إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Allahşükür Paşazadə Fransanın tanınmış yazıçısı Jerar Kardonu qəbul edib

İyulun 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Fransanın tanınmış yazıçısı Jerar Kardonu qəbul edib.

Ahlibeyt.az-ın QMİ mətbuat xidmətinə sitinadən məlumatına görə,  Strasburq şəhərində fəaliyyət göstərən Beynəlxalq Reyn dərnəyinin prezidenti, Elzas Universitetində mühazirələr oxuyan, Fransanın bir çox ali dövlət mükafatlarına layiq görülmüş Jerar Kardonun humanitar məsələlər, dünyada qadın hüquqları, habelə münaqişələrə dair onlarla əsəri dünyanın müxtəlif dillərinə tərcümə olunub.

Qonağı səmimi salamlayan Şeyxülislam A. Paşazadə Fransaya səfərlərini, bu səfərlər zamanı ölkənin müsəlman din xadimləri, habelə Fransa kardinalları ilə görüşlərini, iştirak etdiyi beynəlxalq tədbirləri xatırladaraq ölkə barədə təəssüratlarını bölüşüb. Şeyxülislam həzrətləri ölkələrimiz arasında münasibətlərin son illərdə daha da inkişaf etdiyini, bunun mədəni-mənəvi sahələri də ehtiva etdiyini bildirib.

Azərbaycan mədəniyyəti və tarixinə çox böyük maraq göstərən, Elzas regionunda Azərbaycanın təbliğində yaxından iştirak edən J.Kardon ölkəmizlə bağlı əsər yazmaq niyyətində olduğunu Şeyxülislamın diqqətinə çatdıraraq  öz kitabında Azərbaycanda dini mühitin özəllikləri barədə fikirlərinin də yer alacağını vurğulayıb.

QMİ sədri Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dövlətin dini dəyərlərə, dini abidələrə qayğı və diqqəti barədə, habelə dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsinin dini maarifləndirmə istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı danışıb. Dünyada gedən proseslər fonunda, dini və milli zəmində ekstremizmin tüğyan etməsinə təkan verən hadisələrin səngimədiyi bir zamanda Azərbaycanın multikulturalizm diyarı kimi bəşəriyyətə təqdim etdiyi nümunəvi modelin əhəmiyyəti qeyd olunub.

QMİ sədri bildirib ki, Azərbaycan dünyada nadir məkanlardandır ki, dini və məzhəb ayrıseçkiliyinə yol verilmir, burada şiələr və sünnilər eyni məsciddə bərabər namaz qılırlar. Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik vətəndaşlar dövlətin diqqətini, maddi və mənəvi qaygısını, himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Məscid, kilsə, sinaqoq və digər dini məbədlər dövlətimizin dəstəyi ilə təmir, bərpa olunur, yeniləri inşa edilir. Şeyxülislam vurğuladı ki, bu, bizim həyat tərzimizdir, dövlət rəhbərimizin vətəndaşlarımız üçün yaratdığı şəraitin bəhrəsidir.

Şeyxülislam A. Paşazadə Azərbaycanın dinlərarası dialoq işinə dövlət səviyyəsində verdiyi töhfələrdən, dövlət başçımızın bilavasitə təşəbbüsləri ilə elan olunmuş Multikulturalizm və İslam Həmrəyliyi illəri barədə, bu illər çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə ölkəmizdə və dünyanın bir sıra ölkələrində keçirilmiş Beynəlxalq Konfranslar barədə qonağa ətraflı məlumat verib.

QMİ sədri 2017-ci ilin dekabrında Bakı şəhərində keçirilmiş Beynəlxalq  Konfransın iştirakçılarının müasir dünyada mövcud olan problem və çağırışları nəzərə alaraq, dinlər və mədəniyyətlər arası dialoqun inkişaf etdirilməsini zəruri sayaraq, bu prosesin davamlılığını təmin etmək məramı ilə «Dialoqdan həmrəyliyə: dinlər və sivilizasiyalararası əməkdaşlıq» Mərkəzi yaradılması barədə qərara gəldiyini fransalı qonağın diqqətinə çatdırdı. Bakıda daimi fəaliyyət göstərəcək Mərkəzin QMİ-də yerləşdyini, artıq Mərkəzin Himayədarlar və Məşvərət Şuralarının təsdiq olunduğunu və Mərkəzin xəttilə ilin sonuna kimi Bakıda, Almaniya və İspaniyada Beynəlxalq Konfransların keçiriləcəyini bildirdi. Şeyxülislam A. Paşazadənin mərkəzi Vyanada yerləşən KAİSİİD Benəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının yeganə müsəlman din xadimi üzvü kimi, habelə həmsədri olduğu MDB Dinlərarası Şurasının, sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının fəaliyyəti qonağın diqqətinə səbəb oldu.

O, indiyədək Azərbaycan və Ermənistan dini liderləri arasında görüşlərin tarixi ilə maraqlandı və belə birbaşa ünsiyyətlətin olduqca unikal və dəyərli təcrübə olduğunu qeyd edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlandığı zamanda etibarən erməni dini liderləri ilə keçirdiyi görüşlər barədə qonağa geniş məlumat vermiş,Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi münaqişənin sülh yolu ilə ədalətli həllinə yardımını əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib.

QMİ sədri Azərbaycanın dini-mənəvi həyatı ilə bağlı fransalı qonağı maraqlandıran sualları cavablandırdı.

Görüşün sonunda qonağa QMİ-nin fəaliyyətini əks etdirən kitab və albomlar, habelə xatirə hədiyyəsi təqdim olundu.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 İyul, 2018  10:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!