إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bakıda “İslam Həmrəyliyi İli” çərçivəsində çap edilən kitablardan ibarət sərgi keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) “İslam Həmrəyliyi İli” çərçivəsində çap etdirdiyi nəşrlərin geniş ictimaiyyətə təqdim edilməsi məqsədilə dekabrın 20-də kitab sərgisi keçirilib.

Sərgidə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin və Bakı İslam Universitetinin müəllim-tələbə heyəti, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.

DQİDK sədrinin müavini Gündüz İsmayılov sərginin açılışında çıxış edərək  “İslam Həmrəyliyi İli” çərçivəsində  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın tolerant və multikultural ideyalarının və ənənəvi dini dəyərlərinin təbliği, dövlət-din münasibətlərinin fəlsəfi-siyasi, hüquqi əsasları və sosial-analitik təhlili, həmçinin dini maarifləndirmə işinin təşkili məqsədilə bir sıra kitab, kitabça və digər məlumat materiallarının hazırlanaraq çap edildiyini bildirib. Hazırda 100-dən çox kitabın nümayiş etdirildiyini vurğulayan  Dövlət Komitəsi sədrinin müavini sərgidə Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində siyasətini, cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlət-din münasibətləri, milli-mənəvi dəyərlərimiz, tolerantlıq mühiti ilə bağlı çıxışlarını əks etdirən kitabların da yer aldığını diqqətə çatdırıb.

Gündüz İsmayılov sərgidə, eyni zamanda, islami dəyərləri, ölkəmizdəki multikultural və tolerant mühiti, dini abidələri haqqında məlumatları, fotoşəkilləri özündə əks etdirən müxtəlif dillərdə nəşrlərin olduğunu qeyd edib. Bildirib ki, bu həm də maarifləndirmə nöqteyi-nəzərdən, Azərbaycanın tolerantlığının dünyada geniş miqyasda yayılması baxımından əhəmiyyət kəsb edir.

Nəşrlərin çoxunun DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşları, din xadimləri, imamlar, axundlar tərəfindən hazırlandığını deyən sədr müavini onların

əksəriyyətinin Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə 2014-cü ildə imzaladığı Sərəncama əsasən ayrılan maliyyə vəsaiti hesabına çap olunduğunu bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, Bakı Dövlət Universitetinin kafedra müdiri professor Anar İsgəndərov kitabların həyatımızdakı rolundan, mütaliənin vacibliyindən danışıb. Bildirib ki, biz oxuyaraq oxuduqlarımızı təbliğ etməliyik. Bu baxımdan bu nəşrlər böyük əhəmiyyətə malikdir. Professor qeyd edib ki, Azərbaycan xalqı bu gün həm özünün zəngin tolerantlıq və multikulturalizm ənənələrini qoruyur, həm də İslam həmrəyliyinə mühüm töhfələr verir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Dövlət Dil Komissiyasının üzvü, akademik Möhsün Nağısoylu deyib ki, müasir dövrdə dini dəyərlərə dəyər vermək hər birimizin mənəvi borcumuzdur. Sərvətimiz olan kitablar bizim tariximizdir, keçmişimizdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri Hacı Abdulla sərginin əhəmiyyətini qeyd edib. İl ərzində Fond tərəfindən məscid, kilsə və sinaqoqlara dini həmrəyliyi təbliğ edən, Azərbaycançılıq məfkurəsinin möhkəmlənməsinə xidmət edən kitablar təqdim olunduğunu bildirib.

AMEA-nın Fəlsəfə İnstitutunun Dinşünaslıq, mədəniyyətin fəlsəfi problemləri şöbəsinin müdiri Sakit Hüseynov vurğulayıb ki,  Komitənin təşəbbüsü ilə çap edilən kitablar geniş ictimaiyyət üçün böyük maraq doğurur. Bu kitablar vasitəsilə hər kəs dinimiz haqqında düzgün bilik əldə edə bilər və onlar din sahəsində bilik boşluğunu doldurmaq üçün gözəl vasitədir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Analitika şöbəsinin müdiri Rəşad İlyasov bildirib ki, müasir dövrdə informasiyanın bolluğu müsbət cəhətləri ilə yanaşı, keyfiyyətsiz məlumatların ortaya çıxmasına da imkan yaradır. Lakin Dövlət  Komitəsinin bu nəşrləri ilə Azərbaycanda dini maarifçilik sahəsində keyfiyyətsiz məlumatların qarşısı ciddi şəkildə alınır. BBMM bu istiqamətdə öz töhfələrini əsirgəmir. Mərkəzin “Azərbaycanda multikulturalizm” dərsliyinin yarım fəsli dövlət-din münasibətlərinə həsr olunub.

Sonra iştirakçılar sərgidə nümayiş etdirilən kitablarla tanış olublar.

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Dekabr, 2017  11:51 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!