إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi olub

IV İslam Həmrəyliyi Oyunlarının  Bağlanış  mərasimində  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, birinci xanım, “Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasseri iştirak edib.

Ahlibyt.az-ın Azərtac-a istinadən məlumatına görə, mayın 22-də Bakı Olimpiya Stadionunda idman həvəskarlarına bir çox unudulmaz, sevinc dolu anlar bəxş edən Oyunların təntənəli bağlanış mərasimi keçirildi.

İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Şahzadə Abdullah Bin Musaad Bin Əbdüləziz federasiya adından Bakı sakinlərinə və Azərbaycan xalqına göstərdikləri fədakarlığa və çox böyük qonaqpərvərliyə görə təşəkkürünü bildirərək qeyd edib ki, sizi 2021-ci ildə İstanbulda keçiriləcək Oyunlarda yenidən görməyi səmimiyyətlə arzulayırıq”.

Bakıya rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 2000-dək komanda rəsmisi və texniki nümayəndə gəlib. İndiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin və idmançının qatılması heç vaxt müşahidə olunmayıb.

İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparıblar. Azərbaycan idmançıları xalqımızı parlaq qələbələri ilə sevindirərək, yarışları birinci pillədə başa vurublar. Hamıdan çox qızıl medal qazanan atletlərimiz 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci olublar. Millimizin aktivinə ən çox medal cüdoçularımız tərəfindən yazılıb. Onlar, ümumilikdə, 26 medal - 11 qızıl, 12 gümüş və 3 bürünc əldə ediblər. Qazanılan uğurda güləşçilərimizin (23 medal) və gimnastlarımızın (20 medal) da böyük payı var.

Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn beşinci (21 medal) yerdə qərarlaşıb. Ümumilikdə yarışlarda 40 ölkənin idmançıları 1600 medal qazanıblar.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bir sıra yarışları arenalarda izləmələri və qaliblərə medalları şəxsən təqdim etmələri Oyunlara marağı daha da artıraraq, onu yeni məzmunla zənginləşdirib.

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində  birinci vitse-prezident və “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva bildirib ki,bu Azərbaycan xalqı qonaqpərvərliyini və mehribanlığını bir daha nümayiş etdirdi: "Azərbaycan göstərdi ki, o, böyük idman dövlətidir. Milli komandamız ümumi hesabda birinci yeri qazandı. Bu tarixi qələbə ilə fəxr edir və Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bundan da böyük qələbə bu günlər ərzində nail olduğumuz İslam aləminin həmrəyliyi və birliyinin təntənəsidir. Gəlin, hamımız bu birliyi qoruyaq, İslam həmrəyliyini gücləndirək. Qoy, Allah bütün müsəlmanları qorusun!"

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasser çıxışı zamanı qeyd edib ki,bu əlamətdar İslam Həmrəyliyi Oyunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı-2017”nin Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın və onun Azərbaycan İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsində çalışan heyətinin fəaliyyəti sayəsində qonaqpərvər ev sahibinin səyləri ilə mümkün oldu.

Bu axşam keçirilən bağlanış mərasimi burada, Azərbaycanın paytaxtında möhtəşəm idman və dostluq bayramının başa çatmasından xəbər verir. Bakı dövlətlərimizin atletlərinə bacarıqlarını nümayiş etdirmək, dörd qitədən gəlmiş insanlara birlik və anlaşma ruhunda qarşılıqlı əlaqələrimizi qeyd etmək məqsədilə yaradılmış gözəl şəraitləri təmin etdi.

Monitorlarda 2021-ci ildə V İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək İstanbul şəhərindən görüntülərin, idman qurğularının əks olunduğu videoçarx nümayiş etdirildi.

Çıxışlardan sonra tədbirin bədii hissəsi başlayıb.

Səhnə tərtibatı İslam incəsənətinin bənzərsiz həndəsi naxışlarına və ənənəvi Azərbaycan xalçalarının elementlərinə əsaslanır. Səhnənin mərkəzində döymə üsulu ilə hazırlanmış və hamarlanmış diametri 8 metr olan böyük su sinisi və hündürlüyü 25 metrə çatan “Həyat ağacı” yerləşdirilib.

Stadiondakı nəhəng monitorda İçərişəhər canlandı.

Böyük monitorda Azərbaycanın bir çox təbii və memarlıq abidələrini - Şəki Xan Sarayı, Qobustan Milli Qoruğu, Şirvanşahlar Sarayı, Qız Qalası və Heydər Əliyev Mərkəzini seyr edən tamaşaçının diqqəti yenidən Bakı Olimpiya Stadionuna yönəldi.

Sonra 10-dan 1-ə geriyə sayım başladı və bununla da IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə start verildi.

Azərbaycan bayrağı Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbçiləri tərəfindən stadiona gətirilərək, dövlət himninin sədaları altında dirəyə qaldırıldı. Stadion üzərində Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq oldu.

İdmançıların paradı başladı. İslam Həmrəyliyi Oyunlarında iştirak edən atletlər öz ölkələrinin milli bayraqları ilə stadiona daxil oldular. Paradı ev sahibi olan Azərbaycan atletləri tamamladı.

Səhnədə quraşdırılmış “Həyat ağacı”na su verildi və o, rişə atmağa başladı. Ağacın ümumi uzunluğu 80 metr olan kökləri səhnənin kənarından çıxdı.

Stadionda “Qarabağ şikəstəsi”nin əzəmətli sədaları səsləndi.

“Həmrəylik ruhu” adlı bu kompozisiyada aktyorlar Azərbaycanın dekorativ incəsənətində və memarlığında işlədilən və alov mənasını daşıyan buta fiqurlarını yaratdılar.

Bakı İslamiadanın birlik və həmrəylik ruhunu dünya ilə bölüşdü.

Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbçiləri İslam Həmrəyliyi İdman Federasiyasının bayrağını endirdilər.

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nasser bayrağı Türkiyə Respublikasının gənclər və idman nazirinin müavini, “İstanbul-2021” İslam Həmrəyliyi Oyunlarının nümayəndəsi Kamuran Özdənə təqdim etdi.

Türkiyənin dövlət himni – “İstiqlal marşı” səsləndirildi və Azərbaycan bayrağının yanında qardaş ölkənin bayrağı qaldırıldı.

Bağlanış mərasimi “Birlik” adlı konsertlə davam etdi.

Mərasim “Bakı-2017”nin könüllülərinə həsr olunmuş “Salam Bakı” himni və “Mən azərbaycanlıyam” mahnısı ilə yekunlaşdırdı.

Yaddaşlarda dərin iz qoyan, artıq tarixə çevrilən IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi Bakı Olimpiya Stadionunun üzərində möhtəşəm atəşfəşanlıqla başa çatdı.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 May, 2017  11:04 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!