|
Ənənəvi inanc və milli ideyamızİyulun 13-ü ilahiyyatçı Hacı Şahin Həsənli Azərbaycan İlahiyyat İnstitutunda "Çoxmilli və çoxkonfessional Azərbaycan xalqının milli birlik ideyalarının formalaşmasında ənənəvi inancların rolu" mövzusunda keçirilən elmi seminarda çıxış edib. Çıxıçın mətnini oxucularımıza təqdim edirik:
Azərbaycan xalqının etnogenezi və mədəniyyətinin formalaşması olduqca mürəkkəb və qarışıq şəraitdə cərəyan edib. Bu baxımdan tarixdə elə bir dönəmə rast gəlmək mümkün deyil ki, Azərbaycan əhalisi monoetnik və monokonfessional olsun. Xristianlıq, zərdüştilik, yəhudilik, İslam və onların müxtəlif qollarına mənsub Türk, Qafqaz, Hind-Avropa xalqları bu coğrafiyada əsrlərlə bir arada sülh içində yaşayıblar. Azərbaycanlıların həmişə dominant dini inancı və bu inanca dayanan vahid dəyərlər sistemi olsa da, hər bir etnik və konfessional qrup özünü bu millətin ayrılmaz hissəsi sayıb və mədəniyyətimizin zənginləşməsinə öz töhfəsini verib. Müasir Azərbaycanın milli kimliyi və rəngarəng mədəniyyəti əsrlərin sınağından çıxmış bu tarixi irsin səmərəsidir.
Tarixə qısa ekskurs etdikdə görərik ki, Azərbaycan xalqının dəyətlər sistemi mürəkkəb bir şəraitdə formalaşıb. Daim böyük imperiyaların maraq dairəsində olan ölkəmiz, qüdrətli qonşularla əhatə olunmasına baxmayaraq müsətqilliyini və özəlliyini əsrlərlə qoruya bilib. Bəzən isə özü regionun güc mərkəzinə çevirilərək tarixi dəyişikliklərin vətəni olub. Əgər Albaniya və Şirvanşahlar tarixi yaddaşımıza müstəqilliik rəmzi kimi düşüblərsə, xürrəmilər və səfəvilər xalqımızın milli ideyasının formalaşmasında mühüm rol oynayıblar. Həm xürrəmilər, həm səfəvilər xalqımızın böyük bir missiya daşıdığına, yer üzündə nümunəvi bir cəmiyyətin qura biləcəyinə inanırdılar. Mürəkkəb tarixi proseslərin cərəyan etdiyi bir regionda yerləşməyimiz bizdə bir immunitet və özünəməxsus ruhiyyə formalaşdırıb ki, müasir dönəmdə də bu mənəvi irsimizə söykənə bilərik. Bunun üçün ilk öncə tarixi və mənəvi irsimizin əsas ünsürlərini müəyyən etməliyik.
Azərbaycan ərazisində heç zaman din hansısa təbəqənin inhisarlığında olan bir nəsnə olmayıb. Bundan əlavə din həmişə xalqın ruhuna uyğun şəkildə mənimsənib və xalqın iradəsi ilə yayılıb. Məsələn, İslamın bu ərazilərdə asanlıqla yayılması daha öncəki əsrlərdə xalqın mənəvi axtarışları ilə bağlı idi. Uzun əsrlər İran və Bizans mədəniyyətləri, zərdüştilik və xristianlıq, habelə bu dinlərin müxtəlif qolları arasında rəqabət Azərbaycanda mənəvi axtarışlar üçün bir zəmin yaratdı və xalqımız İslam ideyaları ilə mənəvi bir uyğunluq tapdı. Hətta İslamı qəbul etdikdən sonra Azərbaycan mənəvi axtarışlarını davam edir, xalq arasında müxtəlif irfani cərəyanlar yaranırdı. Bütün bunları həm də onu göstərir ki, xalqımız Allaha sırf ehkamçılıq və ya rasionallıq vasitəsilə deyil, həm də ilahi və insani eşq vasitəsilə bağlanırdı. Yaxın Şərqi bürüyən ehkamçı-filosof-sufi qarşıdurmaları vətənimizdən nəinki yan keçdi, hətta zahirən uyğunsuz görsənən bu dünyagörüşlər qəribə şəkildə sintez olundu. Bu səbəbdəndir ki, xürufiliklə nəqşbəndilik, kubrəviyyəlik və xəlvətiyyəlik, sünnülklə şiəlik, İslamla xrsitianlıq və yəhudilik, hətta zərdüştilik bu ölkədə sülh və əmin-amanlıq içində mövcud olub. Müsəlman aləminin pereferiyasında yerləşən məmləkətimiz Bağdad, Qahirə və Şam kimi orta əsr mədəniyyət mərkəzlərinə nüfuz edən ideyalar ixrac edirdi.
