|
Axirətdən öncə... - HACI ŞAHİN ZƏHRADAN YAZIRİyulun 4-ü axşam saatlarında Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndini atəşə tutdu. Nəticədə kənd sakinləri - 50 yaşlı Sahibə ana və 2 yaşlı Zəhra bala qətlə yetirildilər. Bu körpə qətlini hansı insaniyyətlə, hansı mənəviyyatla, hansı əsgər qeyrəti ilə əsaslandırmaq olar? Kin və qorxaqlıq insanı necə vəhşiləşdirməlidir ki, bu cinayətə əl atsın və ya bu cinayətə qələbə kimi baxsın? Bu cinayəti törədən rejimin başçılarından soruşmaq gərəkdir ki, davanız torpaq davasıdırsa, o zaman o körpənin günahı nə idi? Məqsədiniz intiqam idisə, dilsiz qızcığaz sizə nə edib? Bu günə kimi “müharibədə hər şey ola bilər, kompromis yol tapın” deyə yol göstərən havadarlarınızın bundan sonra sözü nə olacaq? Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq proses 25 ildir ki davam edir. Beynəlxalq hüququn imperativləri, BMT başda olmaqla müxtəlif beynəlxalq qurumların bəyannamələri, dünya qüdrətlərinin vasitəçiliyi, fərqli danışıq formatları, vətəndaş cəmiyyətlərinin bir birini əvəzləyən təşəbbüsləri ortada ola-ola, bir münaqişənin 25 il davam etməsi təəccüb doğurur. Daha doğrusu, mövcud beynəlxalq proses məyusluq yaradır. Namərdcəsinə dinc sakinlərə gecə vaxtı həmlə etmək, məsum bir körpəni qətlə yetirmək vəziyyətin gərginliyini və dözülməzliyini göstərir. Məsələyə yanaşmada emosiyaları kənara qoysaq belə, qarşı tərəfin heç bir insani qanun tanımadığını görəcəyik. Belə bir halda onlardan beynəlxalq qanunlara riayət etməyi gözləmək mümkün deyil. Sülh prosesində durğunluğun davam etməsi, status-kvonu qorumaq cəhdləri meydanı uşaq qatillərinə vermək anlamına gələcək. Azərbaycan isə dəfələrlə bildirib ki, buna razı olmayacaq. Aydındır ki, yeni müharibə bütün regionu zorakılıq alovuna alacaq, ona görə də beynəlxalq ictimaiyyət ciddi ölçülər götürməlidir. Əks təqdirdə Azərbaycanın düşmənə layiqli cavab verməyi üçün kifayət qədər qətiyyəti və gücü var. Son dövrdə cəbhə bölgəsində baş verən hadisələr bir gerçəyi üzə çıxardı: Azərbaycan xalqı və dövləti torpağının bir qarışını belə düşmənə güzəştə gedən deyil. Bu prinsipial mövqeyi xüsusilə gənclərimizdə görəndə fərəhlənməməyə bilmirsən. Gənc nəsil 30 il öncə müharibənin başlamasının şahidi olmayıb. O hadisələrdən sonra yeni nəsil formalaşıb və onlar üçün təbii görünən indiki şərait bizim üçün yenidir. Yeni dövlət, yeni tarix, yeni amallar, yeni ümidlər. Bizimlə onlar arasında böyük fərqlər var və bu fərqlər gənc nəslin xeyrinədir. Onların zehniyyəti totalitar rejimin propaqandası və yalanları ilə zəhərlənməyib. Fəqlənmək, özün kimi olmaq, azad yaşamaq, seçim etmək kimi ibtidai istəklər onların təfəkkürünə bir cinayət, cəzaya layiq günah kimi həkk olunmayıb. Bizim nəsil bu qorxunc zindandan çıxdıqdan sonra öz azadlığı ilə necə davranacağını bilmirdi. Biz buna hələ təzə-təzə alışmağa, taleyimizə görə məsuliyyətimizi dərk etməyə başlamışıq. Onlar isə dünyaya müstəqillik dövründə göz açıblar. Bu müstəqilliyi bizə qazandıranlardan daha çox, onu yaşadanlar məsuliyyət altındadır. Onların bizdən bir üstünlüyü də var – onlar Qarabağı görmədən onun dərdini çəkirlər. Onlar Qarabağsız Vətəndə dünyaya göz açdılar, lakin Qarabağsızlığa heç cür alışmadılar. Özü də buna alışmamaq elə də asan iş deyil. Yad mədəniyyətlərin var gücü ilə təlqin etməyə çalışdığı təslimçilik ruhiyyəsi gənclərimizin qəlbində görmədikləri, gəzmədikləri, ətrini duymadıqları bir Vətən parçasının həsrətini boğa bilmədi. Bu mədəniyyətlər düşüncələrə nələri yeritmədi ki?! “Həyatını yaşa, başqalarından sənə nə?”, “bir dəfə verilən ömrü bir parça torpağa qurban vermə, heyifdir!”, “düşmənini sev, o da səni sevir”, “cibini düşün, hər şeyi pul həll edir”... Gənclərimiz ayıq oldu, bu tələlərə düşmədi. Son illərdə canlarını bizə fəda edən şəhidlərimiz bunun bariz nümunəsidir. Onların mütləq əksəriyyəti Qarabağı heç zaman görməyənlər idi. Gənclərimiz sağlam yetişib, deməli cəmiyyətimiz də sağlamdır. Deməli, hadisələr düzgün məcrada cərəyan edir. “Axı o hansı günaha görə öldürüldü?” soruşulacağı zaman...” Zəhranın qatilləri Haqq məhkəməsində mütləq cavab verəcəklər. Lakin Axirət məhkəməsindən öncə qatillər etdikləri cinayətlərin hesabını mütləq bu dünyada verəcəklər xalqımız qarşısında... İndiki gənclərimizin sayəsində. Mənbə: lent.az
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 İyul, 2017 17:25 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |