إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ermənistan cəbhə xəttində növbəti irimiqyaslı təxribat həyata keçirib

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, qumbaraatanlardan, 60, 82 və 120 millimetrlik minaatanlardan da (27 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 130 dəfə pozub.

Ahlibeyt.az-ın Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadən məlumatına görə, İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb.

Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.

Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Müdafiə Nazirliyi bildirir ki, baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Məliumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Ağbulaq, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Baş Qərvənd, Qaraqaşlı, Şirvanlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 İyul, 2017  10:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!