إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Zakir Həsənov: Düşmənin növbəti təxribatına veriləcək cavab daha dağıdıcı və sarsıdıcı olacaq

Müdafiə Nazirliyinin rəhbərliyi artilleriyaçıların döyüş hazırlığını yoxlamaq məqsədilə ön xətdə yerləşən artilleriya hərbi hissə və bölmələrində olublar.

Ahlibeyt.az-ın müdafiə nazirliyi mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, raket və artilleriya qoşunları bölmələrinin şəxsi heyəti ilə görüşən nazirliyin rəhbərliyi vəziyyətlə yerində tanış olaraq onların döyüş hazırlığını, döyüş vəziyyətində tətbiqini, idarəetmə fəaliyyətini və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini yoxlayıblar.

Müdafiə naziri artilleriya bölmələri tərəfindən real döyüş şəraitinə uyğun tapşırıqların icrası ilə bağlı müvafiq tapşırıqlar verib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyət qarşısında çıxış edərək bildirib:

"Azərbaycanın səylərinə baxmayaraq Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin həlli istiqamətində heç bir müsbət addım atmır. Düşmənin qeyri-konstruktiv mövqeyinə görə danışıqlarda irəliləyiş əldə olunmur, beynəlxalq hüquq pozulur. Ali Baş Komandanın qeyd etdiyi kimi, Ermənistan öz çirkin taktikasını işə salaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın, vaxt uzansın. Biz buna imkan verməməliyik və bu münaqişə tezliklə həllini tapmalıdır.

Cəbhə xəttində düşmənin təxribatları davam edir və daim artmaqdadır. Ordumuz bu təxribatların qarşısını qətiyyətlə alır və daha sərt cavab tədbirləri həyata keçiriləcəkdir.

Ermənistanın nümayiş etdirdiyi raketlərin taktiki-texniki xüsusiyyətləri barədə tam məlumatımız var. Bu bölgədəki hərbi balansı düşmənin xeyrinə dəyişməyib. Biz bütün istiqamətlərdə tam üstünlüyə nail olmuşuq. Düşmən tərəfinin istifadə edə biləcəyi bir neçə qurğuya cavab olaraq isə Silahlı Qüvvələrimiz sərəncamındakı minlərlə raketlərdən, döyüş vasitələrindən cavab verməklə həmin raketləri vura bilməyə və düşmənin istənilən məsafədəki bütün hərbi infrastrukturunu məhv etməyə qadirdir. Ermənilərin həmin raketlərdən istifadə barədə səsləndirdiyi hədələr isə uydurmadan başqa bir şey deyildir.

Aprel döyüşləri qarşı tərəf üçün bir dərs olmalı idi. Lakin görünür onlar bu zərbədən nəticə çıxarmayıblar. Düşmənin növbəti təxribatına veriləcək cavab daha dağıdıcı və sarsıdıcı olacaq, onu tam məhv edəcəkdir"

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Oktyabr, 2016  14:26 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!