إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Naxçıvan-Məşhəd dəmir yolu reyslərinin sayı artırıla bilər

Naxçıvan-Təbriz-Tehran-Məşhəd marşrutu üzrə xətlərin artırılmasının mart ayına qədər tətbiqi mümkündür.

Ötən ilin sonunda fəaliyyətə başlayan Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət qrafikinin optimallaşdırılması məsələsi nəzərdən keçirilir.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bunu "Report"a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov bildirib.

Onun sözlərinə görə, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarına hər iki ölkənin vətəndaşları tərəfindən maraq var: "Hazırda bu qatar həftədə iki dəfə hərəkət edir. Lakin bu ilin mart ayına qədər reyslərin sayının artırılması imkanlarını nəzərdən keçiririk. Bu istiqamətdə İran tərəfi ilə danışıqlar aparılır. Təkliflər sırasında Naxçıvandan qatarın gec saatlarda çıxması təklifi irəli sürülüb. Belə ki, Bakıdan Naxçıvana təyyarə ilə yola düşən sərnişin Naxçıvanda artıq vaxt sərf etmədən və ya gecələmədən birbaşa qatarla Məşhədə səfər edə bilər".

Qeyd edək ki, dekabrın 29-da Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı hərəkətə başlayıb. Sürət qatarı həftədə iki dəfə (IV və VII günləri) hərəkət edir.

Naxçıvan və Culfa stansiyalarında sərnişinlərin gömrük və sərhəd buraxılışı qeydiyyatı təşkil olunub.Biletləri Naxçıvan və Culfa dəmir yolu stansiyalarında yerləşən kassalardan (hər iki istiqamətdə) əldə etmək olar. Sürət qatarı Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd marşrutu üzrə hərəkət edir.

Naxçıvandan Məşhədə qədər gediş haqqı 40 İsveçrə frankının manata olan məzənnəsi ilə müəyyən edilir. Gediş haqqı tarifinə yataq dəstindən istifadənin dəyəri və bütün yığımlar daxildir.Əks-istiqamət üzrə də tariflər eynidir.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Yanvar, 2017  12:32 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!