إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Vəhdət mövzusunun əhəmiyyəti təsəvvür olunandan daha mühümdür - Baxış bucağı

Vəhdət mövzusunun əhəmiyyəti təsəvvür olunandan daha mühümdür.

1. Birlik olmayan yerdə inkişaf olmur. Çünki, insanların enerjisi əl-ələ verib nəsə qurmağa deyil, biri-birini səhv çıxarmağa yönəlir.

2. Birlik olmayan yerdə əmniyyət olmur. Çünki, insanların bütün fikri müxaliflərini əzməyə yönəlir, bu isə əsassız və idarəolunmaz aqressiyaya səbəb olur.

3. Birlik olmayan yerdə dəyərlər alt-üst olur. Hər kəs öz düzgünlüyünü sübut etmək üçün insani prinsipləri tapdaq altına atır, dəyərlərlə spekulyasiya edir.

Hamı müsəlman sivilizasiyasının halından xəbərdardır. Hazırkı tarixi şəraitdə, Yaxın Şərqdə baş verənlər fonunda müsəlmanlar Qərb imperializminin əsarətindən qurtulmaq, dünyaya alternativ təqdim etmək şansı əldə edib.Vəhdət bu şansdan yararlanmağın başlıca şərtidir. Ona görə də vəhdət əleyhinə yönəlmiş istənilən addım birbaşa bu prosesin qarşısını almaq deməkdir. İstənilən təkfirçilik - Qərbin sifarişi ilə yayılır. İŞİD-in məğlubiyyətindən sonra boş qalmış yeri şiə donuna geyinmiş təkfirçilərlə doldururlar. Fərqi yoxdur İŞİD ya bunlar - ikisi də eyni funksiyanı daşıyır:

1. Müsəlmanların başı bir birini lənətləməyə qarışsın, məzhəbçilik forması alsın, sonra da millətçilik kimi qorxunc və aqressiv əqidə kimi tanıdılsın.

2. Müsəlmanların başı lazımsız tarixi bəhslərə qarışsın və praktiki əhəmiyyət kəsb edən mövzular unudulsun. Onlar alternativ düzən təqdim etmək gücünə malik olmasın.Təbii ki,tarix araşdirilmalidir,amma bu gün üçün dərs almaq məqsədilə.

3. Bütün bu bəhslərdə tarixi kontekstən çıxarılmış, səhv yozulan ayələrə və ya uydurulmuş hədislərə istinad edilsin ki, Quran və Allah övliyaları dunyaya kin-küdurət mucəssəməsi kimi tanıdılsın.

4. Istənilən dini təkfirçiliyin militantlaşması qaçılmazdır. Xüsusilə Qərb bu prosesi sürətləndirməkdə maraqlıdır. Çünki, ictimai təfəkkürdən məhrum xəvaric düşüncəsi yalnız və yalnız başqasının fətvası ilə münaqişə yaratmağa yararlıdır. Bu təkfirçiliyin mahiyyətidir.

5. Şiəlik sekta formasına düşsün, bütün fəlsəfi-irfani irsi tarixi və fiqhi bəhslərin kölgəsində qalsın, qlobal səhnədən sıxışdırılmış qapalı marginal qrupa çevirilsin.

Ona görə də, son günlər müzakirə olunan mövzular sıradan bir məsələ deyil. Hacı Şahin Həsənlinin əleyhinə başlayan yeni kampaniyanın arxasında müsəlmanları yeni faciəələrə sürükləmək cəhdi durur. Məzhəbindən, siyasi baxışından, ictimai mövqeyindən asılı olmayaraq hamı bu məsələdə təpki göstərməlidir. Vəhdət əleyidarları olan təkfirçilərin istifadə etdiyi butün dəlil subutların əsassiz, təhrif edilmiş və ya uydurulmuş olduğunu göstərməklə yanaşı , təhlükənin miqyasını anlamaq gərəkdir.

Bu insanlar Əhli-Beyt (ə) düşmənləridir:

1. Diqqəti Əhli-Beytin (ə) müasir insana verə biləcəyindən yayındırıb, xəlifələrin pislənməsinə kökləyirlər.Burada söhbət xəlifələrin tənqid olunmasının qadağan olunmasından getmir,tarix obyektiv şəkildə təhlil edilməlidir və xəlifələrin cinayətləri də öz qiymətini almalidir,amma tarixdə ilişib qalmaq,bu gün üçün dərs almamaq cəhalətdir. Bu düşüncədə olanlardan hər hansi biri deyingənlikdən,mənasiz kin-küdurət püskurmekdən başqa nəsə edibmi?

