إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

“Məscidlər: İslamın möhtəşəmliyi” kitabının təqdimatı keçirilib - Foto

Heydər Əliyev Mərkəzində Leyla Uluxanlının “Məscidlər: İslamın möhtəşəmliyi” (“Mosques: Splendors of Islam”) kitabının təqdimat mərasimi keçirilib.

Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə əvvəlcə kitabda yer almış məscidlərin fotoşəkillərindən ibarət sərgiyə baxış olub.

Tədbirdə ingilis dilində hazırlanmış kitabla bağlı məlumat verilib. Bildirilib ki, nəşr müəllifin 8 illik zəhmətinin bəhrəsidir.

Sonra bütün iştirakçılar virtual olaraq kitabda yer almış məscidlərə səyahət ediblər.

Yeni nəşrin təqdimatının Vətənində keçirilməsinin qürurverici olduğunu söyləyən müəllif Leyla Uluxanlı bu layihəni dəstəklədiklərinə görə Heydər Əliyev Fonduna, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

“Mənim birinci sənətim şərqşünaslıqdır və sevinirəm ki, bu tədbirdə sevimli müəllimlərim iştirak edirlər. Biz kitabı hazırlayarkən qarşımıza məqsəd qoymuşduq ki, bu nəşr memarlar, rəssamlar, dizaynerlər, şərqşünaslar, o cümlədən geniş ictimaiyyət üçün maraqlı olsun. Layihənin əvvəlində peşəkarlardan ibarət komandamla dünyanın ən gözəl 267 məscidini ziyarət etdik. 25 ölkədən 53 məscid seçildi ki, onlar tarixən İslam sivilizasiyasının ən yüksək estetikasını təşkil edir. Azərbaycandan 3 məscid də kitaba daxil edildi. Bu gün İslam memarlığının inkişafına verdiyi töhfəyə görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirirəm. Bakıda çox gözəl Heydər Məscidi tikilib. Bu, bizim kitabımızın ilk səhifəsində yer alıb”, - deyə müəllif vurğulayıb.

Kitabdakı fotoların peşəkar fotoqraflar tərəfindən çəkildiyini bildirən müəllif deyib: “Təəssüflər olsun ki, bir sıra məscidlər dağıntılara məruz qaldığından biz arxiv materiallarından da istifadə etmişik”.

Leyla Uluxanlı vurğulayıb ki, kitabın müqəddiməsini şahzadə Amin Ağa Xan yazıb.

Kitabın beynəlxalq layihələr üzrə redaktoru Yekaterina Karelina deyib ki, bu, nadir bir layihədir. Otuz il ərzində belə bir layihə reallaşdırılmayıb: “Biz bu işlə məşğul olarkən məscidlərin gözəlliyini geniş ictimaiyyətə çatdırmaq istədik. Bu layihə üzərində dünyanın nüfuzlu universitetlərinin, təşkilatlarının aparıcı mütəxəssisləri iştirak ediblər. Kitab bundan sonra fransız və rus dillərində çap olunacaq, həmçinin üç ölkədə - ABŞ, Böyük Britaniya və Rusiyada təqdimatları keçiriləcək”.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək deyib ki, kitabın təqdimatının ölkəmizdə elan olunan “İslam Həmrəyliyi İli”ndə keçirilməsi əlamətdar haldır. Bütün səmavi dinlər bəşəriyyətə sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma, qardaşlıq, mərhəmət ideyalarını təlqin edir. Azərbaycanda elan edilən “İslam Həmrəyliyi İli” də bu idealların, sülhün dünyamızda daha möhkəm bərqərar olunmasına xidmət edir.

Nazir müavini deyib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində gördüyü böyük işlər dini etiqad azadlığına geniş imkanlar açdı və nəticədə dini icmaların normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldı. Tolerantlığın Azərbaycan modelinin sonrakı uğurlu təbliğatı birbaşa Prezident İlham Əliyevin iradəsi və təşəbbüsü ilə yürüdülən siyasətin nəticəsidir. Bu siyasət liderlərə məxsusdur və davamlı xarakter alıb.

Ədalət Vəliyev diqqətə çatdırıb ki, sovet dövründə ölkəmizdə cəmi 17 məscid var idisə, bu gün müstəqil Azərbaycanda 2100-dən çox məscid fəaliyyət göstərir.

Təqdimat mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının sədri Vasim Məmmədəliyev, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə məscidlərin memarlıq üslubundan söz açaraq bu mənada yeni kitabı zəngin məlumat mənbəyi kimi dəyərləndiriblər.











Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Dekabr, 2017  12:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!