إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 142 il ötür.

İyulun 22-si Azərbaycanda Milli Mətbuat günüdür. Mətbuat bayramının məhz bu gün qeyd olunması Azərbaycan xalqının ilk mətbu orqanı olan «Əkinçi» qəzetinin nəşrə başlaması tarixi ilə bağlıdır.

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi böyük çətinliklərdən sonra 1875-ci il iyulun 22-də Bakıda ana dilində «Əkinçi» qəzetinin ilk sayını nəşr etdirə bilib.

Bütün Qafqazda əks-səda doğuran «Əkinçi» qəzeti 1875-1877-ci illər ərzində nəşr edilib və cəmi 56 sayı işıq üzü görüb. Ancaq bu qəzetin Azərbaycan mətbuatının formalaşmasında müstəsna əhəmiyyəti olduğu bildirilir.

Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlanmışdı. Azərbaycan mətbuatının ilk müjdəçisi "Əkinçi"dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdu.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkə prezidentinin sərəncamı ilə «Əkinçi» qəzetinin nəşrə başladığı gün – 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başlayıb.

O vaxtdan ötən 142 ildə müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.

1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.

Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox sahələr kimi milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərməkdədir.

Hazırda respublikada çox sayda qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir.

2017-ci il iyulun 20-də isə Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. İkinci binada 255 jurnalist mənzillə təmin olunub.

Dövlət başçısının iştirakı ilə keçirilən açılış mərasiminin ardınca üçüncü binanın təməlqoyma mərasimi keçirilib. Prezident İlham Əliyev üçüncü binanın inşasına ilkin olaraq 5 milyon manat ayrılması barədə sərəncam imzalayıb. Dövlətimizin başçısının daha bir Sərəncamı ilə Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrıldı.

Bu gün peşə bayramını qeyd edən bütün mətbuat işçilərini Ahlibeyt.az adından təbrik edir, fəaliyyətlərində uğurlar diləyirik.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 İyul, 2017  10:58 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!