|
Hacı Şahin Həsənli Beynəlxalq Quran Xəbər Agentliyinə (İQNA) müsahibə veribTəkfirçilik din tanımır, bu dünyaya təbliğ olunan müasir mədəniyyətin mahiyyətidir. Hər şey inkar olunur, hər şey məsxərə edilir, hər şey təhrif olunur, eqoizminə rəvac verilir, özünlə müqayisədə başqasının dəyərsizliyi aşılanır. Ahlibeyt.az-ın məlumatına görə,bunu tanınmış İlahiyyatçı alim, Məşədi Dadaş məscidinin imam camaatı Hacı Şahin Həsənli Beynəlxalq Quran Xəbər Agentliyinə (İQNA) müsahibəsi zamanı bildirib. Müsahibənin mətnini təqdim edirik: - Yaxın Şərqdə, xüsusilə İraq və Suriyada vəhhabi təriqtəçilərinin törətdiyi cinayətləri hamımız müşahidə edirik. Terrorçuların əsirlərlə davranışına, xalqa divan tutmasına, təkfirçi mövqe tutmalarına dinimizin münasibəti necədir? - Olduqca mühüm mövzuya toxunmusuz. Biz Azərbaycan xalqı olaraq müharibə zamanı erməni vəhşiliklərini gözümüzlə görmüşük. Dinc dövrdə belə erməni terrorundan əziyyət çəkmişik. Müsəlman kimliyimizə olan nifrət düşməni ən alçaq və iyrənc əməllərə vadar edirdi. Əsirlərimizə verilən işgəncələr, meyitlərin və qəbirlərin təhqi edilməsi, tarixi abidələrimizə, müqəddəs məkanlarımıza qarşı həqarətin acısı hələ də bizi incidir. Bu baxımdan İraq və Suriyada nələrin baş verdiyini təsəvvür edirilk.Təkfirçilik din tanımır, bu dünyaya təbliğ olunan müasir mədəniyyətin mahiyyətidir. Hər şey inkar olunur, hər şey məsxərə edilir, hər şey təhrif olunur, eqoizminə rəvac verilir, özünlə müqayisədə başqasının dəyərsizliyi aşılanır. Bu səbəbdən təkfirçilik, düşüncəsizlik, fanatizm və insaniyyətsizlik istər dində, istər siyasətdə, istərsə elm və mədəniyyətdə öz əksini tapır. Təkfirçi təriqətlər İslamın yad mədəniyyət müstəvisində başa düşülməsi nəticəsində yaranıblar. Nə peyğəmbərimiz bu mövqedə olub, nə Quran bu yanaşmanı bizə aşılayıb. Quran təqribşiliyə, birliyə ən çox diqqət yetirən səmavi kitabdır. Bəlkə, Quranın ana xəttini bəşəriyyətin vəhdəti ideyasıdır. Fikir verin, müsəlmanlarla yəhudilər arasında qiblə barədə mübahisə düşəndə Quran hansı mövqedə durur? “Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Harada olursunuz olun Allah sizin hamınızı bir yerə toplayacaqdır…” (Bəqərə:148). Quran münaqişəni alovlandırmır, hərçənd müsəlmanlar yəhudilərdən daha güclü idilər. Əksinə, ortaq məxrəcə təşfiq edir. Məgər Quran ixtilafda olan ibrahimi dinlərin davamçılarını həzrət İbrahimi (ə) özünküləşdirərək ixtilaf yaratmaq əvəzinə, onun şəxsiyyətini universallaşdırıb birləşməyə dəvət etmir? Vuruşmaq əmri Quranda zərurətdən doğub, müşriklərin hücumunu dəf etməyə təşfiqat olub. Quran məntiqi ilə, sülh savaşın kölgəsində deyil. Quran birlik və sülhü təbii hal, ixtilaf və savaşı isə orta yoldan yayınmanın nəticəsi hesab edir. Əsirlərlə izzətlə