إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycan prezidenti: "Radikalizmi yaradan səbəbləri aradan qaldırmalıyıq"

Ekstremizm həm də savadsızlıqdan irəli gəlir, savadsız gənc nəsil terror aktlarına cəlb olunur. İlk növbədə radikalizmi yaradan səbəbləri, sosial bərabərsizliyi aradan qaldırmalıyıq".

APA-nın məlumatına görə, bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib Forumun iştirakçılarının sayı ilbəil artır: "Foruma 120 ölkədən iştirakçı qatılıb. Forumun tərəfdaşlarının siyahısı genişdir. Azərbaycan hökuməti, UNESCO, ISESCO, BMT-nin Sivilizasiyalar Alyansı tədbirin təşkilatçısıdır.

Mədəniyyətlərarası dialoq olmasa, bütün dünya təhlükə ilə üzləşər. Azərbaycan sivilizasiyaların qovuşduğu məkan rolunu oynamalıdır. Ölkəmiz tolerantlığı, dini dözümlülüyü ilə fəxr edir. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri dinc şəraitdə yaşayır. Fərəh edirik ki, 743-cü ildə tikilmiş məscid Şamaxı şəhərində yerləşir. Qədim kilsələrdən biri isə Şəki şəhərindədir. Zərdüşt dininə aid olan atəşgah da Azərbaycandadır. Bu gün ölkəmizdə mövcud olan məscidlər, kilsələr, sinaqoqlar dövlət tərəfindən qorunur, bərpa edilir".

Prezident İlham Əliyev bildirib ki, multikulturalizm Azərbaycanda həyat tərzidir: "Tarixi dövrdən, siyasi sistemdən asılı olmayaraq, Azərbaycan xalqı hər zaman multikulturalizmi dəstəkləyib və ölkə hüdudlarından kənarda yayıb. 2011-ci ildə ilk dəfə təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş format yaratmaq istəyimizdən irəli gəldi. Bu gün dünyada bəzi proseslər, münaqişələr, vətəndaş müharibələri baş verir. Bu, müxtəlif dinlərin, etnik qruplar arasında anlaşmanın çatışmazlığından irəli gəlir. Keçən il Azərbaycanda Multikulturalizm ili, bu il İslam Həmrəyliyi ili elan edilib. Bu, həm də regionda anlaşmaya xidmət edir".

Dövlət başçısı qeyd edib ki, ekstremizm həm də savadsızlıqdan irəli gəlir, savadsız gənc nəsil terror aktlarına cəlb olunur:

"İlk növbədə radikalizmi yaradan səbəbləri, sosial bərabərsizliyi aradan qaldırmalıyıq. Bəzi siyasətçilər reytinq üçün proqramlarını dəyişir, radikal çıxışlar edirlər.Belə QHT də var. Medianın da bu sahədə rolu mühümdür. Forumun məqsədi odur ki, bu çağırışlar önündə səylərimizi birləşdirək. Əminəm ki, Forum uğurlu olacaq, qəbul edilən qərarlar həyata keçiriləcək".

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın üzləşdiyi yeganə problem Ermənistanın torpaqlarımızı işğal etməsidir: "Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon işğal olunub. Azərbaycana qarşı etnik təmizləmə siyasəti törədilib, məscidlərimiz dağıdılıb. Biz Bakının mərkəzində erməni kilsəsini bərpa etmişik, Ermənistan isə işğal olunmuş torpaqlarda bütün mədəni irsimizi məhv edib. ATƏT-in faktaraşdırıcı missiyaları da bunu təsdiq edib".

Dövlət başçısı vurğulayıb ki, Ermənistan torpaqların işğaldan azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmir: "Bəzən BMT qətnamələri saatlar ərzində icra olunur, Azərbaycana münasibətdə isə bu qətnamələrin illərdir, yerinə yetirilməməsi ikili standartların göstəricisidir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisi, hüquqi bir hissəsidir".

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 May, 2017  12:07 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!