إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

İƏT Gənclər Forumu Azərbaycanda qadınların şəxsi inkişafı üzrə təlimlərə başlayır

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu, müsəlman ölkələrində qadınların sosial aktivliyini artırmaq, onların əmək bazarında iş tapmaq imkanlarını asanlaşdırmaq, fərdi inkişafına dəstək vermək məqsədilə bu il İƏT-ə üzv ölkələrdə qadınların peşə ixtisaslarına yiyələnməsi üzrə silsilə təlim və tədbirlərin keçirilməsini planlaşdırır.  Bu tədbirlər çərçivəsində Azərbaycanda da bir sıra ödənişsiz təlimlərin keçirilməsinə start verilmişdir. Həmin təlimlərin müvafiq dövlət qurumları ilə  əməkdaşlıq şəraitində həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Ahlibeyt.az-ın islam.az-a istinadən məlumatına görə, təlimlərin ilk mərhələsi çərçivəsində Bakıda İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Mənim sevimli dayəm” adlı tədris layihəsi həyata keçirilmişdir.

Layihənin əsas məqsədləri dayə peşəsi üzrə işləmək istəyən qadınlara peşəkar təlimçilər tərəfindən müvafiq təlimlərin verilməsi və sertifikatlaşdırılması olmuşdur.

Qeyd edək ki, bu mövzuda təlimlər Bakıda ilk dəfə olaraq keçirilir. Fevral-mart ayları ərzində davam edən 24 saatlıq təlim sessiyası ərzində iştirakçılar “Dayənin etik davranış qaydaları və iş öhdəlikləri”, “Uşaq hüquqları və uşaqların təhlükəsizliyi”,  “Uşağa qulluq –  yaşa görə uşaqların qidalanması, geyimi , gigiyenası”, “İlk tibbi yardım bacarıqları”, “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onlara yanaşma qaydaları”, “Dayələrin hüquq və vəzifələri, ailə-dayə münasibətlərinin hüquqi tənzimlənməsi” kimi müxtəlif mövzularda təlim və müzakirərələrdə iştirak etmişlər. Təlimlər Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin ayırdığı həkim və psixoloqlar tərədindən keçirilmişdir.

Təlimin sonunda keçirilən təntənəli mərasimdə iştirakçılar İƏT Gənclər Forumu və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən sertifikatlarla təltif edilmişlər.

Yaxın gələcəkdə qadınlar üçün peşəkar aşbazlıq, xalçaçılıq və s. ixtisaslar üzrə təlimlərin də təşkili planlaşdırılır.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Mart, 2017  16:52 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!