|
Niyə islamçılar bu oyuna gedir?Hacı Şahin Həsənli XXI əsrdə İslamın üzləşdiyi çağırışlar sadəcə olaraq müsəlman xalqalrının siyasi müqəddəratı ilə deyil, İslamın bir dünyagörüşü kimi hansı görkəm alacağı ilə bağlıdır. Müsəlman coğrafiyasında müşahidə olunan saysız-hesabsız hadisələr diqqəti bu incə və mühüm məsələdən yayındırır. Aydındır ki, Qərb, xüsusilə də ABŞ öz geosiyasi maraqlarını həyata keçirmək üçün Yaxın Şərq və Şimali Afrika regionunda vahid ssenari əsasında hazırlanmış oyun oynayır. Aydın olmayanı budur ki, niyə islamçılar bu oyuna gedirlər? Hələ XIX əsrdə müstəmləkəçiliklə mübarizə fonunda Seyid Cəmaləddin Əfqaninin başladığı hərəkat müsəlman cəmiyyətlərində ciddi oyanış yaratmışdı. Onun ideyalarını bölüşənlər də, bölüşməyənlər də etiraf etməlidirlər ki, bu hərəkat müsəlmanların ictimai şüurunda bir qığılcım yaratdı və düşüncə səmtini köklü şəkildə dəyişdi. Böyük mütəfəkkirlər abstrakt dini mövzulardan uzaqlaşıb ümmətin gələcəyi barədə düşünməyə başladılar. Bəli, fikirlər kəskin fərqlənirdi, lakin əsası o idi ki, mövzu gündəmə gəldi. Lakin müsəlman cəmiyyətlərinin hansı vasitələrlə olursa olsun müstəmləkəçiliklə mübarizəyə qalxması, hər qulaq oxşayan şüarın arxasıca getməsi və Qərbdən qaynaqlanan ideayalara etimadı ümməti daha acınacaqlı duruma saldı. Osmanlı imperiyası süqut etdi, əvəzində Qərb ölkələrinin mandatı altına düşən müstəmləkələr yarandı, islamçılara qarşı isə repressiyalar başladı. Ərəbistan yarımadasında vəhhabilik şüarı ilə dövlət quruldu, lakin dərhal vesternizasiyanı qəbul etməyən vəhhabilərə qarşı təqiblər başladı. İranda Qacarların devirilməsi monarxiyanı nəyinki aradan apardı, əksinə dinə qarşı amansız siyasətə rəvac verdi. Qafqaz və Orta Asiya isə asanlıqla kommunistlərin əlinə keçdi. İkinci dünya müharibəsindən sonra isə “müstəqillik” əldə edən bir çox müsəlman dövlətləri elə bir acınacaqlı duruma düşdü ki, ABŞ-la SSRİ-nin savaş meydanına çevirildi. Və bu savaş sadəcə olaraq inqilablar və dövlət çevirilişləri ilə özünü büruzə vermirdi. Özlərini islamçı sayan qüvvələr siyasi fəaliyyət üçün sosialist və ya liberal düşərgələrlə ittifaqı zəruri bilirdilər. Misal olaraq Taliban hərəkatını çəkmək olar: Rusiyanı Əfqanıstandan qovulması ABŞ-ın əlaltısı olmaq bahasına həyata keçdi. Sonrası da bəllidir. SSRİ süqut etdikdən sonra Qərb “mübariz dindarlar” adlandırdığı dəstələrə “islam terrorçuları” statusu verdi. Terrorla mübarizə adı altında müsəlman ölkələrinə qarşı yeni səlib yürüşü başladı. Lakin bütün bunlar müsəlmanlar üçün dərs olmadı ki, olmadı. 2010-cu ildə başlayan “ərəb baharı” yenidən müsəlman aləmini canlandırdı. Elə təəssürat yarandı ki, Qərbin müttəfiqləri olan diktatorlara qarşı mübarizə İslami oyanışa səbəb olacaq. Amma nə Tunisdə, nə Misirdə vəziyyət dəyişmədi. İslamçıların qaldırığı qiyam yenidən onların əleyhinə çevirildi. Yenidən Qərblə ittifaqa girən islamçılar köhnə hakimiyyətləri devirdilər, Qərbin yeni müttəfiqlərinin hakimiyyətə gəlməsinə şərait yaratdılar, daha sonra isə təqiblərə məruz qaldılar. İxvanul-muslimin hərəkatı və Mursinin aqibəti buun bariz nümunəsidir. Özü də maraqlıdır ki, ərəb baharı seçmə ölkələrdə qələbə çalırdı. Əgər Qərblə münasibətlərini korlamış xarizmatik Qəzzafini vəhşicəsinə öldürüb Liviyanı param-parça elədilərsə, Bəhreyndə əhalinin mütləq əksəriyyətinin narazı olduğu rejim ayaqda qaldı. Əgər dünya mətbuatında Livandakı xırda küçə davası az qala inqilabın başlanğıcı kimi təqdim olunurdusa, Yəmən hadisələri xəbərlərdə sözarası qeyd olunurdu. Suriyadakı hadisələr ümumiyyətlə insanı məttəl qoyur. Qərbyönlü müxalifət Bəşər Əsədə qarşı aksiyalara başladı. Əsədin dəstəyinə keçirilən mitinqlər göstərdi ki, liberalların bu ölkədə heç bir dayağı yoxdur və xalq ölkələrini Liviyanın vəziyyətində görmək istəmir. Diktator kartı effet verməyən zaman Əsədin heç demə qatı şiə təəssübkeşi olduğunu və sünnülərə divan tutduğu “üzə çıxdı”. Xatırlatmaq istəyirik ki, Suriya dünyanın ən tolerant və ən sekulyar ölkələrindən biri yox, birincilərindən