davranan bizim peyğəmbərimiz (s) deyildimi? Məkkənin fəthindən sonra ona dağ çəkənləri, 20 il müsəlmanlara qan udduranları əfv edən bizim peyğəmbər (s) deyildimi? Savaş zamanı “ağacdan yarpaq belə qoparmayın” əmrini verən bizim peyğəmbər (s) deyildimi? Düşməni susuz qoymayan, quyulara yolunu kəsməyən insaniyyət nümunəsini İslam təqdim etmirmi? Bütün bunları görmək və anlamaq üçün insan İslamın ruhiyyəsini başa düşməlidir, sadəcə şəklini yaşatmamalıdır. Təkfirçilər bunun əksinə olaraq yad mədəniyyətin ruhiyyəsini yaşayaraq, İslamın da zahiri ehkamını təhrif edirlər. - Bildiyimiz kimi Azərbaycanda bir neçə gün öncə radikal cərəyanlara qarşı əməliyyat keçirildi, hətta 4 nəfərin həbs olunduğu bildirildi. Belə əməliyyatlar öncə də keçirilmişdi. Sizcə Azərbaycan üçün vəhhabi təhlükəsi varmı? - Radikallıq təhlükəsi hər yerdə var. Dünyada dinə maraq artır, insanlar dinə yenidən bağlanır və təbii ki, yan təsirlər də olur. Bir çoxu dini öz zövqü və xasiyyətinə uyğunlaşdırmaq istəyir. Bir az da özündən razı, çılğın, kinli, aqressiv insan da təkfirçi olur. Digər cəhətdən də, müsəlman ölkələrində radikallığa xaricdən süni şəkildə rəvac verilir. Bütün bunlar, Azərbaycandan da yan ötməyib, lakin dövlət qurumları bu sahədə ayıq-sayıqlıq nümayiş etdirir və bu problem Azərbaycanda çox ciddi deyil. Allaha şükr olsun ki, xalıqımız da bu tərz-təfəkkürdən uzaqdır, təriqətçilərə qarşı ayıqdır. Tolerantlıq, dözümlük, fədakarlıq kimi milli xüsusiyyətlərimiz təkfirçiliklə bir araya sığmır. Lakin, hər halda belə əməliyyatların keçirilməsi çox zəruridir, radikallıq heç bir dil, heç bir qayda-qanun, heç bir əxlaq tanımır. Bu xəstəliyi kökündən çıxartmaq gərəkdir, əks təqdirdə istənilən zaman ən tolerant cəmiyyətdə belə sürətlə yayıla bilər. - Vəhabilər Azərbaycana necə nüfuz edir və bir din alimi olaraq onlara qarşı fəaliyyət göstərirsizmi? - Azərbaycan 70 il ateizmi təbliğ edən Sovet imperiyasının tərkibində olub. Sovetlər dağıldıqdan sonra din sahəsində ciddi boşluq yarandı. Bir tərəfdən insanlar kütləvi şəkildə dinə axışmağa başladı, digər tərəfdən isə xalqın dini bilikləri çox az idi və xurafatla qarşımışdı. Üstəlik iqtisadi modelin dəyişməsi, dövlət quruculuğunun təzə başlaması ölkədə bir sıra iqtisadi və sosial problemlər yaratmışdı. Bu vəziyyətdən bir çox sektalar sui-istifadə etməyə çalışdı. Onlar maddi çətinlikdə olan, dini bilgiləri olmayan insanları öz sıralarına çəkməyə çalışırdı. Vəhhabilik də istisna deyil. Xaricdən maliyyələşən müxtəlif “xeyriyyə” fondları bu təriqətin yayılmasına ciddi vəsait xərcləyirdi. Lakin, dini maarif gücləndikcə, iqtisadi və sosial durum yaxşılaşdıqca bu prosesin qarşısı xeyli alındı. Hazırda radikal dini cərəyanların Azərbaycanda ciddi sosial bazası yoxdur, onların