|
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin 27-ci ildönümü münasibətilə bəyanat yayıbQafqaz Müsəlmanları İdarəsi (QMİ) 20 yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanat yayıb. Ahlibeyt.az-ın QMİ mətbuat xidmətinə istinadən məlumatına görə, bəyanatda deyilir ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşında yaşayır və əsla unudulmayacaq. "Vətən uğrunda həyatlarını qurban verən övladlarımız Allah-təalanın nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalıblar. Azərbaycanın dövlətçilik tarixində 20 Yanvar günü, bütün faciəsi ilə yanaşı, xalqımızın milli müstəqillik, Vətənimizin azadlığı uğrunda yenilməz iradəsinin rəmzinə çevrilmişdir. Təpədən dırnağadək silahlanmış sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha da yüksəkdən bəyan etdi. Azərbaycanın taleyi, hətta xəritədəki varlığı şübhə altında olduğu bir vaxt bu səsi, ilk olaraq, Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, qanlı cinayətin təşkilatçılarını qəzəblə ittiham etdi, törədilmişləri hüquqa, demokratiyaya, humanizmə qarşı cinayət kimi səciyyələndirdi. Bakıdan isə Şeyxülislam Allahşükür Paşazadə SSRİ Prezidenti Mixail Qorbaçova ünvanladığı məktubunda törədilənlərə görə dövlət rəhbərini təqsirləndirdi və Azərbaycan xalqı adından ittiham etdi. Siyasi liderimizin, xalqımızın və dini rəhbərimizin birgə mövqeyi milləti ruhlandırdı, haqsızlığa qarşı səfərbər etdi. Əli öz vətəndaşlarının qanına bulaşmış hərbi rejimin bütün hədə-qorxularına, ölüm təhdidlərinə belə baxmayaraq, fövqəladə vəziyyət şəraitində bir milyondan artıq insan şəhərin baş meydanına axışdı, azadlıq ugrunda qurban getmiş şəhidlərini ehtiramla son mənzilə yola saldı", deyə bəyanatda vurğulanıb. Bəyanatda bildirilib ki, QMİ, dini liderlər qanlı hadisələr zamanı xalqın önündə birlikdə oldular: "Bütün imkanlardan, qüvvələrindən istifadə edərək çalışdılar ki, 20 Yanvar faciəsini dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırsınlar, haqq işimiz dəstək qazansın, törədilənlər insaniyyətə qarşı yönəldilən amansız cinayət kimi qiymətləndirilsin. Təəssüf edirik ki, sovet rəhbərliyi tərəfindən Azərbaycan xalqına və onun böyük oğlu – ulu öndər Heydər Əliyevə qarşı məkr və təxribatların davamı olan 20 Yanvar faciəsi bugünədək tam beynəlxalq hüquqi, siyasi qiymətini almayıb, cinayətkarlar məsuliyyətə cəlb olunmayıb. Dünyada problemlərə qərəzli, ikili standartlar çərçivəsində yanaşılması, təəssüflər olsun ki, Azərbaycan xalqına qarşı Qarabağda təcavüz, kütləvi terror, Xocalı qətliamı törədənlərə münasibətdə də özünü göstərmişdir. Azadlıq və demokratiyadan dəm vuran bəzi ölkələr və beynəlxalq təşkilatlar hələ də susmağa üstünlük verməkdədirlər". QMİ-nin bəyanatında qeyd edilib ki, Azadlığın yolu şərəfli, müqəddəsdir və Azərbaycan xalqı öz müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhidlər verdi: "Şəhidlər Allahın onlara göndərdiyi imtahandan mərdliklə, fədakarlıqla çıxıb, axirətlərini cənnətdə qazanmışlardır. Odur ki, 20 Yanvar günü kədərə-qüssəyə batmaq günü deyil, şəhidlərimizi anmaq, xalqımıza, xüsusilə gənclərimizə qəhrəmanlıq və vətənpərvərlik ruhu təlqin etmək günü olmalıdır. Qafqaz Müsəlmanları İdarəsi bütün Qafqaz müsəlmanlarının adından 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin bütövlüyü və milli müstəqilliyimiz ugrunda canlarını fəda etmiş bütün şəhid ailələrinə dərin hüznlə başsağlığı verir. Multikultural dəyərlərə malik Azərbaycanın müstəqilliyi uğrunda müxtəlif din və millətlərə mənsub vətəndaşlarımız şəhid olmuşlar. Biz şəhidlərimizi unutmuruq və heç zaman unutmayacağıq. Şəhidlərin ruhuna ən böyük töhfə müstəqilliyimizin davamlılığı, Qarabağ zəfəri, Vətənimizin qüdrəti və xalqımızın səadətidir. Biz inanırıq ki, Allahın köməyi və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yaxın gələcəkdə millətimiz öz ülvi arzularına yetişəcəkdir. Bu ümummilli hüzn, eyni zamanda, xalqımızın birlik və vəhdətini təcəssüm etdirən qürurlu tarixin ildönümü gününü yüksək səviyyədə qeyd etmək, şəhidlərimizin əziz ruhlarını anmaq bütün vətəndaşlarımızın, o cümlədən, dindarların Allah, Vətən qarşısında müqəddəs borcudur. Qafqaz Müsəlmanları İdarəsi bütün məscidlərə tapşırır ki, 20 Yanvar günü bu bəyanatın mətni oxunsun, «Axund və imamlar üçün xütbə nümunələri»ndə Qarabağ, 20 Yanvar həqiqətləri barədə təqdim olunmuş şəkildə dindarlara moizələr edilsin, əziz şəhidlərimizin xatirəsinə anma mərasimləri keçirilsin, ruhları üçün Quran oxunsun, Allah-Təalaya dualar edilsin. Uca Allah Vətən torpağı uğrunda canını fəda etmiş şəhidlərə rəhmət eləsin!"
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Yanvar, 2017 15:19 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |