إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Cəzaçəkmə müəssisəsində “İslam Həmrəyliyi İli” çərçivəsində tədbir keçirilib - Foto

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi(DQİDK)  ilə birgə cəzaçəkmə müəssisələrində maarifləndirici tədbirləri davam etdirir.

Ahlibeyt.az-ın DQİDK mətbuat xidmətinə istinadən məlumatına görə,növbəti tədbir “İslam həmrəyliyi dini radikalizmə qarşı” mövzusunda 14 saylı cəzaçəkmə müəssisəsində keçirilib.

Tədbirdə Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşları, DQİDK dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov və Bakı bölgəsi üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev iştirak ediblər.

Tədbirdə İslam həmrəyliyinin mahiyyəti barədə məhkumlara məlumat verilib. Mövzu ilə bağlı çıxış edən Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi İslam dünyasına birlik, vəhdət və həmrəylik çağırışıdır. N.Məmmədov qeyd edib ki, İslam həmrəyliyinə çağırış eyni zamanda İslamın adının terrorla bağlanmasına, islamofobiyaya qarşı haqq səsinin ucaldılmasına bir vasitədir.

DQİDK-nın Bakı bölgəsi üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev İslam həmrəyliyinə maneə yaradan dini radikalizm, onun mahiyyəti və fəsadları barədə danışıb, cəmiyyətdəki birliyi qorumaq üçün dini radikalizmdən və Qurani-Kərimdə açıq şəkildə qınanılan nifaq, fitnə, düşmənçilik, günahsız yerə başqalarını öldürmə və s. əməllərdən uzaq durmağın vacibliyini bildirib. İlahiyyatçı vəhdət və birgəyaşayış ənənələrindən misal gətirərək ölkəmizin müxtəlif yerlərində məzhəb və din fərqliliklərinə baxmayaraq, vətəndaşlarımızın çox yüksək mədəni və əxlaqi davranışlara söykənən birgəyaşayış ənənələrinin olduğunu bildirib.

Cəzaçəkmə müəssisəsinin Tərbiyə işləri üzrə rəis müavini, ədliyyə polkovnik-leytenantı Natiq Hacıyev məhkumlara dini etiqadlarını həyata keçirmək üçün müəssisədə yaradılmış şərait barədə məlumat verib. Bildirib ki, müəssisədə fəaliyyət göstərən kitabxanada Dövlət Komitəsinin müvafiq razılığı ilə çap edilmiş ədəbiyyatlar da məhkumların ixtiyarındadır. Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsini dövlətin xalqımızın milli-mənəvi dəyərlərinə verdiyi növbəti dəyər kimi qiymətləndirən N.Hacıyev bu mövzudakı tədbirlərin cəzaçəkmə müəssisələrində də keçirilməsini yüksək qiymətləndirib.

Sonda Dövlət Komitəsinin çoxsaylı nəşrləri cəzaçəkmə müəssisəsinin kitabxanasına hədiyyə edilib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Aprel, 2017  10:46 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!