|
Elmar Məmmədyarov BMT-nin Baş katibi ilə görüşübXarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorka səfəri çərçivəsində BMT-nin Baş katibi Antonio Quttereşlə görüşüb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə "Report"a Azərbaycan XİN-in Mətbuat xidmətindən məlumat verilib. Görüşdə nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Antonio Quttereşə çatdırıb. A.Quttereş Prezident İlham Əliyevlə görüşlərini məmnunluqla xatırladığını deyərək onun salam və xoş arzularının çatdırılmasını xahiş edib. BMT-nin Baş katibi nazir Elmar Məmmədyarovu Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə təbrik edib. Baş katib BMT və Azərbaycan arasında əməkdaşlığı yüksək qiymətləndirib, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına və mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi dəstək və töhfəni, ilk növbədə Bakı Prosesi də daxil olmaqla müvəffəqiyyətlə həyata keçirdiyi təşəbbüsləri xüsusilə qeyd edib. Nazir Elmar Məmmədyarov Azərbaycanın müstəqilliyinin ilk illərində BMT və onun ixtisaslaşmış təşkilatlarının Azərbaycana dəstəyinin, xüsusilə Ermənistanın təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşən vətəndaşlarımızın humanitar problemlərinin həll edilməsi məqsədilə göstərdiyi yardımların yüksək qiymətləndirildiyini bildirib. Milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi barədə məlumat verən nazir Elmar Məmmədyarov ölkəmizdə həyata keçirilən iqtisadi və sosial təmayüllü islahatlar, qeyri-neft sektorunun inkişafı, Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən irimiqyaslı və trans-regional nəqliyyat və enerji layihələri, o cümlədən Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb marşrutları və Cənub Qaz Layihəsi barədə danışıb. O, Azərbaycanın BMT Baş katibinin BMT sisteminin islahatı və BMT-nin münaqişələrin qarşısının alınması və həlli məsələlərində rolunun artırılması istiqamətində səylərini dəstəklədiyini nəzərə çatdıraraq bütün üzv dövlətlər tərəfindən BMT Nizamnaməsi əsasında üzərlərinə düşən öhdəliklərin yerinə yetirilməsinin vacibliyinə diqqəti çəkib. Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov Ermənistanın beynəlxalq hüquqa zidd şəkildə Azərbaycana qarşı gücdən istifadə etdiyini və Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etdiyini qeyd edərək münaqişənin regional sülhə və regionun hərtərəfli inkişafına ciddi təhdid yaratdığını vurğulayıb. O, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin münaqişənin həllinin əsasını təşkil etdiyini deyərək Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz dogma torpaqlarına qayıtmasının təmin edilməsi üçün beynəlxalq səylərin artırılmasının zəruriliyinə diqqəti çəkib. Nazir BMT Baş katibinin davamlı əsasda bəyanatlarla çıxış edərək münaqişənin həlli üzrə substantiv danışıqları dəstəkləməsinin yüksək qiymətləndirildiyini qeyd edib. Görüşdə tərəflər qarşılıqlı maraq doğuran və BMT-nin gündəliyində duran məsələlər barəsində geniş fikir mübadiləsi aparıblar.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 İyun, 2018 11:26 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |