziyyətdən çıxarılıb, bir çox infrastruktur layihələri reallaşdırılıb, milli pul nişanları tədavülə buraxılıb, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirilib, Azərbaycan Dövlət Bankı yaradılıb və s". Qeyd olunub ki, AXC dövründə başlanılan, amma başa çatdırılmayan bir çox işlər XX əsrin 90-cı illərində müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası tərəfindən həyata keçirilib: "Əsası ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizin hərtərəfli inkişaf modeli Azərbaycan Xalq Cümhuriyyətinin ali arzularının həyata keçirilməsinə gözəl nümunədir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası möhkəm və sarsılmaz təməl üzərində hərtərəfli inkişaf dövrünü yaşayır. Dayanıqlı və davamlı inkişaf edən Azərbaycan dünyada etibarlı tərəfdaş, beynəlxalq layihələrin təşəbbüskarı və fəal iştirakçısı, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, dünya miqyasında əhəmiyyətli tranzit mərkəzidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Cümhuriyyətin yaranmasının 100-cü ildönümünə həsr olunmuş tədbirdə qeyd etdiyi kimi, “Əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünki Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər”. Niyazi Səfərov 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini bu, dövlət başçısının tariximizə göstərdiyi böyük diqqətin göstəricisi olduğunu vurğulayıb. Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov çıxış edərək, İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilən müsabiqələrdə, eləcə də "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı" mövzusunda keçirilən müsabiqədə KİV-in fəal iştirak etdiyini bildirmiş, iştirakçıları təbrik edərək, müsabiqənin təşkilinə görə İqtisadiyyat Nazirliyinə təşəkkür edib. Azərbaycan Respublikası yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli dövlət başçısının ölkəmizdə medianın inkişafına xüsusi diqqət və qayğı göstərdiyini vurğulayaraq KİV nümayəndələri arasında belə müsabiqələrin təşkilinin önəmini qeyd edib. İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri, Müsabiqə Komissiyasının sədri Ayaz Əliyev diqqətə çatdırıb ki, Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin böyük əksəriyyəti jurnalist olub. XX əsrin əvvəllərində fəaliyyət göstərən demokratik yönümlü mətbuat orqanları xalqı narahat edən problemlərə həssas yanaşıb, azadlıq, istiqlalçılıq, türkçülük ideyalarını təbliğ ediblər. Bildirilib ki, İqtisadiyyat Nazirliyi AXC dövrünün iqtisadiyyatına bir daha nəzərə salmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası ilə birgə KİV nümayəndələri arasında müsabiqə elan edib. Müsabiqəyə ümumilikdə 85 məqalə təqdim edilib. Bütün materiallar İqtisadiyyat Nazirliyində yaradılmış Komissiya tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. Tədbirdə qaliblər elan olunub, onlara diplomlar və mükafatlar təqdim edilib. Müsabiqənin digər iştirakçılarına da diplom və hədiyyələr verilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 İyul, 2018 13:08 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |