إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycan xalqı dövlətçiliyə sadiqdir

Ölkəmizdə unikal dövlət-din münasibətləri, dinlərarası, məzhəblərarası münasibətlər modeli var

Gəncədə baş verən hadisələr sui-qəsd və milli-mənəvi dəyərlərimizin tapdalanmasıdır. Bu cinayəti törədənlərin insanların inancından sui-istiadə etmək üçün özlərini dindar kimi təqdim etmələrinə baxmayaraq, tam məsuliyyətlə deyirəm ki, Azərbaycanın inanclı insanları dövlətçiliyimizin yanındadırlar və Gəncə hadisəsi bunu bir daha sübut etdi.

Çünki orada məhdud sayda, bir qrup şəxs iğtişaşlar törətməyə cəhd göstərdi və Gəncənin inanclı insanları belələrinə heç bir dəstək vermədilər, əksinə, onları qınadılar, iğtişaş törətməyə çalışanlarla heç bir aidiyyətlərinin olmadığını vurğuladılar.

Ümumiyyətlə, bunu heç vaxt unutmamalıyıq ki, din insanları zorakılığa, qarşıdurmaya dəvət edə bilməz. Dinin əsas missiyası cəmiyyətdə birlik, vəhdət yaratmaq, insanları bir-birinə mehriban etməkdir. Görünür, kimlərsə, Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq üçün din faktorundan istifadə etməyə cəhd göstərirlər. Ola bilər ki, bu kənardan olan qüvvələrdir. Onlar daxildə belə satqınlar vasitəsi ilə öz çirkin məqsədlərinə çatmaq istəyirlər. Amma Azərbaycan xalqı buna heç cür imkan verməyəcək. Çünki ölkəmizdə radikallığın heç zaman sosial bazası olmayıb. Azərbaycanın inanclı insanlarının təsəvvüründə din Allaha və yaranmışlara məhəbbət, millətə, vətənə sevgidir.

Son illər Yaxın Şərqdə radikalların törətdikləri cinayətlərin acı nəticələri göz önündədir. Neçə ölkə viran qalıb. Həmin ölkələrin daxilində vətəndaş müharibəsi baş verir və yüzlərlə, minlərlə insan həyatını itirir. Belə dəhşətli halların Azərbaycanda da təkrarlanması böyük faciələrə yol aça bilər. Heç vəchlə buna imkan vermək olmaz və əslində, mən bunu mümkünsüz hesab edirəm. Çünki Azərbaycan xalqı dövlətçiliyə sadiq bir xalqdır. Gəncə əhalisi milli-mənəvi dəyərlərimizə bağlı insanlardır. Ona görə də ölkəmizdə bu halların təkrarlanması qeyri-mümkün görünür.

Azərbaycanda unikal dövlət-din münasibətlər modeli, dinlərarası, məzhəblərarası münasibətlər modeli var. Ölkəmizin tarixinin heç bir dövründə, heç zaman dini zəmində qarşıdurma baş verməyib. Azərbaycanın məscidlərində vəhdət namazları qılınır.

Bu kimi halların Azərbaycanda genişlənməsinin qeyri-mümkün olduğuna inanıram. Ümid edirəm ki, çox qısa müddətdə cinayətkarlar öz layiqli cəzalarını alacaqlar.

Hacı Şahin HƏSƏNLİ,

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi

Mənbə: http://www.azerbaijan-news.az  (Azərbaycan Respublikasının Milli Məclisi Orqanı)

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 İyul, 2018  14:24 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!