إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

"İslam həmrəyliyi Azərbaycan üçün həm din, həm də dövlətçilik məsələsidir" - Hacı Şahin

Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyi ili" elan olunması əlamətdar hadisədir.

Ahlibeyt.az-ın məlumatına görə, bunu Milli.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, "Məşədi Dadaş" məscidinin imam-camaatı Hacı Şahin Həsənli prezident İlham Əliyevin 2017-ci ili "İslam Həmrəyliyi ili" elan etməsinə münasibət bildirərkən deyib.

İlahiyyatçının fikrincə, İslam, müsəlman dünyasında məzhəb zəminində baş verən münaqişələr fonunda Azərbaycanın İslam həmrəyliyinə bu qədər önəm verməsi çox təqdirəlayiq məsələdir: "Azərbaycan dövlət olaraq həmişə İslam həmrəyliyi mövqeyindən çıxış edib və nadir ölkələrdən biridir ki, tarixində məzhəb zəminində hər hansı münaqişə və ciddi ixtilaf olmayıb. Məsələyə dövlət səviyyəsində yanaşılması və vəhdətin qabardılması isə olduqca mühüm addımdır. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın xarici siyasət prioritetlərindən biri də məhz İslam həmrəyliyidir. Hesab edirəm ki, bu gün dünyada baş verən hadisələr fonunda Azərbaycanda ənənəvi məzhəblər arasında qardaşlığın möhkəmləndirilməsi çox mühüm məsələdir. Bu, Azərbaycan üçün həm din, həm də dövlətçilik məsələsidir".

QMİ nümayəndəsi qeyd edib ki, mötəbər beynəlxalq idman tədbiri olan və sayca 4-cü dəfə keçirilən İslam Həmrəyliyi Oyunlarının bu dəfə Bakıda təşkil edilməsi də bütün dünyanın, xüsusən İslam dünyasının diqqətini Azərbaycana cəlb edə bilər. Bu tədbir Azərbaycanda olan məzhəblərarası vəhdətin, dinlərarası birliyin, tolerantlığın dünyaya bir daha çatdırılması istiqamətində mühüm addım ola bilər.

Hacı Şahin Həsənli, ümumiyyətlə, hesab edir ki, hazırda din və məzhəb zəminində ixtilafların qızışdırıldığı bir dövrdə Azərbaycanda birlik, vəhdət, həmrəylik mövzusunun qabardılması çox vacib və əhəmiyyətlidir: "Yəqin ki, bu istiqamətdə ölkədə silsilə tədbirlər də keçiriləcək və din xadimləri də bu prosesə cəlb olunacaq. Ümumiyyətlə, Azərbaycanda əsrlər boyu mövcud olmuş İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində ciddi addımlar atılmalıdır. bütün cəmiyyət bu məsələdə səfərbər olmalıdır. Çünki hiss olunur ki, bəzi şəxslər Azərbaycanda da məzhəb zəminində hansısa ixtilaf, qarşıdurma yaratmaq niyyəti güdürlər və bəzi başqa xarici qüvvələr, başqa dövlətlər də bundan maraqlıdırlar. Amma tarixən Azərbaycanda məzhəblərin nümayəndələri arasında qardaşlıq münasibətləri olub və bu cür radikal düşüncələri ölkəmizdə, cəmiyyətimizdə yer yoxdur. Bu məsələdə bütün xalq, xüsusilə ziyalılar ayıq-sayıq olmalıdır. Bəzi insanlar da din və məzhəblə bağlı danışarkən ixtilaflara, gərginliyə səbəb olacaq məsələlərə yol verilməməsi üçün çox diqqətli olmalıdırlar".

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 10-da keçirilmiş 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi ili" elan edib.

Xatırladaq ki, 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" olmuşdu.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Yanvar, 2017  11:48 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!