sayı çox deyil. Lakin güclü maliyyə dəstəkləri var. Eyni zamanda Yaxın Şərqdə İŞİD-in fəallaşması, Qərbin onlara dəstəyi ölkəmizdə olan azsaylı təkfirçiləri da fəallaşdırdı. Düzdür, bunun qarşısını dövlət qurumları alır, lakin din xadimlərinin də xalqla maarifləndirici işlər aparması olduqca zəruridir. Biz özümüz istər fərdi qaydada, istərsə də Qafqaz Müsəlmanları İdarəsi çərçivəsində daim təkfiriçiliklə mübarizə aparmışıq. Təqribçilik, tolerantlıq, təkfirçiliyin təhlükəsi mövzularında müxtəlif tədbirlərə qatılır, mətbuatda çıxış edir, xütbələrimizdə buna toxunuruq. Bizim fəaliyyətimizin əsas istiqaməti İslam dünyagörüşünü aşılamaqdır. Dünya olduqca həssas bir dönəmə qədəm qoyub. Hər tərəfdən dinə qarşı ittihamlar gəlir, dindarın mənfi obrazı formalaşdırılır, din adı altında düşünülməmiş və təhlükəli addımlar atılır. Belə təəssürat yaranıb ki, dünya abadlaşır, demokratiya hər yerdə cənnət yaradır, Qərb mədəniyyəti insanları xoşbəxt edir. Bircə bu saqqallı, qaraqabaq, haqq-ədalət adı altında sabitliyi pozan, hamıya nifrət püskürən, məzhəbçi müsəlmanlar inkişafa mane olurlar. Bu təbliğatın uğurlu olmasında müsəlmanların da payı az deyil. İslam dünyagörüşünün aşılanması azdır artıq, müsəlmanın düzgün nümunəsini göstərmək gərəkdir. “İslam insanlıq üçün nə edə bilər?” sualını əyani şəkildə ortaya qoymalıyıq. Hansı müsəlman öz elmi nəaliyyəti ilə, bəşəriyyətə xidməti ilə, ixtiraları ilə, fədakarlığı ilə dünyaya səs sala bilib? Niyə müsəlmanlar heçnə yaratmır, istehsal etmir, incəsənət nümayiş etdirmir, Qərbin mədəniyyəti ilə ayaqlaşa bilən bir mədəniyyət yaratmır? Bütün bunlar insanları ciddi düşündürür və əqidə seçiminə ciddi təsir buraxır. İnsanları fəlsəfi mövzular deyil, həyatın keyfiyyəti maraqlandırır. Odur ki, müsəlman olaraq özünü kiçik görənlər ya əlinə silah alıb hamıdan intiqam alır, ya da dinə barmaqarası baxır. Bunun qarşısını yalnız və yalnız praktiki nümunələr ortaya qoymaqla ala bilərik. - Türkiyədə şiələrə məxsus iki kanal fətullahçılarla işbirliyi adı altında qapadıldı. Buna münasibətiniz necədir? - Kanal On4 və kanal 12-nin bağlanması bizdə də çaşqınlıq yaratmışdı. Ən azı ona görə ki, kanal On4 məzhəblərarası birliyə köklənmişdi, kanal 12 isə ümumiyyətlə siyasətdən uzaq idi. Hər iki kanal Azərbaycanda da izlənilir və sevilirdi. Hər iki kanal Türkiyədən yayımlandığı üçün, məsələ ilə bağlı tam dolğun məlumata malik deyilik. Hər halda müasir informasiya vasitələrinin inkişafını nəzərə alsaq, belə bir addımın uğursuz olduğunu deyə bilərik. Bildiyimiz qədər də, problem yaxın zamanda həll oluna bilər. Bizim də ümidimiz elə bunadır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Fevral, 2017 12:32 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |