|
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 100 il ötür1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi"ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi. Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edə bilmişdi. 1920-ci ildə Azərbaycan sovet işğalına məruz qaldıqdan sonra hərbi nazirlik ləğv olundu, ordumuzun 15 generalı bolşeviklər tərəfindən güllələndi. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu. 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyev iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə müasir Azərbaycan Ordusunun hərbi paradı keçirildi. Növbəti hərbi parad 2013-cü ildə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyinə həsr edildi. Bu gün isə Ordumuzun 100 illiyinə həsr olunan parad keçirilir. Son illər ərzində Azərbaycan hərbi potensialını xeyli artırıb. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Azərbaycan Ordusu bu gücünü 2016-cı ilin aprel ayında bir daha sübut etdi. 1994-cü il mayın 12-də cəbhədə rəsmən atəşkəs elan olunmasına baxmayaraq, ermənilər hələ də atəşkəs rejimini pozmaqda davam edirlər. Lakin Azərbaycan Ordusunun qəhrəman əsgərləri ön xətdə düşmənə layiqli cavab verir, işğalçı ordunun təxribatlarının qarşısını qətiyyətlə alırlar. 2016-cı ilin aprelində Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenidən düşmənə öz gücünü göstərdi. 2016-cı il aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı. Ermənistan silahlı qüvvələri bu döyüşlərdə böyük itkilər verdi. Düşmənin 320-dən artıq hərbçisi məhv edildi, 500-dən artıq hərbi qulluqçusu yaralandı, 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılmasına imkan verən strateji mövqelər ələ keçirildi. Ali Baş Komandanın daimi nəzarəti, diqqət və qayğısı, eyni zamanda, Müdafiə Nazirliyi rəhbərliyinin düzgün qurduğu fəaliyyət nəticəsində Ordumuzun üzüağ çıxdığı bu əməliyyatın ən böyük nəticələrindən biri odur ki, Azərbaycan Ordusu mənəvi-psixoloji, döyüş ruhu, sosial, ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq baxımdan Ermənistan ordusunu nə qədər qabaqladığını ortaya qoydu və düşmən də bu üstünlüyü tam anladı. Erməni ictimaiyyəti bu prosesdə gerilədiyini, uduzduğunu öz üzərində açıq-aydın hiss etdi. Atəşkəs elan edildikdən keçən dövr ərzində ermənilər ilk dəfə törətdikləri təxribata görə cavablarını aldılar və bu düşmən üçün gözlənilməz olduğu qədər də layiqli cavab oldu. Azərbaycan Ordusunun daha bir uğurundan danışmaq yerinə düşər. Bu yaxınlarda Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Ordusunun keçirdiyi əməliyyatı da Silahlı Qüvvələrimizin uğurları sırasındadır. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Azərbaycan Ordusu beynəlxalq terrorizmə qarşı mübarizədə fəallıq göstərir. Ölkənin Sülhməramlı Qüvvələri Əfqanıstandakı koalisiya əməliyyatlarında iştirak edir. Bir sözlə, 100 illik tarixi olan Azərbaycan Ordusu tezliklə işğal altındakı torpaqlarımızı azad edəcək. Ordumuz buna qadirdir. Azərtac
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 İyun, 2018 10:20 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |