إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ramazan ayı gəlişi ilə bağlı QMİ qazilər şurasının fətvası

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlanması ilə bağlı Fətva verib.

Ahlibeyt.az-ın məlumatına görə,Fətvada bildirilir ki,yeni ayın göründüyü  andan  etibarən  Ramazan ayı başlayacaqdır.

Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının bu ilki hesablamalarına əsasən, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə 27 may 2017-ci ilə təsadüf edəcəkdir.

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib etmişdir. Digər mənbələrdən daxil olmuş, təxribat və təfriqə xarakterli, məzhəb və vaxt ayrıseçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi yolverilməzdir.

Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i  - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq iyun ayının 26-na təsadüf edəcəkdir.

Orucun  mühüm  əməllərindən  biri olan fitrə zəkatının vaxtı  Ramazan  ayının son  günüdür.  Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər  bir  üzvü  üçün fitrə zəkatı çıxarıb  imkansızlara,  ehtiyacı  olan  ailələrə  verməsi  vacibdir.

Oruc ibadəti insanları mənəvi cəhətdən saflaşdırır, onların  günahlardan tövbə etmələrinə və Allah-taala yolunda xeyirxah işlər görmələrinə səbəb olur. Bu ibadətin sayəsində insan aclığa və susuzluğa tab gətirərək öz nəfsinə qalib gəlir. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayında ehtiyacı olanlara, uşaq evlərinə, ahıl və kimsəsizlərə imkan daxilində kömək etmək, ifrata və israfa yol vermədən iftar süfrələri açmaq Allah nəzərində bəyənilən əməllərdəndir.

Bu ayda ən böyük savab – Qur`anı tilavət etmək, valideynlərin xeyir-duasını almaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək,   elm və fəzilət sahiblərinə ehtiram göstərmək, insanlar arasında ünsiyyət,  dostluq  və  qarşılıqlı hörməti təbliğ etməkdir.

Qazılar Şurası din xadimlərimizə tövsiyə edir ki, bu əziz günlərdə dinimizdə müqəddəs sayılan şəxsiyyətlərlə yanaşı, torpaqlarımız, Vətənimiz uğrunda canlarından  keçən  qəhrəman  şəhidlərin əziz xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, xütbə və moizələrdə vətənpərvərlik hisslərinin təbliğinə xüsusi diqqət yetirilsin.

Allah oruc və namazlarınızı qəbul etsin! Amin!

Vəssalamu əleykum və rəhmətullahi və bərəkatuh

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 May, 2017  18:15 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!