إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Mübariz Qurbanlı: 32 müsəlman ölkəsi digər məzhəbləri qəbul etmir - Bu, düşündürücü məsələdir

Bu bir həqiqətdir ki, dünyada yaşanan böhranlara, qarşıdurmalara baxmayaraq, dünyamızı məhvərindən çıxmağa qoymayan əbədi dəyərlər mövcuddur. Bunların sırasında müxtəlif millət və etiqad sahiblərinin dinc birgəyaşayışı, qarşılıqlı anlaşma mədəniyyəti mühüm yer tutur.

Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə "İslam həmrəyliyi - zamanın çağırışı" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxışında deyib.

O bildirib ki,  İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycan müsəlman ölkələri arasında vəhdətin qurulması proseslərində öndə getməyə qadirdir”.

Şeyxülislam qeyd edib ki, bu gün dünyada dini və milli zəmində ekstremizm tüğyan edir, ksenofobiya, islamofobiya, radikalizm təzahürləri sivilizasiyalar arasında qütbləşməni dərinləşdirir, dinlərarası və millətlərarası dialoqa ciddi zərbə vurur: “Dünyanın müxtəlif nöqtələrində insan qırğını, dini-mədəni irsin məhvi prosesləri zamanında müsəlman aləmində həmrəyliyin olmaması səbəbindən yaşanan faciələrdir. Bu təhdidlərdən bəşər ailəsi yalnız səylərini birləşdirməklə, həmrəylik, dinlər arasında əməkdaşlıq sayəsində xilas ola bilər”.

Konfransda çıxış edən  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki,İslam həmrəyliyinin olması olduqca vacibdir. Çünki zaman sürətlə irəliləyir, dünyada qloballaşma prosesi gedir və bu proses ayrı-ayrı yerlərdə qarşıdurmalara səbəb olur.

Komitə sədri qeyd edib ki,Azərbaycan prezidentinin təşəbbüsü ilə 2017-ci ilin  "İslam həmrəyliyi" elan edilməsi dünyaya bir mesajdır:

“Bu gün dünyada dini zəmində münaqişələr gedir. Həmin münaqişələrdə 700-dən artıq qrup iştirak edir. Lakin ən təəssüfedici məqam bu münaqişələrin çoxunun məhz müsəlman ölkələri ərazisində olmasıdır. Ümumiyyətlə, müsəlman ölkələrində mövcud olan məzhəbçilik müsəlman dünyasına böyük ziyan vurur. 32 müsəlman ölkəsi digər məzhəbləri qəbul etmir. Bu, düşündürücü məsələdir.

İslamofobiya ilə bağlı məsələlər Avropada daha qabarıq şəkildə özünü göstərir: “Çox təəssüf ki, bəziləri islam haqında mənfi rəy formalaşdıraraq guya onun dünya üçün təhlükəli olduğunu bildirir və terrorla eyniləşdirirlər. Bu il mühüm tədbir olan İslam Həmrəylik Oyunları ölkəmizdə keçiriləcək. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra islam dəyərlərinin qorunub saxlanması istiqamətində mühüm işlər görülüb, ölkəmizdə çoxlu sayda məscidlər tikilib bərpa olunub, bundan başqa, digər dinlərin məbədləri dövlət hesabına təmir edilir.

Bu, ölkəmizdə tolerantlığın nümunəsidir və Azərbaycanın yaşayış tərzidir. Bundan əlavə, Azərbaycan I vitse-prezidenti Mehriban Əliyeva bu sahədə mühüm işlər görüb. Bu gün dünyada sülh və əmin-amanlığı bərpa etmək üçün beynəlxalq təşkilatlar səylərini birləşdirməlidir. Azərbaycan bu sahədə üzərinə düşən missiyanı layiqincə yerinə yetirməyə çalışır”.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Mart, 2017  16:05 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!