إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Azərbaycan Milli Kitabxanasında “Açıq kitabxana” saytının təqdimatı olub

Azərbaycan Milli Kitabxanasının nəzdindəki “Açıq kitabxana”nın elektron xidmətlərinin təqdimatı və kitab müəllifləri ilə “imzalı görüşlər” mərasimi keçirilib.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, tədbirdə kitabxananın direktoru, professor Kərim Tahirov “Açıq kitabxana”nın saytı haqqında geniş məlumat verib. O, “Açıq kitabxana”nın elektron xidmətlərindən danışaraq, virtual sifariş və açıq kitabxananın fondunda olan kitablarla onlayn formatda tanış olmaq imkanlarından yararlanmanın mümkünlüyünü qeyd edib. Həmçinin sayt vasitəsilə oxucuların dünya və respublika kitabxanalarının saytlarına giriş imkanı olduğunu da vurğulayıb. Bundan əlavə, internetdən kitab satışı həyata keçirən mərkəzlərlə əlaqə imkanlarından da danışıb.

“Açıq kitabxana”da müəlliflərin mütəmadi olaraq kitab təqdimatlarının, “imza günləri”, poeziya axşamları, ədəbi-musiqili tədbirlərin və kitab satışının təşkilinin də nəzərdə tutulduğunu vurğulayıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Açıq kitabxana” layihəsinin əhəmiyyətindən, bu təşəbbüsün oxucuların mütaliə mədəniyyətinin, mütaliə marağının artırılmasındakı rolundan danışıb, gələcəkdə buradakı elektron xidmətlərin genişləndirilməsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə “Açıq kitabxana”da ödənişsiz Wi-Fi şəbəkəsinin artıq quraşdırıldığını bildirib. “Apple Store”da “Açıq səma altında kitabxana” proqramının açılması ilə oxucuları buraya cəlb etməyin mümkün olacağını, mədəni istirahət məqsədilə çay-kofe xidmətlərinin də olacağını vurğulayıb.

Nazir, həmçinin kitabxanalarda kitab satışı üçün yer ayrılmasının, xüsusən uşaq ədəbiyyatının sayının artırılmasının da vacibliyini qeyd edib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə bugünkü tədbirin kitab təbliği istiqamətində mühüm addım olduğunu deyərək, kitabxanalarda kitab satışının həyata keçirilməsi fikrini alqışlayıb. Bu məkanın gələcəkdə gənc yazarların görüş yerinə çevriləcəyini qeyd edərək musiqi gecələri və şeir axşamlarının keçirilməsini arzulayıb.

Sonra qonaqlar “Açıq kitabxana”nın saytı və elektron xidmətləri ilə tanış edilib.

Sonda Bakı Şopinq Festivalı çərçivəsində 12 yazarın kitabının satışı və onların “imza günü” keçirilib.



Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 May, 2017  13:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!