إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu gün Şərqdə ilk demokratik respublikanın qurulmasından 99 il ötür

Bu gün Azərbaycanın milli bayramı- 28-may Respublika Günü qeyd olunur.Şərqdə ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından 99 il keçir

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 1918-ci il mayın 28-də Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

M.Ə.Rəsulzadə Azərbaycanın müstəqilliyinə dair Batumda Osmanlı imperiyası ilə danışıqlar apardığından, İstiqlal Bəyannaməsinin elan olunduğu iclasa Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayev sədrlik edib.

AXC elan olunarkən ərazisi 99908,86 km² olub, 13983,1 km² ərazi isə mübahisəli kimi qəbul olunaraq Ermənistanla aparılacaq gələcək danışıqlar prosesində həlli nəzərdə tutulub.

Azərbaycan Milli Şurasının həmin iclasında bitərəf Fətəli Xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk müvəqqəti hökumətinin tərkibini də təsdiqlənib.

İlk hökumətin tərkibi belə idi:

Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri, Xosrov Paşa bəy Sultanov - hərbi nazir, Məmmədhəsən Hacınski - xarici işlər naziri, Nəsib bəy Yusifbəylı - maliyyə naziri və xalq maarif naziri, Xəlil bəy Xasməmmədov - ədliyyə naziri, Məmmədyusif Cəfərov - ticarət və sənaye naziri, Əkbər Ağa Şeyxülislamov - əkinçilik naziri və əmək naziri, Xudadat bəy Məlik-Aslanov - yollar naziri və poçt-teleqraf naziri, Camo bəy Hacınski - dövlət nəzarətçisi.

AXC elan olunarkən Bakı Stepan Şaumyanın başçılığı altında bolşevik-daşnak birləşmələrinin nəzarəti altında olduğundan, Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərib. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra AXC milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik-daşnak və ingilis hərbi dəstələrindən azad edib. Bundan sonra Azərbaycan hökuməti Bakıya köçüb.

1918-ci il dekabrın 7-də saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan parlamentinin təntənəli açılışı olub. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə geniş təbrik nitqi söyləyib.

“Müsavat” fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Ə.Topçubaşov Paris sülh konfransında olduğundan, parlamentə H.Ağayev rəhbərlik edib.

Parlamentin ilk iclasındaca F.X.Xoyski hökumətinin istefası qəbul edilib və yeni hökumətin təşkil olunması qərara alınıb. Yeni hökumətin təşkili yenidən F.X.Xoyskiyə tapşırılıb.

AXC-nin mövcud olduğu dövrdə parlamentin ümumilikdə 155 iclası keçirilib. Bunun 10-u Azərbaycan Milli Şurasının (27 may - 19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi dövrə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) aiddir.

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edib. Parlamentdə 11 komissiya olub.

AXC qısa ömründə böyük nailiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu quruculuğu, milli valyutanın buraxılması, milli bankın yaradılması, demokratikləşmə, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin olunması, iqtisadi islahatların aparılması və digər sahələrdə böyük işlər görüb. Təəssüf ki, cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib.

AXC-nin müstəqilliyi ilk olaraq 1918-ci il iyunun 4-də Osmanlı imperiyası tərəfindən rəsmən tanınıb.

AXC-nin yaranması tarixi Azərbaycanın milli bayramı-Respublika Günü kimi qeyd edlir. Bu tarix ölkəmizdə qeyri-iş günü elan olunub.

Azərbaycan prezidentinin sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb.

Eyni zamanda prezident İlham Əliyevin sərəncamı ilə AXC qurucuları Məhəmməd Əmin Rəsulzadənin, Əlimardan bəy Topşubaşovun, Fətəli xan Xoyskinin və digərlərinin yubileyləri dövlət səviyyəsində qeyd edilib, xatirələri əbədiləşdirilib.

Azərbaycan prezidenti Respublika Günü münasibətilə hər il rəsmi qəbul keçirir.

Respublika Günü münasibətilə ölkənin bütün strukturları, Azərbaycanın diplomatik nümayəndələri və diaspor təşkilatları tədbirlər təşkil edirlər.

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Prezident İlham Əliyev milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə sərəncam imzalayıb.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 May, 2017  11:23 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!