|
Bu gün Həzrət Əlinin (ə) zərbətləndiyi gündürHicrətin 40-cı ili Ramazan ayının 19-da Kufə məscidində sübh namazı vaxtı Əbdürrəhman ibn Mulcəm(l.ə.) müsəlmanların birinci imamı Həzrət Əlini(ə)zəhərli qılncla zərbətləndi Hicri 40-cı il, mübarək ramazan ayının ikinci yarısında həzrət Əli (ə) bir xütbə ilə döyüşçülərin qəlbini riqqətə gətirib, onları Şama doğru hərəkət üçün hazırladı. Amma təqdir onun üçün başqa bir tale müəyyənləşdirmişdi. Xəvaric fərariləri Məkkəni özləri üçün əməliyyat mərkəzi seçmişdilər. Əbdürrəhman ibn Mülcəm, Bərk ibn Abdullah və Əmr ibn Bəkr adlı üç xəvaric bir gecə əyləşib müsəlmanların keçmişi haqqında söhbət edirdilər. Söhbətin sonunda onlar belə bir qərara gəldilər ki, tökülən qanlarda Müaviyə, Əmr As və Əli (ə) günahkardır. Onların fikrinə görə əgər bu üç şəxs aradan götürülərdisə, müsəlmanlar rahatlığa çıxardılar. Nəhayət, həmin üç xəvaric belə bir razılığa gəlib and içdilər ki, hərəsi həmin üç şəxsdən birini öldürsün. İbn Mülcəm həzrət Əlini (ə), Əmr ibn Bəkr Əmr Ası, Bərk ibn Abdullah isə Müaviyəni öldürməyi öhdəyə götürdü. Onlar qılınclarına öldürücü zəhər çəkib qərarlarını həyata keçirmək üçün ramazan ayının on doqquzuncu gecəsini seçdilər. Hərə öz vəzifəsini icra etmək üçün yola düşdü. Əmr ibn Bəkr Misirə, Bərk ibn Abdullah Şama, İbn Mülcəm isə Kufəyə getdi. Bərk ibn Abdullah qədr gecəsi Şam məscidində səcdəyə getmiş Müaviyəni yalnız yaralaya bildi. Əmr ibn Bəkr də öz növbəsində gecə yarı Misirdə məscidə gedib, öz məqsədini həyata keçirmək istədi. Amma Əmr As şiddətli qızdırma içində olduğundan məscidə gələ bilmədi və oğlunun məsləhəti ilə şəhər qazisini camaat namazına göndərdi. Namaz başladıqdan sonra birinci rəkətdə qazi səcdəyə gedərkən Əmr ibn Bəkr bir zərbə ilə onu qətlə yetirdi. Məsciddə hay-küy qopdu. Namaz yarıda qaldı, qatil misirlilərin əlinə keçdi. Camaat onu Əmr Asın ağır əzabları ilə qorxutduqları vaxt Əmr ibn Bəkr təəccüblə soruşdu: «Məgər Əmr As ölməyib?» Camaat ona bildirdi ki, onun öldürdüyü şəhər qazisi olub. Əbdürrəhman ibn Mülcəm isə Həzrət əlini qətlə yetirmək üçün hicri qırxıncı il şə’ban ayının axırlarında Kufəyə çatdı. Kimsə onun məqsədindən xəbərdar deyildi. İbn-Mülcəm tanışlarından birinin evində qalıb, mübarək ramazan ayının on doqquzuncu gecəsini gözləməyə başladı. Bir gün dostlarından birinin görüşünə gedərkən orada Qutam adlı gözəl bir qadınla rastlaşdı. Bu qadının atası və qardaşı Nəhrəvan döyüşündə öldürülmüşdü. İbn-Mülcəm Qutama evlənmə təklifi etdi. Qutam dedi: «Mənə mehriyyə nə verəcəksən?» İbn-Mülcəm dedi: «Hər nə istəsən». Qutam dedi: «Mənim mehriyyəm üç min dirhəm pul, bir kəniz, bir qulam və Əli ibn Əbu-Talibin qanıdır». İbn Mülcəm onun şərtlərini qəbul etdi və Kufəyə məhz Həzrət Əlini qətlə yetirmək üçün gəldiyini açıqladı. Qutam İbn-Mülcəmi öz qəbiləsindən olan xəvaric əqidəli Vərdan ibn Məcalidin yanına göndərdi. Vərdan Qutamın istəyini yerinə yetirəcəyinə söz verdi. İbn-Mülcəm özü də Əşcəə qəbiləsindən olan Şəbib adlı xəvarici köməkçi götürdü. Onlar öz məqsədlərindən Siffeyn döyüşündə həzrət Əlini sülhə məcbur etmiş Əş’əs ibn Qeysi də xəbərdar etdilər. Əş’əs söz verdi ki, nəzərdə tutlmuş vaxt o da məsciddə olacaq. Nəhayət mübarək ramazan ayının on doqquzuncu gecəsi çatdı. İbn-Mülcəm öz yoldaşları