إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Prezidentinin ehtiyat fondundan QMİ-yə 3 milyon manat ayrılıb

Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,0 (üç) milyon manat vəsait ayrılıb.

Ahlibeyt.az-ın məlumatına görə,2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsi tərəfindən keçiriləcək bir sıra tədbirlərin maddi təminatı haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamda bildirilir:

Zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik Azərbaycan ən qədim sivilizasiya mərkəzlərindən biri olub, uzun əsrlərdən bəri müxtəlif dinlərə mənsub insanların dostluq və əmin-amanlıq şəraitində yaşadığı diyardır. Burada ümumbəşəri dəyərləri ehtiva etməklə ölkəmizin İslam aləmində özünəməxsus mövqeyi ilə seçilməsinə yol açan və onu eyni zamanda dinlərarası dialoqun bənzərsiz məkanı olaraq tanıdan yeni mühit təşəkkül tapmışdır.

2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi beynəlxalq ictimaiyyət tərəfindən zamanın çağırışlarına cavab verən çox əhəmiyyətli addım kimi böyük rəğbətlə qarşılanmışdır.

“İslam Həmrəyliyi İli” çərçivəsində Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Azərbaycanın müxtəlif bölgələrində məscid və ziyarətgahlarda, ictimai yerlərdə tanınmış dövlət və din xadimlərinin, müxtəlif dini konfessiya üzvlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbirlər, habelə bir sıra xarici ölkələrdə konfranslar keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İslam dini dəyərlərinin qorunub saxlanılması, təbliği və bu sahədə beynəlxalq səviyyədə əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində silsilə tədbirlərin həyata keçirilməsi məqsədi ilə qərara alıram:

1. “İslam Həmrəyliyi İli” çərçivəsində Qafqaz Müsəlmanları İdarəsi tərəfindən keçiriləcək tədbirlərin maddi təminatı üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Mart, 2017  12:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!