إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu gün Mübahilə günüdür - Günün əməlləri

“(İsanın haqqında) sənə göndərilən elmdən sonra, (yenə də) səninlə mübahisə edənlər olsa, onlara de ki: Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə edib yalançılara Allahın lənət etməsini istəyək!” (Ali-İmran 61)

Bu gün hicri-qəməri tarixi ilə Zil-Hiccə ayının 24-ü Mübahilə günüdür

Mübahilə gününü İslam dininin qələbəsi də adlandırmaq olar. Hər bir müsəlman bu günü bilməli, bu gündə baş verən hadisədən xəbərdar olmalıdır.

Bu gün müsəlmanların düşmənləri üzərində olan qələbələrindəndir. İslamın haqq din olduğu, Peyğəmbərin(s) haqq olaraq göndərildiyi məhz bu gün bir daha həm müsəlmanlara və həm də, Nəcran məsihilərinə sübut olunmuşdur. Bu gün həm də, Peyğəmbər(s) Əhli-Beytinin(ə) kimlərdən ibarət olduğu bir daha aşkarlanmışdır. Əhli-Beytin(ə) mübarəkliyi, üstünlüyü, məqam və mənziləti, imanı, Peyğəmbərdən(s) sonra rəhbərliyə onların layiq olduğu bu gündə bir daha öz təsdiqini tapır. Bunu Qurani-Kərimdə olan ayə də təsdiqləyir.

Tarixdə qeyd olunur ki, hicriətin 10-cu ilində, Nəcran məsihiləri Hz.Məhəmmədlə(s) mübahisə etmək üçün öz böyüklərindən və alimlərindən ibarət bir heyəti Mədinə şəhərinə göndərirlər. Bu heyət Hz.Rəsuli-Əkrəmlə(s) mübahisə edir və tutarlı dəlillərlə, aşkar höccətlərlə üzləşmələrinə rəğmən, yenə də, İslamın haqq din olduğunu, Peyğəmbərin(s) peyğəmbərliyini qəbul etmirlər və Hz.İsanın(ə) Allahın oğlu deyil, bir peyğəmbər olduğunu qəbul etmirlər.

Peyğəmbərin(s) dəlilləri müqabilində  təəssübkeşlik edən məsihilər barədə Hz.Rəsuləllaha(s)  ayə nazil olur: “(İsanın haqqında) sənə göndərilən elmdən sonra, (yenə də) səninlə mübahisə edənlər olsa, onlara de ki: «Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə (qarğış) edib yalançılara Allahın lənət etməsini istəyək!”. (Ali-İmran surəsu, 61) Bu ayə tarixə “Mübahilə” ayəsi kimi düşüb.

Peyğəmbər(s) məsihilərə bu təklifi verdikdə, onlar möhlət istədilər və Peyğəmbər(s) razılaşdı. Məsihilər belə qərara gəldilər ki, əgər Peyğəmbər(s) bir ordu ilə gəlsə, mübahiləyə razılaşsınlar. Yox əgər öz yaxınları ilə gəlsə, çəkinsinlər. Zilhiccə ayının 24-ü təyin olunmuş vaxtda Hz.Peyğəmbər(s) iki uşaqla, bir gənclə və bir qadınla gəlir. Bununla Hz.Rəsuləllah(s) Allahın tapşırığına əməl etmiş olur. Ayədəki “oğlanlarımız” kəlməsindən məqsəd Həsən(ə) və Huseyn(ə), “qadınlarımız” kəlməsindən məqsəd Xanım Fatimeyi-Zəhra(s.ə.), Peyğəmbərin(s) özü kimi təqdim edilən şəxs isə Hz.Əlidir(ə).

Peyğəmbərin(s) Əhli-Beyti(ə) Əli(ə) Fatimə(s.ə), Həsən(ə) və Huseyndən(ə) ibarətdir.  Və ayədəki “qadınlarımız” ifadəsi onu göstərir ki, Peyğəmbər(s) Əhli-Beytinə(ə) daxil olan yeganə qadın Hz.Fatimədir(s.ə). Digər cəhətdən “özlərimiz” ifadəsinin işlənməsi və Peyğəmbərin(s) özü ilə Hz.Əlini(ə) gətirməsi bu iki şəxsin bir can kimi olduğunu göstərir. Ayədəki “oğullarımız” ifadəsi isə İmam Həsənlə(ə) İmam Hüseynin(ə) Peyğəmbərin(s) balaları, nəslinin davamçıları olduğuna işarə edir.

İlk öncə Peyğəmbər(s) buyurur: “Mən dua edim, siz “amin” deyin.” Xristianların başçısı isə: “Ey məsihilər! Mən elə nurlu çöhrələr görürəm ki, əgər, onlar Allahdan bir dağın məhv olmasını istəsələr, Allah bunu edər. Əgər, onlarla mübahilə etsəniz həlak olarsınız və yer üzündə bircə nəfər belə məsihi qalmaz!”. Beləliklə də məsihilər mübahilə etməkdən imtina edir və məğlub olurlar. Vergi verməklə İslam dövlətinin himayəsində və öz dinlərində qaldılar.

Bu hadisə İslamın haqq din olduğunu, Peyğəmbərin(s) haqq peyğəmbər olduğunu bir daha təsdiqlədi və məsihilər də, bunu etiraf etdilər.

Hz.İmam Sadiq(ə) Mübahilə gününün tarixçəsi barədə buyurur: "Nəcran xaçpərəstləri öz başçı, canişin və... ilə Hz.Rəsuləllahın(s) yanına gəlib dedilər: "Bizi nəyə dəvət edirsən?" Peyğəmbər buyurdu: "Allahdan başqa bir tanrının olmamasına, mənim Allahın elçisi olmağıma və İsanın Allahın yeyib-içən və ifrazat xaric olan... yaradılmış bir bəndəsi olmasına şəhadət verməyə... Buna görə də mənimlə mübahilə edin! Əgər mən doğru danışanamsa Lənət və nifrin sizi tutacaq və əgər yalançı olsam Lənət və nifrin məni tutacaq". Dedilər: "Ədalətli qərardır. Sonra mübahilə üçün vaxt təyin etdilər.". Onlar evlərinə qayıdandan sonra böyükləri dedi: "Əgər o, mübahiləyə öz qövmü ilə gəlsə onunla mübahilə edərik."Əgər belə olsa, o, peyğəmbər deyil. Amma mübahiləyə yalnız ailəsi ilə gəlsə onunla mübahilə etmərik. Çünki əgər ailəsini təhlükəyə atırsa deməli doğrudan da düz deyir. Səhər açılandan sonra Peyğəmbərin(s) yanına gəldilər. Gördülər ki, Hz.Əli(ə), Hz.Fatimə(s.ə), Hz.İmam Həsən(ə) və Hz.İmam hüseyn(ə) onun yanındadırlar. Onlar qorxdular və Peyğəmbərə (s) dedilər: "Səninlə razılaşırıq, bizi mübahilə etməkdə üzürlü bil". Beləliklə, Allahın Peyğəmbəri(s) cizyə əsasında onlarla razılaşdı və onlar dağılışıb getdilər"

İslam alimlərinin hamısının bu tarixi hadisəyə və Quran ayəsinə olan yekdil mövqeyini qeyd etmək istərdik ki, bu mövqe Əhli-Beytdən(ə) məqsədin kimlər olduğu aydınlaşır. Alimlər bildirirlər ki, ayədəki “oğlanlarımız” kəlməsindən məqsəd Hz.Həsən(ə) və Hz.Huseyn(ə), “qadınlarımız” kəlməsindən məqsəd Xanım Fatimeyi-Zəhra(s.ə) Peyğəmbərin(s) özü kimi təqdim edilən şəxs isə – Hz.Əlidir(ə) Yəni Əhli-Beytə(ə) bəzilərinin dediyi kimi Hz.Rəsuləllahın(s) xanımları daxil deyillər. Çünki əgər daxil olsaydılar, onlar da Mübahilə hadisəsində iştirak etmiş olardılar. Halbuki bu hadisə iştirak edənlər yəni Əhli-Beyt(ə) bu şəxslərdirlər: "Hz.Rəsuləllah, Hz.Əli(ə), Xanım Zəhra(s.ə), İmam Həsən(ə) və İmam Hüseyn(ə).

Bu günün bir neçə əməli var

1. Zöhr namazından sonra Qüsl etmək.

2. Oruc tutmaq.

3. 2 rikət namaz qılmaq. Namaz Zöhr azanından yarım saat sonra qüsl etdikdən sonra qılınır. Qılınma qaydası belədir: Hər rikətdə Həmd surəsindən sonra 10 dəfə İxlas, 10 dəfə, Ayətəl-Kürsi və 10 dəfə Qədr surəsi oxunur.

4. Sədəqə vermək.

5. Hz.Əlini(ə) ziyarət etmək.

6. Camee ziyarətini oxumaq.

Daha ətraflı məlumat üçün Məfatihul-Cinan kitabına müraciət edin.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Sentyabr, 2016  12:21 Çap

Bu bölmədə

Xəbər lenti















© 2017 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
CMS Danneo
© Saytı düzəldib: 313wb.com