Azərbdaycanda din heç zaman siyasi alət olmayıb, əksinə xalqın inancı ilə dövlətçilik bir-birini tamamlayıb. Bu ərazilərdə qurulan dövlətlər, onların müstəqilliyi və özəlliyi, mədəni və mənəvi tərəqqisi xalqın inancından doğurdu. Məsələn, xürrəmilərin meydana gəlməsi və ya səfəvilərin yeni dövlət qurması hansısa sülalənin və ya qrupun işi deyildi, xalq əzminin nəticəsi idi. Rusiya işğalından sonra da ruslaşdırma siyasətinə rəğmən Azərbaycanda milli ziyalılar və burjuaziya formalaşdı. Təsadüfi deyil ki, XIX əsrin sonları-XX əsrin əvvəllərində yaşayıb-yaradan mütəfəkkirlərimiz öz maarifçi missiyasını bütün müsəlman dünyasına daşıya bildilər. Onlar Azərbaycan timsalında müsəlman aləminin müstəmləkəçilik və mədəni gerilikdən qurtula və nümunəvi bir cəmiyyət qura biləcəyinə inanırdılar. Rusiyanın kiçik bir müstəmləkəsi Afrikadan Hindistana qədər böyük bir coğrafiyanın düşüncə lokomotivinə çevirilə bildi. Həm maarifçilərimiz, həm xeyriyyəçilərimiz xalq arasından çıxır və xalqın ruhunu əks etdirməyə çalışırdı deyə, Rusiya imperiyasının digər müsəlman müstəmləkələrindən fərqli olaraq biz öz kimliyimizi tam şəkildə qoruya və Cumhuriyyət qura bildik. Eyni səbəbdən Azərbaycanın 1991-ci ildə əldə etdiyi müstəqillik Sovetlər İttifaqının dağılmasının təbii nəticəsi deyil, xalqın azadlıq əzminin səmərəsi idi.
Maraqlısı da ondadır ki, tarixən bu birliyi və əzmi nümayiş etdirən xalqın dominant hissəsi olsa da, çoxmilli və çoxkonfessional tərkibi olub. Deməli, xalqın çoxluğunun inancından doğan ideya və dəyərlər mahiyyətcə digər etnik və dini qruplara da doğma olub. Eyni zamanda bu dəyərlər tolerantlıq və qarşılıqlı məhəbbət əsasında yaşamaq üçün zəmin rolu oynayıb. Məsələn, Novruz və Aşura adətləri konkret dini ayinlər olsa da, Azərbaycanda ümumiləşib, hamınınkılaşıb. Ona görə də Novruz və Aşura bütün qadağa və təpkilərə rəğmən xalq arasında yaşadı. Novruz İslamdan öncəki, Aşura İslamdan sonrakı tarixi yaddaşın simvoluna çevirildi. Birincisi haqq-ədalətin, xeyir və rifahın, bir sözlə baharın qış üzərində mütləq qələbəsini, digəri isə bu yolda fədakarlığın zəruriliyini tərənnüm edir. Burada bir yəhudi müsəlman pirinə gedir, bir müsəlman xrisitian kilsəsi inşa edir, bir xristian imam süfrəsi açır, şiə ilə sünnü birlikdə namaz qılır, bir birinin müqəddəs ocaqlarını ziyarət edirlər. Digər ölkələrdə olan dini və milli zəmində ayrılmış məhəllələr mövcud deyil Azərbaycan şəhərlərində. Hətta erməni işğalı başlayanda belə, xalqımız ksenofobiya mərəzinə tutulmadı. Bizim üçün adi görsənən bu məsələ dünyanın aparıcı ölkələri üçün əlçatmaz olaraq qalır. Bu tarixi irsi yaşatmaq və anlamaq gərəkdir.
Bir düşünsək, hansı Azərbaycan dahisini sırf Azərbaycanla məhdudlaşdırmaq olar? Bu ərazilərdə yaranan ideya və hərəkatların hansını sırf Azərbaycana məxsus edə bilərik? İctimai-siyasi konsepsiya və ilk siyasi utopiya müəllifi olan Nizami ("Xəmsə"), insan psixologiyası və özinkişafını əks etdirən Füzuli ("Leyli və Məcnun"), mühüm epistemoloji nəzəriyyə sahibi Bəhmənyar ("Təhsil"), dövlət idarəçiliyi nəzəriyyəçisi olan Tusi ("Əxlaqi-Nasiri"), maarifçi və reformatorlar Axundzadə, Sabir və Zərdabi, Şərq musiqi sənətinin islahatçısı Hacıbəyli, müsəlman dünyasının cümhuriyyətçilik ideoloqu Rəsulzadə və tariximizin digər görkəmli simaları dini və etnik sərhədləri aşaraq bütün dünyaya səslənməyi bacarıblar.
