إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

5 saylı cəzaçəkmə müəssisəsində dini-marifləndirici tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Penitensiar Xidmətin birgə təşkilatçılığı ilə səlyan rayonunda yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində “İslam dünyası: təriqətçilikdən vəhdətə doğru” mövzusunda tədbir keçirilib.

Ahlibeyt.az-ın Dini Komitənin mətbuat xidmətinə istinadən məlumatına görə,tədbirdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov iştirak edib.

Tədbirdə çıxış edən Dövlət Komitəsinin əməkdaşı Nahid Məmmədov son illərdə dünyanı narahat edən dini ekstremizmin yaranma səbəbləri barədə məlumat verərək bildirib ki, bu problem təkcə bu günün deyil, tarixin müxtəlif dönəmlərində meydana gələrək  varlığını sürdürən dini radikal təzahürlərin meydana gətirdiyi bəladır. Dini zəmində baş verən bütün münaqişələrin kökündə əslində dünya maraqlarının dayandığını, həmçinin bu maraqların siyasi müstəvidə həll edilərkən dindən sadəcə alət kimi istifadə edildiyini, dindarların heysiyyatının istismar edildiyini bildirib. Emosiyalara qatılan, macəra axtaran, məntiqlə düşünə bilməyənlər insanlar isə bu böyük oyunlarda sadəcə qurbana çevrildiyini bilmirdilər.

N.Məmmədovun sözlərinə görə əslində münaqişələrdə dindən istifadə etmək üçün baş vurulan metodlar demək olar ki, dəyişməyib. Bu metodların ən uğurlusu isə məzhəbçilik, təriqətçilik zəminində bölücülüyü dərinləşdirməklə, insanların məzhəbi zəmində bir-birilərinə qarşı nifrət hissini oyatmaqdır. Dünyada dini zəmində baş verən münaqişələrin kökündə məhz məzhəb ayrı - seçkiliyinin durduğu açıq görünməkdədir.

Çıxış edən digər natiqlər bildiriblər ki, Azərbaycanda bütün dinlərin və məzhəblərin nümayəndələrinin sərbəst şəkildə öz əqidələrini yaşadıqlarını və bunun üçün dövlət tərəfindən lazımi şəraitin yaradıldığını bildirib. Əsrlər boyu din və məzhəb ayrı - seçkiliyinə yol vermədən birlikdə yaşamağı bacaran xalqımız bu ənənəni hal-hazırda da inkişaf etdirir. Həmçinin bütün dünyada olduğu kimi Azərbaycanda da dini ekstremizmin az da olsa təzühürləri mövcud olduğunu, bəzi radikal qüvvələrin ölkəmizdə məzhəbi zəmində qarşıdurma yaratmağa, xalqımızın birliyini pozmağa, dini ektremist görüşləri yaymaq kimi cəhdlər etdiyini qeyd ediblər.

Lakin təhlükəsizliyi təhdid edən istənilən cəhdlərin qarşısı müvafiq orqanlar tərəfindən vaxtında alınır. Cəzaçəkmə müəssisələrindəki vətəndaşların da bu istiqamətdə diqqətli olmaları tövsiyə edilib. Tövsiyə edilib ki, vəhdəti qorumaq, münaqişələrdən uzaq olmaq və ən əsası layiqli vətəndaş kimi cəmiyyətə və ailəsinin yanına geri dönmək məhkumların əsas prioriteti olmalıdır. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və Dövlət Komitəsinin nəşrləri olan müxtəlif ədəbiyyatlar hədiyyə edilib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 İyul, 2016  13:45 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!