|
Hacı Şahin Fazil Mustafaya mesaj göndərdi: “Ehtiyatlı olmalıdır...”“Məşədi Dadaş” məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Hacı Şahin Həsənli Teleqraf.com-un suallarını cavablandırıb:
- Ötən gün Azərbaycan prezidenti 2017-ci ili Azərbaycanda İslam Həmrəyliyi ili elan etdi. Bu qərarı necə qiymətləndirirsiniz?
- Dövlət başçısı tərəfindən 2017-ci ilin İslam Həmrəylik ili elan olunmasını əlamətdar hadisə hesab edirəm. Çünki Azərbaycan dövlətinin İslam həmrəyliyinə verdiyi önəm çox təqdirəlayiqdir. İslam həmrəyliyi həm də Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olub. Dövlət başçısı çıxışlarında dəfələrlə vurğulayıb ki, biz xarici siyasətimizdə İslam ölkələrinin mövqeyini dəstəkləyirik. Eyni zamanda, bu gün həmrəyliyə ciddi ehtiyac var. Çünki dünyada məzhəb zəminində ciddi ixtilaflar və münaqişələr baş verir. Belə bir vəziyyətdə Azərbaycanın həmrəyliyə önəm verməsi olduqca vacibdir.
- İslam dininin təbliğatı ilə bağlı sosial şəbəkə və mediadakı təbliğatı necə dəyərləndirirsiniz?
- Son illərdə Azərbaycanda bir neçə televiziya proqramı var ki, orada İslam dini təbliğ olunur. Elektron mətbuatda da dini mövzular davamlı olaraq işıqlandırılır. Həmişə onun tərəfdarı olmuşam ki, dini dəyərlərimizi təbliğ etməliyik. Çünki din təbliğ olunmazsa, xarici təsirlər güclənər. Başqa dövlətlərin din təbliğatı o yerlərdə nəticə əldə edir ki, orada dini sahədə savadsızlıq olsun. Ona görə də hesab edirəm ki, dini düzgün çatdırmaq istiqamətində daha ciddi addımlar atılmalıdır.
- Bir neçə ildir azərbaycanlıların İŞİD-ə qoşulması halları müşahidə edilir, açıq şəkildə terrorizmlə bağlı çağırışlar səslənir. Gəncləri bu meyillərdən aşındırmaq üçün hansı tədbirlər keçirilməlidir? Azərbaycanlılar İŞİD-ə necə yol tapır? Onların qarşısını almaq niyə mümkün deyil?
- Azərbaycanlıların dini düşüncəsində radikallığa yer yoxdur. Tarixən də belə olub. Azərbaycan insanının təfəkküründə din insanlara və tanrıya qarşı məhəbbət deməkdir. Bu, klassik poeziyamızda da əksini tapıb. Azərbaycanın dini təfəkkürünün əsas təməli yaradılışa məhəbbətdir. Təəssüflər olsun ki, bir qrup dinimizdən xəbərsiz olan gəncləri bu qruplaşmalar və cərəyanlar öz təsirinə sala bilmişdi. Amma bir neçə il bundan öncə Suriyaya döyüşməyə gedən gənclər vardısa, il yarımdır bu say kəskin şəkildə azalıb. Azərbaycandan münaqişə bölgələrinə gedən, o qruplaşmalara cəlb edilən insanların sayı olduqca azalıb. Düşünürəm ki, bu, ciddi dini təbliğatın və fəaliyyətin nəticəsidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin birgə maarifləndirmə tədbirləri öz effektiv nəticəsini verib. Özüm bir neçə tədbirlərdə şəxsən iştirak etmişəm. Hətta Dövlət Komitəsi ilə Müdafiə Nazirliyinin bir layihəsi baş tutdu, hərbi hissələrdə radikal cərəyanlar haqda mühazirələr oxundu. Bir sözlə, ciddi və sistemli iş görüldü. Eyni zamanda, hüquq-mühafizə orqanları tərəfindən bu hərəkətlərin qarşısının alınması istiqamətində də addımlar atıldı. Xaricdəki qruplaşmalara qoşulan şəxslərə qarşı sərt tədbirlərin görülməsi ilə bağlı qanunvericilikdə dəyişikliklər oldu. Bütün bunların proseslərə təsiri, əlbəttə, var. İl yarımdır terror qruplaşmalarına qoşulanların sayı minimuma enib.
- Zaman-zaman qanunlarımızın təkmilləşməsi istiqamətində layihələr hazırlanır. Sizcə, qanunlar hazırlananda İslam qaydaları nəzərə alınmalıdır?
- İstənilən ölkədə qanunvericilik həm də xalqın milli-mənəvi dəyərlərini əks etdirir. Hüquq həm də əxlaq, mənəviyyatla əlaqəlidir. Dünya ölkələrində əxlaq və mənəvi dəyərlər nəzərə alınmaqla qanunvericilik qəbul edilir. Azərbaycanda bir sıra qanunvericilik aktlarında bu amillər nəzərə alınır. Hesab edirəm ki, bizim dini dəyərlərimiz həm də milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Ona görə də hər zaman bu mövzulara toxunulanda Qafqaz Müsəlmanları İdarəsi də qanun layihələrinin qəbulunda iştirak edir, öz rəyini bildirir. Qanunların qəbulu zamanı milli-mənəvi dəyərlərin nəzərə alınması çox normaldır.
- İslam dininin digər dinlərə nisbətən siyasi hakimiyyətə daha iddialı olduğu fikirləri tez-tez səslənir. Dünyada dini dövlət qurmaq istəyən müxtəlif terror təşkilatları da var. Şəriətin yeri harada və necə olmalıdır?
- Burada söhbət İslamın siyasətə can atmasından getmir. İstənilən tarixi dönəmdə dinlərdən siyasi alət kimi istifadə olunur. Bu gün də təəssüf olsun ki, özünü müsəlman adlandıran bəzi şəxslərin naşılığı və savadsızlığı ucbatından din hansısa dövlətin siyasətinin alətinə çevrilir. Din siyasətin alətinə çevrilsə, gözdən düşər. Dini dəyərlər gərək öz təmizliyini qoruyub saxlasın. Təəssüf ki, dəyərli şeydən həmişə sui-istifadə olunub. Din də dəyərli məfhumdur deyə dindən də sui-istifadə cəhdləri var. Sui-istifadə cəhdləri həm də dinin aktuallığı ilə bağlıdır. Bu gün dünyada din aktualdır, maraq kəsb edir deyə hər kəsin diqqətini cəlb edir və inancdan sui-istifadə halları olur. Din mütərəqqi dəyərdir, insanlara səadət bəxş etmək gücündədir. Amma düzgün anlaşılmazsa, insanlar üçün bədbəxtliyə çevrilə bilər. Bir sözlə, din olduqca həssas məsələdir. İslam dini heç zaman müsəlmanların siyasətin aləti olmasını qəbul etməyib. İslam dini insanın mənəvi və əxlaqi təkamülü üçün göndərilib, şəriət qaydaları da insan və cəmiyyətin mənəvi baxımdan təkmilləşməsi üçündür. Əldə bayraq edib dinin hansısa ölkənin siyasətinə alət olunması qətiyyən yolverilməzdir.
- Milli Məclisin deputatı Fazil Mustafanın şiə məzhəbinin nümayəndələri barədə fikirləri müzakirələrə səbəb olub. Bəzi şəxslər deputatın fikirlərini məzhəbçi və təhlükəli sayır. Fazil Mustafanın fikir və yazılarını izləyirsinizmi və necə dəyərləndirirsiniz?
- Dinlə, hansısa məzhəblə bağlı fikir səsləndirərkən diqqətli olmalıyıq. Bayaq vurğuladığım kimi dövlət başçısı tərəfindən 2017-ci ilin İslam Həmrəyliyi ili elan olunması onu göstərir ki, Azərbaycan dövləti və xalqı birlik və həmrəylik ideyasına sadiqdir. Millət vəkilləri fikir səsləndirərkən ehtiyatlı olmalıdır. Çünki Azərbaycanda iki ənənəvi böyük məzhəb var: şiə və sünni məzhəbi. Tarixən bu məzhəblər Azərbaycan əhalisinin böyük hissəsini təşkil edib. Şiələr Azərbaycanda hansısa məhdud və marginal qrup deyil, əhalinin böyük hissəsidir, eyni zamanda sünni məzhəbi də dövlətimizdə ənənəvi məzhəbdir. Bu məzhəblərlə bağlı fikir səsləndirəndə hansısa bir qrup haqda danışırmış kimi danışmamalıyıq. Bu, Azərbaycan xalqının inancı, etiqadıdır. Hər bir insan buna hörmətlə yanaşmalıdır. Siyasi məsələlərlə bağlı fikir irəli sürəndə məzhəb məsələsinin qabardılmasını yanlış hesab edirəm. Düşünürəm ki, bu məsələlərdə diqqətli olmaq lazımdır. Çünki bu, bəzi insanların inancına və hisslərinə toxuna və yanlış nəticələrə gətirib çıxara bilər. Hansısa məzhəbin adının mənfi halda çəkilməsi qətiyyən yolverilməzdir. Kimliyindən asılı olmayaraq hər kəs bu məsələlərə ehtiyatlı yanaşmalıdır. Azərbaycanda tarixən mövcud olan qardaşlıq əlaqələrini və münasibətlərini sarsıdacaq hər hansı bəyanata yol verməmək lazımdır. Hamı öz məsuliyyətini anlamalıdır.
- Fazil Mustafanın fikirləri ətrafındakı polemika fonunda sosial şəbəkələrdə böyük kütlə məzhəb ayrı-seçkiliyi ilə bağlı müzakirələr açır. Bu ayrı-seçkilik hansısa xoşagəlməz nəticələrə gətirib çıxara bilərmi?
- Hesab edirəm ki, məscidlərdə din xadimləri bu istiqamətdə iş aparmalıdır. İnanclı insanlara da aşılanmalıdır ki, məzhəblərarası məsələləri müzakirə etmək, ixtilafları qızışdırmaq üçün bu qədər vaxt və enerji sərf etmək yanlışdır. Bu, bütövlükdə inancımıza zərər vura, dövlətçiliyimizi zəiflədə bilər. Bu barədə kompleks tədbirlər görülməli və din xadimləri İslam vəhdəti istiqamətində addımlar atmalıdır. Dinimizin təbliği insanlara məhz birlik və vəhdət ideyasını çatdırmalıdır. Bəzi cərəyanlar var ki, onlar öz təbliğini başqalarının tənqidi üzərində qurur. Təəssüflər olsun ki, bəzən də sosial şəbəkələrdəki mübahisələr bəzi din xadimləri tərəfindən qızışdırılır. Bəzi dövlətlərin Azərbaycanda ixtilaflar olmasında marağı var. İlk növbədə belə hallar sosial şəbəkələrdə yayılır, sonra real həyata sirayət edə bilər. Hansısa əlamətdar günlərdə deyil, ənənəvi məzhəblərə aid din xadimləri və inanclıların müntəzəm olaraq birgə tədbirlər keçirməsi vacibdir. Necə ki Heydər məscidində vəhdət namazları qılınır, bu ənənəni başqa məscidlərə də tətbiq etmək lazımdır ki, əsrlərlə qoruduğumuz dəyərlər sarsılmasın. Çünki bunu zədələmək üçün çalışan qüvvələr var. Xaricdən bəzi dövlətlər məzhəb zəminində Azərbaycana ixtilaf salmaq istəyindədir. Bunun qarşısının alınması üçün bütövlükdə cəmiyyət, o cümlədən, din xadimləri, ziyalılarımız, dövlət qurumları tərəfindən zəruri addımlar atılmalıdır. İndiyədək belə addımlar atılıb.
Məscidlərdə xütbə oxunanda bu fikir çatdırılmalıdır ki, gənclər sosial şəbəkələrdə digər məzhəbi tənqid edirsə, ona qarşı aqressiv fikir yazırsa, bu, dini baxımdan da haramdır, yolverilməzdir və böyük günah sayılır.
- Siz həm də Qafqaz Müsəlmanları İdarəsində çalışırsınız, istərdim bu qurumun son bir ilki fəaliyyətini qiymətləndirəsəiniz. Belə iddialar səslənir ki, Hacı Şahin Həsənlinin xütbələrində əvvəlki sərtlik yoxdur...
- Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsiyəm və mənim xütbələrimi izləyən insanlar bilir ki, mövqeyim həmişə eyni olub və bu mövqeyimi də davamlı olaraq müdafiə etmişəm. Heç vaxt sərtliyin tərəfdarı olmamışam, çalışmışıq ki, din-dövlət münasibətləri müsbət məcrada inkişaf etsin. Buna din xadimi olaraq hər zaman öz töhfəmi verməyə çalışmışam. Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətinə gəlincə, bu təşkilat daxilində din xadimlərinin təkmilləşdirmə kursları öz fəaliyyətini davam etdirir. Bu kurslar din xadimlərinin elmi səviyyəsinin yüksəldilməsi üçün atılan addımlardır. Keçən il ərzində davamlı olaraq bu proses gedib və onlarla din xadimi təkmilləşdirmə kurslarında iştirak edib sertifikatlar alıblar. Bu həm də din xadimlərinin dünyəvi elmlərə sahib olması üçün vacib məsələlərdən biridir. Eyni zamanda Qafqaz Müsəlmanları İdarəsi tərəfindən dini əlamətdar günlərdə tədbirlər keçirilib, mövlud mərasimləri baş tutub, elmi-praktik konfranslar olub. Azərbaycanda Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Qafqaz xalqlarının dini liderlərinin toplantısı, o cümlədən bir neçə beynəlxalq tədbirlər keçirilib. Hər zaman regionlarda maarifləndirmə işləri aparılır, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər təşkil edilir, il ərzində mütəmadi olaraq gənclərlə görüşlər olur.
- Kifayət qədər mütaliəli şəxssiniz. Hazırda hansı kitabı oxuyursunuz?
- Mütəmadi olaraq boş vaxtlarımda şeir və qəzəl oxumağı xoşlayıram. Hazırda Ziqmund Freydin “Yuxu yozmaları” kitabını oxuyuram.
- Hansı dildə oxuyursunuz?
- Rus dilində.
- “Qurani-Kərim”i bir neçə tərcüməçi ərəb dilindən Azərbaycan dilinə tərcümə edib. Siz hansı tərcüməni daha iddialı sayırsınız?
- Tərcümələri müqayisə etmək çətindir. Tərcüməni həyata keçirən insanlar özləri də deyir ki, “Qurani-Kərim”i tam dolğun tərcümə etmək o qədər də asan məsələ deyil. Hər halda Ziya Bünyadov və Vasim Məmmədəliyevin tərcüməsini uzun illərdir oxuyuruq. Hərçənd ki, orada fərqli yanaşma və təfsirlər ola bilər. Daha çox o tərcüməyə müraciət edirəm.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Yanvar, 2017 10:50 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |