Esxatologiya
Təkamül axtarışında olan insan nə etməli olduğunu bilmək üçün daim gələcəyini öyrənmək istəyir. Kimisi gələcəyi pessimist, kimisi optimist çalarlarda görür. Bəziləri qəlblərində bəslədiyi ümidlərin puça çıxacağına, bəziləri doğrulmuş olacağına inanır. Hər halda insan gələcəyini öyrənməyə can atır. İlk insanlar da bütün biliklərini dini mənbələrdən aldıqları kimi, tarixin sonluğu barədə də təsəvvürlərini dini etiqadlar - esxatologiya üzərində qururdular. Araşdırma obyekti olaraq məhdəviyyat bir sıra elmlərin diqqət mərkəzindədir. İslam ənənəsində məhdəviyyat əqaid (İslam doqmaları), Məhdinin şəxsiyyəti isə tarix kontekstində araşdırılır. Bütün dinlərin məhədviyyat ideyaları isə, esxatologiya çərçivəsində öyrənilir. Exsatologiya (qədim yunancadan ἔσχατον — “son”, “axır” və λόγος — “söz”, “elm”) dünyanın sonu, messianın zühuru, Qiyamət, Axirət, tarixin sonu barədə dini baxışlar sistemidir, həmçinin qeyd olunan mövzuları öyrənən ilahiyyat sahəsidir. Yəhudi-xristian ilahiyyatında esxatologiya iki qismə bölünür: fərdi və ümumdünya. Fərdi esxotologiya ölümdən sonrakı həyat, ümumdünya esxotologiyası isə tarixin sonu barədə təlimləri ehtiva edir. Esxatologiya məhdəviyat problematikasını yalnız yəhudi-xristisan ənənəsi ilə məhdudlaşdırmır, həmçinin digər dinlərin də nəzəriyyələrini tədqiq edir. Göründüyü kimi, esxotologiya məhdəviyyatı sırf dini nöqteyi nəzərdən öyrənir. Müasir zamanda messionizm ictimai-siyasi konsepsiya olaraq fəlsəfə, tarix, politologiya, sosiologiya və futurologiya kimi bir sıra elmi fənnlərin tədqiqat obyektidir.
Bəzi tədqiqatçıların fikrincə, qədim dövrlərdə esxatoloji baxışlar yalnız təkallahlıq dinlərinə məxsus olub. Buna dəlil olaraq, qədimdə tarixi prosesin kosmik dövrlərə uyğun başlanıb bitməsi barədə inanclar göstərilir. Həqiqətən də bir sıra qədim xalqlar inanırdılar ki, sivilizasiyaların tarixi “Qızıl əsr”dən başlayır və tənəzzülə doğru gedir. Onlar dünyanı xaos (nizamsızlıq) və kosmos (nizam) arasında mübarizə meydanı görürdülər: sivilizasiya tənəzzül edib məhv olur, sonra yeni sivilizasiya ilə əvəz olunur. Bu proses daim təkrarlandığından tarix bir nöqtədən hərəkətə başlayıb eyni nöqtəyə qayıdan dövrlərdən ibarətdir. Lakin bu inancları dərindən öyrəndikdə, anlamaq olur ki, sivilizasiyanın tənəzzül edib başqası ilə əvəz olunması özü özlüyündə təkamüldür. Çünki, əvəz edən sivilizasiya əvəz olunan sivilizasiyadan daha mükəmməldir.
Qeyd olunanlara rəğmən, qədim dinlərin əksəriyyəti bəşər tarixinin İlahi və ya qeybi müdaxilə ilə başa çatacağını vəd edirdilər. Məsələn buddist dini mənbələrində Maytreya adlı tanrının zühuru vəd olunur. O, çox müdrik və kəramətli olacaq, minlərlə möminin müşaiyəti ilə dünyaya gələcək. Konfusian təlimlərinə görə də, elə bir dövr gələcəkdir ki, ilahi xislətli bir insan hamını öz haqq sözü ilə ram edəcək. Onun sözləri hətta vəhşi xalqlara belə çatacaqdır. Ən kamil insan olaraq o, cəmiyyəti mənəvi qanunlar əsasında idarə edəcək. Qədim hind yazılarında Kalki adlı xilaskarın zülmət dövrünə son qoyacağı barədə bəhs edilir. Zərdüşt də öz təbliğatında Suşyant adlı xilaskarın bəşəriyyəti vahid din ətrafında birləşdirəcəyini vurğulayırdı. Avesta xəbər verir ki, Suşyant həm də dünyanı yeniləyəcək və şəri məğlub edəcək. Ümumiyyətlə, dünyanı şərlə xeyirin mübarizə meydanı kimi qəbul edən qədim arilər də tarixin sonunda Nur məbudunun Zülmət tanrısı üzərində qələbə çalacağını bildirirdilər. Deyə bilərsiz ki, qeyd olunan dinlərin “qızıl əsr” barədə oxşar təsəvvürləri onların yaxın coğrafiyası ilə, bir biri ilə təması ilə bağlıdır. Lakin, şərq dünyagörüşünün təsirinə düşməyən german-skandinav qəbilələrinin Ragnarök barədə əfsanələrində də bu mövzu ilə rastlaşırıq.
Tarixə məlum olan ən qədim İbrahimi dinlərindən biri – yəhudilik də ümumbəşəri nicat və ya messionizm doqması ilə çıxış edir. Daha sonralar eyni ideyalar xristianlıqda və İslamda da öz əksini tapır. Lakin, hər üç dinin messionizm doqması fərqlidir. İlk öncə messionizmin tərifində qeyd etməliyik ki, bu termin qədim yəhudi dilində istifadə olunan “meşiah” və bu sözün xristianlar tərəfindən yunanlaşdırılmış “messia” formasından yaranıb. Lüğəti mənası “sürtülmüş”, “məsh edilmiş”, “məsih” olan bu ifadəni qədim yəhudilər öz hökmdarlarına nisbət verərdilər, çünki onlar hakimiyyətə gələrkən bədənlərini zeytun yağı ilə sürtərdilər. Onu nəzərə alsaq ki, yəhudilər öz peyğəmbərlərinə “meşiah”, xristianlar isə İsaya “messia” deyirlər, bu sözün daha uğurlu tərcüməsi “Allah tərəfindən seçilmiş” olmalıdır. Lakin bütün bunlar messionizmin sırf dini müstəvidə, dar çərçivədə anlayışıdır. Messionizm bir konsepsiya olaraq qlobal hökmranlığa və həmin hökmranlığın bəşəriyyət üçün xilasedici olmasına iddialı olan bütün ideyalara şamil olunur. Messionizm və ya məhdəviyyat hansısa bir insanın və ya xalqın ümumbəşəri miqyasda xilaskar missiyasına deyilə bilər. Adətən dini ədəbiyyatda məhdəviyyat konkret şəxslə bağlıdır, siyasi konsepsiyalarda isə - müəyyən ictimai-siyasi dəyərlər və ya həmin dəyərləri bölüşən bir toplumla. Yəni Məhdi və ya Messia adlandırılan xilaskar rolunda həm şəxs, həm cəmiyyət, həm hansısa mədəniyyət çıxış edə bilər. Bununla yanaşı məhdəviyyata etiqad bəsləyən əksər məktəblərdə messiyanın antipodu (Dəccal, Antixrist və s.) obrazı da geniş təbliğ olunur. Dünyaya hakim kəsiləcək zalım Dəccal Məhdi tərəfindən məğlub ediləcək və Yer üzündə ədalət bərqərar olunacaq. Müxtəlif əqidələrdə Dəccal obrazı da həm şəxs, həm toplum, həm dəyərlər sistemi kimi təsvir olunur.
“Gələcək axtarışında” kitabından çıxarışlar əsasında hazırlanıb (Ardı var)