2. Əhli-beyti (ə) keçmiş üçün aktual saxlayırlar. Bütün mədhleri və ya müsibət zikrləri tarix kontekstindən çıxmır, tarixi hadisə qəlibində həbs olunur.

3. Əhli-beyti (ə) bir məzhəbin çərçivəsində, sünnü-şiə davası fonunda tanıtdıraraq, onların ideyasını kölgədə qoyurlar. Fatimə kimdir? Filankəsin öldürdüyü müqəddəs bir qadın. Bu qadının fəziləti nədədir? Peyğəmber ona sayğı göstərib. Bunun bu günkü dünyaya nə adiyyatı var? Heç bir aidiyyatı yoxdur, Axirətə xeyri var. Beləliklə, Fatimənin dünyaya nicat verə biləcək bir həqiqət olması, onun peyğəmbərlə qohumluğunun kölgəsində qalır.

4. Həzrət Mehdiyə (ə) inanan şəxs heç olmasa anlamalıdir ki, Mehdinin zühuru onun qeybətinə səbəb olan amillər aradan gedəndən sonra baş tutacaq. Bu səbəblər nə idi? O zaman xeyli sayda şiə yaşayırdı, hamısı da imamları sevirdi, hədis əzbərləyirdi, fiqh oxuyurdu və s. Deməli, məsələ daha dərindədir. Zahirdə deyil. Dəyişiklik düşüncələrdə baş verməlidir. Təkfirçilik isə qədimdə olan ruhiyyəni konservasiya edərək imam Mehdiyə qarşı çıxırlar.

5. Onların bütün baxışları müqəddəs mətnlərin mənalarında deyil, zahiri ifadəsinə əsaslanır. Əqlə yer olmayan bu dünyagörüşü yalnız stereotiplərdən ibarətdir, düşüncə üfüqləri orta əsr ərəbinə ünvanlanmış mesajlardan kənara çıxa bilmir. Şiə məktəbi müasir oxunuşla anlaşıla bilmir. Ona görə Mehdinin (ə) davranışının mahiyyətinə varmaq əvəzinə, öz stereotipləri ile qiymət verəcəklər. Nəticə də, bu gün ortaya atdıqları məntiqlə ona silah çəkəcəkler.

6. Lənətlədikləri şəxsləri yaradan amillər, zülmə rəvac verən dünyagörüşü onları maraqlandırmır. Ona görə, bəsirətsizdirler, hətta lənətlədikləri şəxslərlə eyni əqidənin daşıyıcılarıdırlar. Niyə xilafət tənqid olunmalıdir? Niyə Əhli-Beyt məzlum oldu? Nə baş verdi? Ümumiyyetlə, Əhli-beytin (ə) işi xəlifə qətlinə, terrora, nifaqa rəvac vermək idi? Əli (ə) də Muaviyənin üslubundan istifadə edibmi? Nədədir fərqlər? Fərq yalnız həzrət Əlinin(ə)hədislərdə təriflənməsindədir? Əli xəlifə olsaydı nə olacaqdı? Bunlara cavab axtarmaq əvəzinə, lazimsiz olan,Əhli-Beyti bu gün də məzlum edən dünyagörüşü yayirlar. Unutmayaq ki, Əliyə görə ən çox ikinci xəlifəyə etiraz edən Zubeyr idi,sonradan Əliyə düşmən oldu.

7. İstinadlar orta əsrlərdə, aqressiv mühitdə yaşayan və ya başqa ictimai çağırışlarla üzləşən alimlərədir. Bu alimlərin oz şəraitlərinə uyğun davranışı bir sünnət halına düşüb və Əhli-beytin (ə) sünnəsinin mahiyyətini anlamaqda ciddi maneəyə çevirilib. Dəyişkən forma dəyişilməz məzmunun yerini tutub. Bu isə Əhli-Beyt (ə) məktəbini dunyanı islah edə biləcək qüdrətdən məhrum edir. Bu gün Əhli-beyt məktəbinin mövqeyi,qüdrəti tamam fərqli şeyləri diktə edir.

Dünyani islah etmək iddiasinda olan məktəb bu məsələlərdə ilişib qalmamalidir. Təəssüf ki, hələ də bu bəsit məsələri izah etməyə ehtiyac var.

Samir Pənahov

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Dekabr, 2017  09:01 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!