إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bakıda şəhid ailələri və Qarabağ müharibəsi veteranları üçün iftar süfrəsi təşkil olunub

Mayın 29-da Bakıda Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi veteranları üçün iftar süfrəsi təşkil olunub.

Ahlibeyt.az-ın DQİDK-nin mətbuat xidmətinə istinadən məlumatına görə, tədbiri giriş sözü ilə açan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov iftar süfrəsinə təşrif gətirənlərə xoş arzularını bildirib, onları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib. M.İsmayılov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına verdiyi önəmdən bəhs edib. Bildirib ki, Prezidentimiz tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən də dini ziyarətgahların əsaslı təmiri və yenidənqurulmasına xüsusi qayğı göstərir. İslam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir. M.İsmayılov vurğulayıb ki, dövlət başçısının Fərmanı ilə yaradılan  Fondun əsas fəaliyyət istiqamətlərini də milli-mənəvi dəyərlərin qorunması və təbliği, bu istiqamətdə maarifləndirmə işinin aparılması təşkil edir.

Fondun icraçı direktoru, eyni zamanda şəhidlik məqamının dinimizdə yüksək qiymətləndirildiyini qeyd edib, dövlətimizin şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi(DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı diqqətə çatdırıb ki, xalqımız əsrlərboyu öz milli və dini dəyərlərinə sadiq qalıb, özünün adət-ənənələrini yaşadıb. Dini dəyərlərimiz içərisində Ramazan ayının isə özünəməxsus yeri var.

DQİDK sədrinin birinci müavini islami dəyərlərin qorunub saxlanılmasının Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib. Bildirib ki, dövlət başçısının hər il Ramazan ayında İslam və qeyri-islam dini konfessiyalarının nümayəndələri ilə iftar süfrəsində iştirak etməsi Prezidentin milli-mənəvi və dini dəyərlərə həssas münasibətini bir daha təcəssüm etdirir.

Sonda şəhidlərin ruhuna dualar oxunub.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 May, 2018  10:28 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!