إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Cocuq Mərcanlı məscidinin dini icması dövlət qeydiyyatına alınıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş Cocuq Mərcanlı dini icmasına şəhadətnamə təqdim edilib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı erməni işğalçılarına qarşı cəbhənin ön səngəri olan Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlər barədə danışaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən kənddə Şuşa məscidinin bənzəri olan məscidin inşasının ictimai, siyasi, mənəvi və ideoloji baxımdan böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

Dövlət Komitəsinin sədri Prezident İlham Əliyevin ölkədə milli-mənəvi dəyərlərin qorunub saxlanılması, tarixi-mədəni və dini ibadətgahların yenidən qurulmasına, inşasına böyük əhəmiyyət verdiyini vurğulayaraq, ölkəmizdə nümunəvi dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasət nəticəsində hazırda 783 dini icmanın dövlət qeydiyyatından keçdiyini, onların fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını, mütəmadi olaraq maddi dəstək göstərildiyini bildirib.

Söhbət zamanı Cocuq Mərcanlı məscidinin tikilməsinin, eyni zamanda, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinə dəyərli töhfə olduğu xüsusi olaraq qeyd olunub.

Cocuq Mərcanlı məscidi dini icmasının sədri Elman Piriyev Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan dini ibadətgahda dindarlar üçün hər cür şəraitin mövcud olduğunu bildirib. İcma sədri dini sahəyə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə bütün Cocuq Mərcanlı sakinləri adından bir daha təşəkkür edib.

Sonda Cocuq Mərcanlı məscidi dini icmasının sədrinə Dövlət Komitəsinin nəşri olan dini maarifləndirici kitablar hədiyyə edilib.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Dekabr, 2017  12:53 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!