idi. Bu ölkədə əsrlərə müxtəlif din vəməzhəblərin nümayəndələri mehribancasına yaşayırdı, dövlət ideologiyası isə solçu-millətçiliyə (bəəsçilik) əsaslanırdı. Amma bütün bunlar dünya mətbuatını Əsədi sünnü xalqın qanını içən şiə fanatiki kimi təqdim etməsinə mane olmadı. Oxşar oyun İraqda da oynanıldı. Vitse-prezident Tariq Haşimin “ölüm eskadronları” təşkil etdiyinə görə həbs təhlükəsi ilə üzləşməsi İraq dövlətinin məhzəbşilik siyasəti kimi təqdim olundu. Nəticə də bəllidir. Bu ölkələrdə Qərbə bağlı müxalifət sosial bazaya malik olmadığı üçün, meydan təkfirçilərin ixtiyarına verildi. Dünyanın dörd bir yanından radikallar Suriya ilə İraqa axışaraq İŞİD kimi bir canavarı dünyaya gətirdilər. İraqın da, Suriyanın da vəziyyəti göz qabağında. Qərb bir daha sübut etdi ki, insanların taleyi onun üçün əhəmiyyətsizdir, istənilən vaxt xalqların taleyini siyasi alış-veriş üçün istifadə etmək olar. Bakıda keçirilən Azərbaycan, Rusiya və İran dövlət başçılarının sammiti təbii ki, Qərbi narahat etdi. Xüsusən, həmin saamitdə irəli sürülən tezislər və planlar nəinki regionun, bütün dünyanın siyasətində dönüş nöqtəsi yarada bilərdi. Bu isə Azərbaycanın bir dövlət olaraq beynəlxalq siyasətdə hansı çəkidə olduğunu göstərdi və ABŞ-ın hərəkətə keçməsini zəruriləşdirdi. Təbii ki, Vaşinqton Azərbaycanın tamamilə onun maraqlarına uyğun davranması arzusunda idi. Bakı ilə ultimatum dilində danışa bilməyən ABŞ siyasi şantaja əl atmalı, bunun üçün isə ölkədaxilində öz gücünü göstərməli idi. Təsdüfi deyil ki, bu hadisələr fonunda Azərbaycanda qərbyönlü müxalifət canlandı. Son iyirmi ildə müxalifətin keçirdiyi aksiyalar onu göstərdi ki, qərbin siyasi ideyaları ölkəmizdə keçərli deyil və müxalifət ölkədəki duruma təsir edə bilmir. Bu səbəbdən özünə ciddi baza toplaya bilməyən qərbyönlü müxalifət islamçılarla ittifaq yaratmaq arzusuna düşdü. Daha doğrusu Qərb ölkələrinin xüsusi xidmət orqanları bu planı hazırladı. Unutmayaq ki, 1992-ci idlə Xalq Cəbhəsinin hakimiyyətə gəlməsində “Ya Hüseyn” şüarları ilə qalxan bir sıra Bakı kəndlərinin də rolu olub. Lakin qısa müddətdən sonra Əbülfəz Elçibəy hakimiyyəti Heydər Əliyevə təhvil verdi və AXC hakimiyyəti süqut etdi. Xalq Cəbhəsinin siyasi kursu və din siyasəti birdəfəlik olaraq İmam Hüseyn (ə) davamçıları ilə onun yollarını ayırdı. Aydındır ki, Hüseynin (ə) bayrağı heç zaman ulduzlu-zolaqlı bayraqla yanaşı dalğalanmayacaq, Hüseynin (ə) əzadarı isə heç zaman Sem əmiyə nökərlik etməyəcək. Bu gün Xalq Cəbhəsinin aksiyalarında Aşura şüarlarının səsləndirilməsi müqəddəs Kərbəla məktəbini gözdən sala bilər və heç bir vəchlə buna imkan vermək olmaz. Əslində, mövcud hakimiyyət həmişə ABŞ-la normal münasibətdə olub və onun səriştəsiz siyasi qüvvə ilə əvəz olunması ümumiyyətlə Qərbin marağında deyil. Hər hansı bir fikir ayrılığı yarandığı zaman isə, həmişə ümumi dil tapılır və Azərbaycan hakimiyyəti ilə təhdid dili ilə danışmaq heç bir effekt vermir. Bəllidir ki, islamçıları Azərbaycanda hakimiyyət dəyişikliyi üçün deyil, Azərbaycan iqtidarına təzyiq göstərmək və siyasi bazarlıq üçün istifadə etmək istəyirdilər. Özü də, məhz məzhəbçilik nöqtəsinə toxunaraq, şiələrin qərbyönümlü müxalifəti dəstəklədikləri görüntüsü yaratmağa çalışdılar. Aydındır ki, məqsəd islamçılardan iqtidarı hədələmək üçün bir dəyənək kimi istifadə etmək, istifadədən sonra isə müəyyən dividentlər müqabilində satmaqdır. Bu məsələdə müxalifətin itirəcək bir şeyi yoxdur. İtirən isə din və dindarlar olacaq. Daha dəqiq desək, dindarlar mənasız əziyyətlərə qatlaşmalı olacaq, bunun zərbəsi isə dinə dəyəcək. Cek Londonun dediyi kimi, “dünya xalqlarının göz yaşı ABŞ üçün brillianta çevirilir”. Mənbə: Qafqazinfo.az Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Oktyabr, 2016 10:32 ⁄ Çap
Bu bölmədə9 Noyabr, 2024 Azərbaycanda Dövlət Bayrağı Günüdür20 Sentyabr, 2024 20 Sentyabr - Azərbaycanda Dövlət Suverenliyi Günüdür16 İyun, 2024 Qurban bayramınız mübarək 15 İyun, 2024 Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |