إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ciddədə İƏT-İİNA agentliyinin İcraiyyə Şurasının və Baş Assambleyasının iclasları keçiriləcək

Oktyabrın 14-15-də Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) rəsmi media orqanı olan Beynəlxalq İslam Xəbərlər Agentliyinin (İİNA) İcraiyyə Şurasının 25-ci və Baş Assambleyasının 5-ci iclasları keçiriləcək.

Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumata görə, iclaslarda təşkilata üzv dövlətlərin milli xəbər agentliklərinin nümayəndə heyətləri iştirak edəcək. İİNA-nın ən fəal üzvlərindən biri olan AZƏRTAC Baş Assambleyanın iclasında təmsil olunacaq.

Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya naziri, İİNA-nın İcraiyyə Şurasının direktoru Avvad bin Saleh əl-Avvadın sədrliyi və İƏT-in baş katibi Yusif bin Əhməd əl-Useyminin iştirakı ilə keçiriləcək iclaslarda agentliyin fəaliyyətinin təkmilləşdirilməsi və onun Birliyə çevrilməsi, İƏT-in 2025-ci ilədək nəzərdə tutduğu iş proqramı çərçivəsində agentliyin fəaliyyət planı müzakirə ediləcək.

Həmçinin iclaslarda İslam dünyasının problemlərinin işıqlandırılmasında, eləcə də terrorun təbliğinə və islamofobiyaya qarşı mübarizədə İƏT-ə üzv dövlətlərin milli xəbər agentliklərinin rolu, milli xəbər agentlikləri arasında əməkdaşlığa dəstək, “İslam Əməkdaşlıq Təşkilatının mükafatı”nda iştirak məsələləri ətrafında müzakirələr aparılacaq, İİNA-nın 2018-ci və 2019-cu illər üçün proqnozlaşdırılan büdcə layihəsi təsdiq ediləcək.

Qeyd edək ki, İİNA-nın yaradılması barədə qərar 1972-ci ildə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin Ciddədə keçirilmiş 3-cü iclasında qəbul edilib. İƏT-ə üzv dövlətlərin informasiya nazirlərinin 2006-cı ildə Ciddədə keçirilmiş 7-ci iclasında agentliyin fəaliyyətini gücləndirmək üçün struktur islahatlarının aparılması barədə qərar qəbul edilib.

Agentlik İcraiyyə Şurası və Baş Assambleya olmaqla iki rəhbər orqandan ibarətdir. On bir üzvü olan İcraiyyə Şurası agentliyin informasiya fəaliyyətinə nəzarət edir və hər il keçirilən iclasında inzibati, maliyyə və texniki məsələləri həll edir. İki ildən bir keçirilən Baş Assambleyada isə İƏT-ə üzv dövlətlərin xəbər agentliklərinin direktorları və nümayəndələri iştirak edirlər.

Əsas məqsədi İslam ölkələri arasında informasiya mübadiləsinə yardım etmək, İslam dünyasının üzləşdiyi problemlər barədə dünya ictimaiyyətini məlumatlandırmaq, üzv agentliklər arasında təcrübə mübadiləsini təşviq etmək olan İİNA üç dildə - ərəb, ingilis və fransız dillərində xəbərlər yayır.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Oktyabr, 2017  18:52 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!