|
İran Qarabağ probleminin sülh yolu ilə həllinə çalışır - QMİ sədriFevralın 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Ahlibeyt.az-ın Qafqazislam-a istinadən məlumatına görə, qonaqları səmimi salamlayan Şeyxülislam həzrətləri bildirib ki, iki qonşu və qardaş xalq arasında münasibətlərin əsrlərə söykənən tarixi var. QMİ sədrinin sözlərinə görə, Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra İran İslam Respublikası ilə əlaqələrə ciddi önəm verib və Ümummilli Lider Heydər Əliyevin bu sahədə atdığı addımların böyük rolu olub. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev həmin siyasəti uğurla davam etdirir və hər iki xalq dövlət başçıları arasındakı bu xoş münasibətlərin bəhrəsini görməkdədir. Şeyxülislam həzrətləri son illərdə Azərbaycanla İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin bütün sahələrdə uğurla davam etdiyini diqqətə çatdırıb, ədliyyə naziri Mustafa Purməhəmmədinin səfərinin və keçirdiyi görüşlərin bu münasibətlərə töhfə verəcəyinə inandığını bildirib. QMİ sədri qeyd edib ki, İran bütün səviyyələrdə ölkəmizin ərazi bütövlüyü tanıyır, müdafiə edir və Qarabağ probleminin sülh yolu ilə həllinə çalışır. QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə salamlarını İran İslam Respublikasının Ali Dini rəhbəri, Ayətullah Seyid Əli Xameneiyə və ölkə Prezidenti Həsən Ruhaniyə çatdırmağı ədliyyə nazirindən xahiş edib. İranın ədliyyə naziri Mustafa Purməhəmmədi səmimi qarşılanmaya görə təşəkkür edib, uzun illik fasilədən sonra yenidən qardaş Azərbaycana səfər etmək imkanı qazandığından məmnunluğunu bildirib. İranlı nazir Azərbaycanda keçirdiyi görüşlər barədə məlumat verib, dövlət başçısı İlham Əliyevin qəbulunda olarkən mühüm məsələlər ətrafında səmərəli müzakirə aparıldığını qeyd edib. Mustafa Purməhəmmədinin sözlərinə görə, bəzi qüvvələr zaman-zaman bu iki dövlət arasında münasibətləri gərginləşdirməyə çalışsalar da heç vaxt öz məkrli planlarını həyata keçirə bilməyiblər, bundan sonra da heç vaxt buna nail olmayacaqlar. Nümayəndə heyətinin başçısı bildirib ki, Azərbaycan İslam aləmi üçün mühüm əhəmiyyəti olan dövlətlərdən biridir. Həm Azərbaycan, həm də İran vətəndaşları İslam dini altında fəaliyyət göstərən radikal təşkilatlara qoşulmayıb, bölgədə və bütün dünyada sülhün, sabitliyin tərəfdarı kimi çıxış ediblər. Nazir Mustafa Purməhəmmədi Şeyxülislam Allahşükür Paşazadənin İslam dünyasına xidmətlərini xüsusi vurğulayıb və QMİ sədrinə təşəkkürlərini bildirib. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda nümayəndə heyətinin şərəfinə ziyafət verilib. Görüşdə QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev, İranın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə iştirak ediblər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Fevral, 2017 10:46 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |