Utopiya və tarix fəlsəfəsi
Utopiya (yunancadan ου-τοπος – mövcud olmayan yer) – mövcud cəmiyyətə alternativ olan mükəməl bir cəmiyyətin təsvirinə deyilir. Utopiyadakı ictimai düzən, qanun-qaydalar, əmək və istirahətin təşkili, siyasi quruluş və s. həmahəngliyə, kamilliyə malikdir. Belə bir cəmiyyətdə ehtiyaca, zora, hərbə, yalana yer yoxdur. Tarixə ənənəvi yanaşma utopiya ideyasını heç cür qəbul edə bilməsə də, etiraf olunmalıdır ki, ümidsiz heç bir şey ola bilməz. Dərinə getdikdə antiutopistlərin tənqid etdikləri inkişafın özü deyil, ayrı-ayrı utopistlərin inkişafa subyektiv yanaşmasıdır. Bundan əlavə, əgər bəşəriyyət bütün ümidlərinə rəğmən indiyədək ideal cəmiyyət yaratmayıbsa, bu heç də həmin cəmiyyətin mümkünsüzlüyünə dəlalət etmir.
Utopiyanın əsasında müasir cəmiyyətin tənqidi, mövcud ictimai quruluşdan narazılıq, bir sözlə status kvo ilə razılaşmama durur. Lakin qeyd olunduğu kimi, utopiya subyektiv təsvirdir. Quldarlıq dövründə yaşayan müəllif üçün ideal cəmiyyət bir cürdürsə, feodal dövrdə yaşayan üçün başqa cür. İlk dəfə utopiya termin olaraq Tomas Mor tərəfindən istifadə olunub. Eyniadlı əsərində Mor feodal cəmiyətdə kralların zülmünü, o zamanın qanunlarını tənqid edirərək islahat proqramı təklif edir. Onun ideal cəmiyyət görüşü kommunist cəmiyyətini xatırladır, bir fərqlə ki,. Utipoyada bütün dinlərə dözümlük var, qadağa olunmuş yeganə din ateizmdir. Cəmiyyət ağıla əsaslanan qanunlarla idarə olunur. Utopiyada qadınlar kişilərlə bərabərhüquqlu, tədris dindən azad, ölüm hökmü isə yoxdur. Tədqiqatçılar hesab edirlər ki, Morun ideyaları Əflatunun “Dövlət” əsərindən qaynaqlanır və ona görə də ilk utopik cəmiyyətin təsviri məhz Əflatuna məxsusdur.
Əflatun tarixçi olmayıb, onun dünyaya idealist baxışı ilə baxması bir qədər tarixi hadisələrin analizinə imkan vermirdi. Lakin, məhz öz idealizminə görə Əflatun “qızıl əsr” barədə dini çalarlardan azad ilk fəlsəfi traktatın müəllifi oldu. Onun təsvir etdiyi ideal polis (şəhər-dövlət) zəmaninin ideal dövlət etalonuna çevirildi. Əflatunun mükəmməl dövləti ədaləti rəhbər tutan filosoflar tərəfindən idarə olunmalıdır. Burada eqoizmə yer yoxdur, hamı ümumi rifah naminə çalışır. İdeal polisdəki düzənə müasir insan gözü ilə nəzər salsaq, onu ideallıqdan çox uzaq görərik – kommunizmi, quldarlığı, icbari asketizmi özündə cəmləşdirən qəribə bir düzən. Lakin, quldarlığın alternativsiz olduğu bir cəmiyyətdə Əflatunun polisi həqiqətəndə nümunəvi sayıla bilərdi.
Antik dünyanın xristianlaşması ilə tarixi proses və ideal cəmiyyət barədə fəlsəfi mülahizələr sxolastik rəngə boyanmağa başladı. Artıq araşdırma obyekti Ellada və ya Romanın tarixi deyil, ümumbəşəri tarix oldu. Xristian təlimlərinə görə, bütün insanlar vahid ilahi qədərin icraçısı olduqlarından tarix İsa Məsihin səltənətinin qurulması ilə bitəcək vahid bir proses kimi meydana çıxır. Xristian sxolastlarının tarixşünaslıq elminə gətirdiyi maraqlı yenilik Danyəl peyğəmbərin Babilistan şahı Buxtunəssərin yuxusunu yozması ilə bağlıdır. Şah röyalarında bədəni dörd müxtəlif materialdan – gümüş, mis, dəmir və gildən olan bir büt görür. Danyəl peyğəmbər yuxunu yozaraq xəbərdarlıq edir – dünyada dörd böyük səltənət qurulacaq.Əhdi Ətiq müfəssirləri birinci səltənətin elə Babilistanın özünün, ikincisinin isə Roma imperiyasının olduğunu deyirdilər. Roma imperiyası iki hissəyə parçalandıqdan sonra katoliklər üçüncü səltənəti Roma Katolik Kilsəsini, pravoslavlar isə Bizans imperiyasının olduğunu deyirdilər. Dördüncü, yəni sonuncu səltənət Həzrət İsanın qeybi qüdrəti sayəsində yaranmalı idi. Buna da Messiya Səltənəti deyirlər. Bizansın süqutundan sonra pravoslav mütəfəkkirləri Rus dövlətini üçüncü səltənətin davamı kimi təqdim etməyə başladılar. Yəni yunanlar Roma papası ilə ittifaq bağladığına görə, Tanrı onlara qəzəblənmiş, üçüncü səltənət quruculuğu şərəfini onlardan almış və digər pravoslav xalqa – ruslara inayət etmişdir.
Bu hadisələrə parallel olaraq İslam aləmində də ideal cəmiyyət barədə fikirlər səslənməyə başladı. Lakin filosoflar İmam Məhdinin zühur dövründən deyil, ideal dövlət barədə fikirlər irəli sürürdülər. İdeal cəmiyyətin nümunəsi kimi “Mədineyi-Səadət”, yəni Məhəmməd peyğəmbərin (s) rəhbərliyi dönəmindəki Mədinə şəhəri çıxış edirdi. Bu dövlətdə qərarlar məşvərət yolu ilə verilir, insanlar arasında etimad hökm sürür, hakim sadə vətəndaşlardan fərqlənmir, dövlətin gəliri bütün cəmiyyət üzvləri arasında bölüşdürülür və s. Fərabi bu konsepsiyanı daha da genişləndirərək “Mədineyi-fəzilə” yəni “fəzilətli şəhər” adlı ideal quruluş təqdim edir. Bu dövlətdə əsas məqsədi insan fəzilətlərini üzə çıxartmaqdır, fəzilətli fərdlər cəmiyyəti yaratmaqdır. Yəni dövlət insanın daxili potensialını üzə çıxarmaq üçün şərait yaradarsa, ideal sayıla bilər. Hacə Nəsirəddin Tusi üçün ideal cəmiyyətdə mənəvi ustad funksiyasını yerinə yetirən bir tədbir sahibi olmalı, yüksək əxlaq sahibi olan vətəndaşlar arasında isə yekdillik hökm sürməlidir. Tusi belə cəmiyyəti digər şərq mütəfəkkirlərinin istifadə etdiyi terminlə - “camiyeyi-fazilə” (“fəzilətli camiyə”) adlandırır. Daha sonra qeyd etdiyi kimi, bəşəriyyət vahid cəmiyyət olaraq vahid liderə möhtacdır, bu lider insanlığın ümumi maraqlarını qorumaqla yanaşı, hər bir fərdin ayrılıqda mənafelərinin keşiyində durmalıdır. Hacə bəşəriyyəti birləşməyə meyilli olduğunu, ümumbəşəri dövlətin qurulacağını bildirərək, əsrlər öncə qloballaşmanı insanlığın mənəvi bir tələbatı kimi dəyərləndirirdi. Çünki, bütün varlıq aləmi Vahid Allahın nurundan yaranıb, Vahid Allahın nuru bütün varlıq aləminə nüfuz etmişdir. Belədə, kim nəinki bəşəri, həmçinin yaradılış aləminin birliyinə daha yaxın olarsa, daha kamil olar.
Təbii elmlərin inkişafı sahəsində alimlər belə qənaətə gəlirdilər ki, təbiət – müəyyən qanunlara söykənən vahid bir fenomendir. Təbiətdə hər bir şey səbəb-nəticə qanunu ilə idarə olunur və bununla da hər bir hadisə özündən qabaqkı hadisələrlə sıx bağlıdır. İnsan da təbiətin bir hissəsi olduğu üçün, cəmiətin də eyni qanunlara tabe olmasını iddia etmək olar. Bu baxımdan insan cəmiyyətinin təkamülü təbiətin təkamülünün ayrılmaz hissəsi və qeyri-iradi elan olundu. Spenserə görə, sosial təkamül Böyük Təkamülün bir hissəsidir. Yəni, bütün varlıq aləmi təkamülə doğru irəlilədiyinə görə, insanlıq da həm maddi həm mənəvi cəhətdən təkamül edir, sülh və əmin-amanlıq bütün dünyaya hakim olur.