Deyildiyi kimi, bu irsin qorunması ilə yanaşı, onun mahiyyətini anlamaq da gərəkdir. Çünki bu qəribə və örnək olan bir model icbari siyasətin və qanuni məhdudiyyətlərin deyil, xalqın iradəsinin nəticəsidir. Eyni zamanda bütün bunlar milli birliyin və milli ideyanın varlığından xəbər verir. Təbii ki, millətə bu gücü verən onun inanclarından doğan özünəinam və milli ideyadır. Bəzilərinin kənarda axtardığı yollardan qat-qat mütərəqqi və effektiv mexanizmlər cəmiyyətimizdə əsrlərlə mövcud olub. Tarixən biz xüsusi missiya daşıdığımıza inanmış və bu yolda böyük nəaliyyətlər əldə etmişik. Son iki yüz il ərzində dünyanın ideoloji və mədəni transformasiyaları fonunda Azərbaycanın özünəməxsusluğunu qoruyub saxlaması və bir çox sahələrdə öncüllük göstərməsi gələcəyə ümidləri artırır. XVII əsrdə Aropada Vestfal sülhü ilə kökü qoyulan beynəlxalq sistem, XVII əsrdə Avropada kartezianlıqla kökü qoyulan yeni düşüncə paratiqması, XVII əsrdə Avropada burjua inqilabları ilə kökü qoyulan siyasi ideologiyalar XX əsrin ortalarından etibarən bütün dünyaya sirayət etsə də, artıq öz böhran dövrünü yaşamaqdadır. Klassik dövlət, iqtisad, suverenlik, elm, məntiq, həqiqət, hüquq, dəyərlər anlayışları itməkdə olsa da, yerinə effektiv alternativlər təqdim olunmur. Bu axtarışların nə qədər çəkəcəyi və hansı təlatümlərlə müşahidə olunacağını təsəvvür etmək belə çətindir. Təbii ki, bu böhrandan yalnız alternativ çıxış yoluna və ayağı altında möhkəm mənəvi zəminə malik olan millətlər çıxa biləcəklər. Düşünürük ki, Azərbaycan nadir ölkələrdəndir ki, belə bir milli ideyaya malikdir.
Qeyd olunanlardan əlavə, XXI əsr çox ciddi və təhlükəli tendensiyalarla başladı. Bu kütləvi radikallaşma və qütbləşmə, ekstremizm, beynəlxalq terrorizm, beynəlxalq prinsip və hüquqların tapdanması, domino effekti ilə yayılan hərbi, siyasi və iqtisadi böhranlar, Facebook inqilabları, ideoloji eklektizm, yeni imperializm və s. hər bir ölkənin taleyini sual altına alır. Hadisələr bəzən idarəolunmaz fəlakətə çevirilir. Bu potensial təhlükələr qarşısında millətin bir immuniteti olmalıdır ki, böhranlı vəziyyətləri ötə və ya aşa bilsin.
Günümüzdə qeyd olunan problemlərin Azərbaycanda da süni şəkildə yaradılmasına cəhd edildiyini açıq-aşkar müşahidə etməkdəyik. Demək olar ki, elə bir sosial sahə yoxdur ki, orada destruktiv cəhdlərə rast gəlinməsin. Bizə elə gəlir ki, radikallıq yalnız dini müstəvidə baş qaldırır. Xeyr. Müasir incəsənət, elmi maarifçilik, siyasi aydınlaşma, konformizmlə mübarizə adı ilə meydana gələn radikal dəyişikliklərlə dini radikallğın qaynağı eynidir. Hətta bu radikallıqla zövqlərin kütləvi bayağılaşmasının, təhlillərin səthiləşməsinin, yanaşmaların birtərəfli olmasının mənşəyi birdir. Müstəqillik dönəmindən bu yana yad mədəniyyətlər və xarici dövlətlətlər müqabilində özünəinamsızlığa səbəb olan aşırı özünütənqidlər səsləndirilir. Qeyri-sağlam məcraya yönələn tənqidlər sayəsində planlı şəkildə elə təsəvvürlər yaradılır ki, sanki ölkəmizdə olan problemlər dünyanın heç bir yerində yoxdur və bu problemlərin kökündə milli kimliyimiz durur. Hərçənd cəmiyyətimizin qarşılaşdığı problemlər böhran duruma düşmüş və ideallaşdırılan dövlətlərin qurduğu qlobal sistemin təsirləridir. Azərbaycan cəmiyyətinə, ümumiyyətlə azərbaycanlı ruhuna radikallıq, ifratçılıq, kəskinlik heç zaman xas olmayıb. Tariximizdə irsilik, məntiqi ardıcıllıq və tədrici dəyişikliklər hökm sürür, spontan inqilablar yox. Bu baxımdan ilk olaraq ənənəvi dəyərlərimiz, inanclarımız və onların formalaşdırdığı ictimai şüurumuz hədəfə alınır, daha sonra hər bir hadisəyə siyasi rəng vermək cəhdi göstərilir. Birinci vasitə ilə natamamlıq aşılıyaraq gözlərimizi xarici ideoloqlara yönəltməyə, ikincisi ilə daimi gərginlik yaratmağa çalışırlar. Bu mexanizmlə istənilən an ölkənin taleyini xarici maraqlara uyğun dəyişməyə cəhd etmək istəyirlər. Bu təhlükələrə qarşı immuniteti yalnız əsrlərlə formalaşan milli ideya yarada bilər.
hacishahin.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 İyul, 2018 14:15 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |