إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ermənistanın dini lideri Alxanlı hadisəsinə münasibət bildirməlidir - QMİ-nin bəyanatı

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin Ermənistan ordusu tərəfindən artilleriya atəşinə tutulması ilə bağlı bəyanat yayıb.

Ahlibeyt.az-ın QMİ mətbuat xidmətinə istinadən məlumata görə,bəyanatda bildirilir:

İyulun 4-də Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək, beynəlxalq humanitar hüquq normalarınının tələblərini kobud surətdə pozub.

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin dinc əhalisini və yaşayış yerlərini qəsdən məhv etmək məqsədilə mina və qumbaraatanlarla atəşə tutaraq növbəti təxribat törədib.

Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alıb, yaşayış yerlərinə külli miqdarda zərər dəyib.

Qafqaz Müsəlmanları İdarəsi olaraq, bu hadisəni qətiyyətlə pisləyir, dinc insanların, qadın, uşaq, qocaların məhvi kimi bağışlanmaz cinayətlərə heç bir bəraət olmadığını bəyan edirik. Bu təxribat ilə erməni tərəfi növbəti dəfə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində danışıqlar prosesini pozmağa yönəlmiş cinayət əməllərinə yol verir.

Münaqişə başlayan zamandan etibarən Rus Pravoslav Kilsəsinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dini liderləri olaraq dəfələrlə sülhməramlı görüşlərimiz baş tutmuşdur. Erməni xalqının dini liderini dinc insanların – qadın və yaşyarımlıq uşagın qətlinə səbəb olan bu hadisə ilə bağlı həmin görüşlərin nəticələrinə dair imzaladığımız Birgə Bəyannamələrin ruhuna uyğun olaraq qətiyyətli mövqe bildirməyə çağırırıq. Bu, Yaradanımız və xalqlarımız qarşısında məsuliyyət və borcumuzdur. Belə ki, bütün səmavi dinlər dinc, günahsız insanların qətlini ən ağır cinayət kimi qiymətləndirir.

Biz beynəlxalq ictimaiyyəti dinc insanların qətli kimi qəbuledilməz bir hala qarşı öz qətiyyətli münasibətini bildirməyə, təcavüz və təxribat hallarını kəskin qınamağa çağırırıq. Ümidvarıq ki, dünyanın nüfuzlu dini liderlərinin mövqeləri bu kimi halların qarşısının alınmasına, ədalətli sülhün bərqərarına xidmət edəcəkdir, inşallah.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 İyul, 2017  13:46 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!