إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Dini təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda konfrans keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dini təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda konfrans keçirilib.

Ahlibeyt.az-ın İslam.az-a istinadən məlumatına görə, tədbirdə DQİDK-nın və Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi, Qafqaz Müsəlmanları İdarəsinin, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəsmi şəxsləri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, ilahiyyatçı alimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Komitə sədri Mübariz Qurbanlı bildirib ki, prezidentin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan İlahiyyat İnstitutu yaradılıb:  "Tədbir sözügedən institutun fəaliyyəti barədə ictimai müzakirələr aparılması məqsədi ilə təşkil edilib”.

Komitə sədri qeyd edib ki, Azərbaycanda islam dini üzrə mütəxəssislərin hazırlanması ilk dəfə deyil: “Bu, əvvəllər də olub, amma o vaxt məscidlərin fəaliyyətinin məhdudlaşdırılması bu işə maneə yaradırdı ki, bu da dini təhsilin səviyyəsini aşağı salırdı. Sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərib. O vaxt din deyərkən dəfn mərasimi başa düşülürdü. Müstəqilliyimizdən sonra bu gün ölkədə fəaliyyət göstərən məscidlərdə çalışan din xadimlərinin bir hissəsi təhsil almış şəxslərdir. Artıq Azərbaycanda yüksək ixtisaslı ali təhsil verəcək İlahiyyat İnstitutu yaradılıb. Tək İslam dini ilə bağlı deyil, digər dinlərlə bağlı da təhsil veriləcək. Burada təhsil ödənişsiz olduğundan gənclərin xarici ölkələrə getməsinə lüzum qalmayacaq. Eyni zamanda, institutda həm bakalavr, həm magistr, həm də doktorantura pilləsi üzrə təhsilin olması planlaşdırılır. Bundan başqa, indiyədək fəaliyyət göstərən Bakı İslam Universiteti fəaliyyətini davam etdirəcək”.

Daha sonra mövzu barədə Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovun məruzəsi dinlənilib. O, İlahiyyat İnstitutunda müxtəlif dinlərin tədris metodlarından danışıb.

Konfransda Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili və  AMEA-nın müxbir üzvü, Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri Könül Bünyadzadə çıxış ediblər.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 İyun, 2018  13:43 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!