إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Gəncə "İmamzadə" kompleksinin möhtəşəm video-çarxı hazırlanıb - Video

IV İslam Həmrəyliyi Oyunları ərəfəsində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "İmamzadə" dini–mədəniyyət kompleksinin möhtəşəm video-çarxı hazırlanıb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Gəncə İH-dən “Qafqazinfo”ya daxil olan məlumatda qeyd olunur ki, "İmamzadə" dini–mədəniyyət kompleksi şəhərin və bütövlükdə ölkəmizin ən dəyərli memarlıq abidələrindən biri hesab edilir.

Bu kompleksin ən qiymətli abidəsi türbədir. "İmamzadə" dini-memarlıq kompleksində beşinci imam Məhəmməd Baqirin oğlu İbrahimin məzarı yerləşir. Kompleksin ziyarətgah binası müasir səviyyədə qurulub.

Ziyarətgahda qədimliyi saxlamaq şərtilə hündürlüyü 45 metr olan iki minarə, iki namaz zalı və ziyarət zalı tikilib. Ziyarətgahın ümumi hündürlüyü 28 metr, tikinti sahəsi isə 842 kvadratmetrdir. "İmamzadə" kompleksində ümumi sahəsi 220 kvadratmetr olan qurbangah binası da inşa edilib. Ziyarətgahın 1000 nəfərlik zal və mətbəxdən ibarət ehsanxanası da var. Mərasim zalının ümumi sahəsi 1300 kvadratmetrdir. Burada həmçinin mehmanxana da inşa edilib.

Bu ziyarətgahın müsəlman aləmi üçün əhəmiyyətini, o cümlədən yerli və xaricdən gələn zəvvarların sayının ildən-ilə artmasını nəzərə alaraq bu kompleksdə tikilmiş mehmanxanada 33 müsafir otağı var. Burada ayrı-ayrılıqda qadınlar və kişilər üçün dəstəmazgah, yeməkxanalar, konfrans zalı, dini kitabxana, muzey fəaliyyət göstərir.

Kompleksdə dini ayinlər üçün Hüseyniyyə və Zeynəbiyyə ibadət zalları var. Günbəzlərin interyeri yağlı boya ilə nəbati naxışlarla işlənib, eksteryeri isə kərpiclə dekorativ şəkildə örtülüb. Yenidənqurma işləri zamanı kompleksin ərazisinin abadlaşdırılmasına da xüsusi diqqət yetirilib, 10 min kvadratmetr sahə asfaltlanıb, səkilərə bəzək daşları döşənib, müasir işıqlandırma sistemi quraşdırılıb. Burada 40 min kvadratmetrə yaxın sahədə yaşıllıq zolağı yaradılıb, 7 min kvadratmetr sahəyə döşəmə daşları döşənib, min avtomobil yerlik iki dayanacaq və "İmam Hüseyn meydanı" tikilib. Həmçinin kompleksə gediş-gəlişi asanlaşdırmaq üçün giriş hissədə geniş körpü salınıb.

Yol kənarlarına şəhərin ümumi arxitekturasına və görünüşünə uyğun olaraq tarixi və milli kaloritlər verilib. Səki daşları yeniləri ilə əvəzlənib və səkilər yenidən qurulub.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 May, 2017  18:25 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!