Pozitivizmin banisi Ogüst Kont isə bəşəriyyətin birləşərək “Böyük varlığa” çeviriləcəyini deyirdi. Elm inkişaf etdikcə insanların düçüncəsi abstrakt məlumatlara deyil, təcrübə yolu ilə isbatlanan faktlara əsaslanır. Bu zaman insanlar elmi biliklərə əsaslanan siyasi sistem qururlar. Lakin Kontun fikrincə, bəşəriyyət yalnız ağıl əsasında “Böyük varlığa” mevirilə bilməz, bunun üçün mənəviyyata, hissə da ehtiyac var. Bu zaman insanlıq ikinci dəfə dinə müraciət edəcək, elmə əsaslanan dinə. Dinin insanlara aşıladığı məhəbbət kor-koranə deyil, dərk olunmuş olacaq.
Spenser və Kontdan fərqli olaraq, Hegel tarix fəlsəfəsinin mərkəzində insan iradəsini qoyur. Alman filosofu təfəkkürlə varlıq aləmi arasında eyniyyət görür və bu baxımdan onun fikrincə, tarix insanın Mütləq Şüuru (Kamalı) tanımasına doğru aparan bir prosesdir. Özü də bu proses insanın özünütanımasından keçməlidir. Yəni varlıq aləmi Mütləq Şüurdan doğduğu üçün, insan şüurlanıb özünü dərk etməklə öz kamil mənbəsinə qayıtmış olur. O zaman bəşəriyyət kamillik və əbədiyyət dönəminə qədəm qoymuş olacaq.
Təkamülün qeyri-iradi olduğunu və ümumbəşəri bərabərliklə - kommunizmlə nəticələnəcəyini deyən Karl Marks insanın əmək vasitəsilə təbiətlə əlaqəyə girməsi barədə konsepsiya irəli sürdü. Tarixi prosesin mühərriki kimi insan əməyini təqdim edən Marks bəşəriyyətin icbari surətdə müəyyən tarixi formasiyalardan (quruluşlardan) keçdiyini və keçəcəyini yazırdı. Beləliklə, ibtidai cəmiyyətdə əmək az səmərəli olduğundan hamı bərabərdir. Sonra əmək alətləri icad olunur və həmin alətlərə malik insanlar daha çox məhsul əldə edir. Əmək vasitələri artıq hamıya məxsus deyil, ayrı-ayrı fərdlərin əmlakı olur. Yəni, cəmiyyətdə ilk dəfə özəl əmlak yaranır. Bu isə cəmiyyətdə bərabərsizliyə, bərabərsizlik isə sinfi mübarizəyə səbəb olur. İstehsal vasitələrinə malik olan siniflər məhrum təbəqələri istismar edir. Siniflər arasında mübarizə, yəni məhrumların öz haqqları uğrunda savaşması istehsal vasitələrinin də ümumi olmasına gətirib çıxaracaq. Kommunizm adlanan bu dönəmdə nə özəl əmlak olacaq, nə siniflər.
Bu arada kamilliyin son olub olmaması barədə sual ortaya çıxır. Məşhur rus filosofu Nikolay Berdyayev, təkamülü ölümə bərabər tutur. Lakin bu ölüm həyatın dayanması deyil, yeni mərhələyə keçiddir. Tarixin sonunda kamala yetişən insan müqəddəslik mərhələsinə qədəm qoyur və azadlığını itirir. İnsan bir növ məsum olur, ilahi iradənin icraçısına çevirilir. Nəfsin zəncirlərindən azad olan insanlar zatən eyniləşirlər, hamı eyni cür kamil olur, düzəlməli bir cəhət qalmadığından isə, cəmiyyətdə hərəkət itir. Berdyayev bəşəriyyətin ölümünü bu mənada anlayır.
“Gələcək axtarışında” kitabından çıxarışlar əsasında hazırlanıb (ardı var)