إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Qafqaz Müsəlmanları İdarəsində Məhəmməd Peyğəmbərin mövludu günü qeyd edilib

Dekabrın 2-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Mövlud ən-Nəbi – Məhəmməd Peyğəmbərin (s.ə.s.) mövludu günü qeyd edilib.

Ahlibeyt.az-ın  Azərtac ia istinadən məlumatına görə, əvvəlcə müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bütün müsəlmanları Məhəmməd Peyğəmbərin doğum günü münasibətilə təbrik edib.

A.Paşazadə deyib ki, Azərbaycan xalqı dini mərasim və ənənələri hətta sovet dövründə belə unutmayıb, onlara əməl edib. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ümummilli lider Heydər Əliyev məbədlərin inşasına və bərpasına xüsusi diqqət yetirib. Etiqad azadlığı Azərbaycan Konstitusiyasında təsbit olunub. Ulu Öndərin bu kursu Prezident İlham Əliyev tərəfindən davam etdirir.

Bildirilib ki, müstəqilliyini bərpa edən zaman Azərbaycanda cəmi 18 məscid var idi, insanların sərbəst şəkildə bu müqəddəs günü qeyd etmələrinə icazə verilmirdi. Hazırda mövlud günü yüksək səviyyədə qeyd edilir. Bayramın keçirilməsi ənənələri qədim köklərə malikdir. Allahşükür Paşazadə xatırladıb ki, Azərbaycan xalqının Ümummilli Lideri 1993-cü ilin sentyabrında Təzəpir məscidini ziyarət edən zaman çıxışında qeyd edib ki, Məhəmməd Peyğəmbərin mövludu və fəaliyyəti dünya tarixində böyük hadisə olub, İslam dininin əsasını qoyub.

QMİ sədri bu il, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyevin 75, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının üzvü Qəzənfər Paşayevin isə 80 illik yubileylərinin qeyd olunduğunu bildirib, onları bütün elm və din xadimləri adından təbrik edib.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev, akademik Vasim Məmmədəliyev, professor Qəzənfər Paşayev, Təzəpir məscidinin axundu Mircəfər Əyyubzadə və İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi çıxışlarında Məhəmməd peyğəmbərin mövludu gününün əhəmiyyətindən danışıblar, bütün müsəlmanları bu münasibətlə təbrik ediblər. Bildirilib ki, SSRİ dövründə Məhəmməd peyğəmbərin mövludu gününü keçirmək çox çətin idi. Buna baxmayaraq gizli şəkildə olsa da, mövlud günü həmişə qeyd olunub.

Sonra müqəddəs gün münasibətilə ilahilər oxunub, ehsan verilib.

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Dekabr, 2017  11:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!