إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Cəzaçəkmə müəssisələrində məhkumların dini etiqad azadlığı tam təmin edilir

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış Tədbirlər Planı çərçivəsində 2017-ci ildə keçirilməsi planlaşdırılan seminar-treninqlər davam edir.

Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə, 6 və 15 saylı cəzaçəkmə müəssisələrində keçirilən maarifləndirici tədbirlərdə Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin məsul əməkdaşı Mübariz Vəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov və Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, "Məşədi Dadaş" məscidinin axundu Hacı Şahin Həsənli iştirak ediblər.

Tədbirlərdən öncə qonaqlar məhkumlara dini etiqadlarını həyata keçirmək üçün müəssisədə yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, məhkumlar üçün müəssisədə məscidlərlə yanaşı, 15 saylı cəzaçəkmə müəssisəsində pravoslav xristianların mənəvi tələbatlarını həyata keçirmək üçün ibadət evi də fəaliyyət göstərir. Mütəmadi olaraq Rus Pravoslav kilsəsinin ruhaniləri müəssisəyə baş çəkir və dini ayinləri icra edirlər. Eyni zamanda, müəssisələrdə kitabxanaların da fəaliyyət göstərdiyi və məhkumların Dövlət Komitəsinin müvafiq razılığı ilə çap edilən dini ədəbiyyatlardan geniş istifadə etdikləri diqqətə çatdırılıb.

Tədbirlərdə məruzə ilə çıxış edən Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov penitensiar müəssisələrdə yaradılan ibadət evlərinin və kitabxanaların yüksək səviyyədə olması islah və tərbiyə işində faydalı olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidentinin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsini dövlətin xalqımızın milli-mənəvi dəyərlərinə verdiyi növbəti dəyər kimi qiymətləndirən natiq  İslam coğrafiyasında dini zəmində baş verən münaqişələr fonunda həmrəyliyin əhəmiyyətini məhkumların diqqətinə çatdırıb. O qeyd edib ki, Azərbaycan özünəməxsus tolerantlığı, multikultural dəyərləri ilə dünyaya örnəkdir, bununla yanaşı, ölkəmiz məzhəb fərqliliklərinə baxmayaraq özünün birgəyaşayış ənənəsinə görə İslam dünyası üçün nümunədir. Nahid Məmmədov vurğulayıb ki, müsəlman dünyasında baş verənlər fonunda ölkəmizdə həmrəyliyin, vəhdətin, birliyin qorunması və dünyaya nümunə kimi tanıtdırılması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi müdrikcəsinə atılmış növbəti addımdır.

Tədbirlərdə iştirak edən ilahiyyatçı Hacı Şahin Həsənli xalqımızın milli-mənəvi dəyərlərindən söz açaraq dünyanın imtahan olduğunu bildirib: “Bəzi inanclardan fərqli olaraq biz həm bu dünya, həmdə axirət üçün yaşayırıq. Bu dünyada etdiyimiz əməllərə görə cavab verməli olacağıq. İnsanların əməlləri onlardan mütləq soruşulacaq”. Harada olmasından və zamanından asılı olmayaraq insanların tutduğu əmələ görə peşimançılıq çəkməsi və tövbə etməsinin vacibliyinə toxunan ilahiyyatçı Allahın onları əfv etmək qüdrətinə malik olduğunu deyib.

Tədbirin sonunda məhkumların çoxsaylı suallar cavablandırılıb və onlara dini ədəbiyyatlar hədiyyə edilib.







Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 İyul, 2017  19:38 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!