إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Baş nəqli gerçəkləşsə ruh harda qərar tutacaq? - Hacı Şahin Həsənli cavablandırır

Bu ilin dekabr ayında dünyada ilk dəfə baş nəqli əməliyyatının həyata keçiriləcəyi gözlənilir. Əməliyyatı italyan beyin cərrahı Serxio Kanavero reallaşdıracaq. İlk baş nəqli üçün könüllü isə Verdinq-Hoffman xəstəliyindən əziyyət çəkən Valeri Spiridanovdur. Valeri qeyd edib ki, bu əməliyyata qalan ömrünü normal insan kimi yaşamaq üçün razılıq verib.

Əməliyyat 20 milyon dollara başa gələcək. İlk növbədə ölən adamın bədəni və Spiridanovun beyin hüceyrələri ölməsin deyə soyudulacaq. Daha sonra xəstənin və donorun boynu qismən kəsiləcək. Donorun onurğa beyni çox ehtiyatla Spiridanova köçürüləcək. Polietilin-qikol maddəsindən istifadə olunaraq onurğa iliyinin vücuda tam oturması təşkil olunacaq. Son mərhələdə damarlar və sinirlər hamısı bütün vücuda bağlanacaq. Daha sonra Valeri Spiridanov süni olaraq 3-4 həftə komada saxlanılacaq. Bu koma müddətində onurğa beyni bütün vücudda özünə yer tapa biləcək.

Əməliyyat haqda fikirlər birmənalı deyil. Xüsusilə dindar təbəqə əməliyyatın dini qanunlara zidd olması, əməliyyatdan sonra donorun ruhunun aqibəti barədə fərqli fikirlər bildirirlər.

Ahlibeyt.az-ın məlumatına görə,məsələ ilə bağlı Kult.az-a danışan ilahiyyatçı Hacı Şahin bildirib ki, sözügedən əməliyyat günah hesab olunmamalıdır:

“Təbii ki, tibb tarixində ilk dəfə belə bir mühüm addımın atılması bizi yalnız sevindirə bilər. Dini baxımdan buna bir maneə yoxdur, kiminsə ölümü ilə nəticələnməsə, günah deyil. Məsələ ölüyə can verməkdən ibarət deyil, ölümcül xəstənin yeni bədənlə təmin edilməsindədir”.

Hacı Şahin qeyd edib ki, bu, təqdirəlayiq əməliyyatdır:

“Düzdür, nəticənin necə olacağı barədə hələ ki, heç kəs bir söz deyə bilməz, lakin ümid edirik ki, hər şey uğurla başa çatacaq. Mahiyyət etibarı ilə məsələnin əhəmiyyəti tibbi aspektədir. Yəni orqan transplantasiyası bu gün dünyada adi hala çevirilib, sadəcə, bu miqyasda köçürülmə baş verməyib”.

O, donorun ruhu haqda qeyd edib ki, ruh məkanın fövqündədir, onun üçün məkan anlayışı yoxdur:

“Ruh maddi deyil ki, bədəndə qərar tapsın. Ruh bədəni idarə edir, lakin onun içində və ya kənarında deyil. O, mücərrəd olduğundan onun üçün məkan amili yoxdur. Onu nəzərə alsaq ki, ruhun bədəni idarə etməsində yeganə vasitə beyindir, eyni zamanda elmi cəhətdən də insanın psixikası və fiziologiyası beynin nəzarətindədir, o zaman bədənin sahibi ölmüş hesab olunacaq. Yəni sağ qalan beyin sahibi olacaq, onun ruhu da cismini idarə edəcək”.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Oktyabr, 2017  15:45 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!