ilə məscidə gəlib həzrət Əlini (ə) gözləməyə başladı. Həzrət Əli (ə) öz şəhadətindən xəbərdar idi. O, mübarək ramazan günlərindən birində minbərdə ikən əlini saqqalına çəkərək buyurdu: «İnsanların ən zalımı bu tükləri başımın qanına boyayacaq». Buna görə də həzrət ömrünün son günlərini övladlarından birinin yanında keçirirdi. Şəhadət gecəsi isə qızı Ümmü-Gülsümün qonağı idi. İftar zamanı üç tikə yemək yedi. Sonra ibadətə durdu. Həzrət gecədən sübhədək təşviş içində oldu. Bə’zən səmaya baxıb ulduzları seyr edirdi. Sübh çağı yaxınlaşdıqca həzrətin narahatlığı da artırdı. Belə ki, Ümmü-Gülsüm ondan soruşdu: «Atacan, nə üçün bu gecə bir belə narahatsan?» Həzrət buyurdu: «Qızım, mən bütün ömrümü döyüş səhnəsində keçirmiş, adlı-sanlı pəhləvanlarla mübarizə aparmışam. Belə şeylərdən qorxmuram. Amma hiss edirəm ki, haqla görüş məqamı yaxındadır». Nəhayət gecə başa çatdı. Evdə yuva qurmuş quşlar evdən çıxmaq istəyən həzrətin qədəmləri önündə qanad çalaraq, sanki onu getməkdən çəkindirmək istəyirdilər. Həzrət buyurdu: «Bu quşların səs-küyünün ardınca növhə avazları ucalacaq». Həzrətin sözləri Ümmü-Gülsümü pərişan etdi. O, atasına belə dedi: «Yaxşı olar ki, tək getməyəsən». Həzrət buyurdu: «Əgər bəla yer bəlası olsa, mən təklikdə onu dəf etməyə qadirəm. Əgər bu səmanın qəzavü-qədəridirsə, hökmən yerinə yetməlidir». Həzrət məscidə üz tutdu. Dama çıxıb sübh azanını e’lan etdi. Sonra məscidə daxil oldu. Yatanları oyatdı. Sonra mehraba yaxınlaşdı. Sübh nafilə namazına durdu. Səcdəyə getdiyi vaxt Əbdürrəhman ibn Mülcəm zəhərli qılıncı ilə həzrətin mübarək başına bir zərbə vurdu. İbn-Mülcəmin zərbəsi bir vaxt Əmr ibn Əbdüvədin vurduğu zərbənin yerinə düşdü. Həzrətin başı alnınadək yarıldı. İbn-Mülcəm və yoldaşları dərhal qaçdılar. Həzrət Əlinin (ə) mübarək başından qan axmağa başladı. Onun şərif saqqalı başının qanına boyandı. Həzrət buyurdu: «And olsun Kə’bənin Allahına, qurtuldum». Sonra həzrət bu ayəni tilavət etdi: «Sizi torpaqdan yaratdım və torpağa qaytararam. Sonra yenidən torpaqdan qaldıraram». Bu vaxt həzrət Cəbrailin yer ilə göy arasından nida çəkdiyini eşitdi: «And olsun Allaha, hidayət sütunları uçuldu, təqva nişanələri məhv oldu, xaliqlə məxluq arasındakı ən möhkəm bağ qırıldı. Peyğəmbərin əmisi oğlu öldürüldü. Həzrət Əli (ə) şəhadətə çatdı. Ən zalımların ən bədbəxti onu şəhid etdi». Məsciddə hay-küy qopdu. Həsən və Hüseyn evdən məscidə qaçdılar. Bir qrup adam da İbn-Mülcəmin ardınca gedib onu tutdu. Həsən və Hüseyn haşimilərin köməyi ilə həzrəti kilimin üstünə qoyub evə gətirdilər. Dərhal həkim ardınca adam getdi. Həkim gəldikdən sonra yaranı müayinə edib yaranın sağalmaz olduğunu bildirdi. Çünki həzrətin vurulduğu qılınca zəhər çəkilmişdi.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 May, 2021 10:00 ⁄ Çap
Bu bölmədə7 Noyabr, 2024 Bu gün Xanım Zeynəbin (s.ə) mübarək mövlud günüdür14 Oktyabr, 2024 Bu gün xanım Fatimeyi-Məsumənin (s.ə) vəfat günüdür.12 Oktyabr, 2024 Bu gün İmam Həsən Əsgərinin (ə) mübarək mövlud günüdür21 Sentyabr, 2024 Bu gün əziz İslam peyğəmbəri Hz.Məhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günüdür20 Sentyabr, 2024 Bu axşam Rəbiul-əvvəl ayının 17-si daxil olur - Günün əməlləri |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |